Sabir Rüstəmxanlı İrandan gələn azərbaycanlı tələbələrlə bağlı Baş nazirə müraciət edib

“Nəzərə alsaq ki, güney azərbaycanlılar yaşadıqları ölkədə öz dil, musiqi, tarix və ədəbiyyatları haqqında akademik təhsil ala bilmirlər, buna imkanları yoxdur, bu məsələnin necə həyati əhəmiyyət kəsb etdiyi daha da aydın olur”.

Source: google.az


"Güney azərbaycanlı tələbələrin bir çoxu təhsillərini yarımçıq qoyaraq geri dönürlər"

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı İran İslam Respublikasından olan azərbaycanlı tələbələrin problemlərinin həlli ilə bağlı Baş nazir Əli Əsədova müraciət edib.

Bu barədə partiya sədrinin müavini Samir Əsədli Meydan TV-yə açıqlama verib.

Onun sözlərinə görə, deputat bildirib ki, Güney Azərbaycandan olan gənclər ali təhsil almaq üçün Azərbaycana üz tutur.

Onların Azərbaycan univetsitetlərində təhsil alması, sadəcə, öyrənmək məqsədi daşımır, həm də mədəniyyəti qorumaq üçündür: “Nəzərə alsaq ki, güney azərbaycanlılar yaşadıqları ölkədə öz dil, musiqi, tarix və ədəbiyyatları haqqında akademik təhsil ala bilmirlər, buna imkanları yoxdur, bu məsələnin necə həyati əhəmiyyət kəsb etdiyi daha da aydın olur”.

Sabir Rüstəmxanlı Baş nazirə müraciətində tələbələrin problemlərini göstərərək Azərbaycan Respublikasının güney azərbaycanlı tələbələr üçün ali təhsil şərtlərinə güzəşt edilməsinin vacibliyini bildirib: “Son illərdə Azərbaycan universitetlərində təhsil alan güney azərbaycanlı tələbələrin bir çoxu təhsillərini yarımçıq qoyaraq geri dönür. Bunun da əsas səbəbi İranda iqtisadi vəziyyətin pisləşməsi və İran valyutasının dəyərdən düşməsi nəticəsində təhsil haqlarını ödəyə bilməmələridir. Azərbaycan Respublikasında təhsil alan güneyli tələbələrin problemlərinə dövlət səviyyəsində diqqət göstərilməli və onlar təhsil haqlarından azad edilməlidirlər. Bu xalqımızın gələcəyi ilə bağlı çox böyük milli məsələdir və bu işə dövlətimizin dəstəyi bizim tarixi borcumuzdur”.

Son illər İrandakı iqtisadi vəziyyətin pisləşməsi və valyutanın dəyərdən düşməsi ilə Bakıda oxuyan İran azərbaycanlıları maddi çətinlik içində qalıblar. Tələbələrin arasında təhsilini davam etdirə bilməyib İrana dönənlər də var. https://www.meydan.tv/az/article/o-taydan-bu-taya-musiqi-arxasinca-gelenler/?ref=homepage-video-reportage

Sentyabrın 5-də dünyanın müxtəlif yerlərində faəliyyət göstərən 40-dan çox Azərbaycan dərnəyi hökumətə birgə müraciət ünvanlayıb. Mətndə İranda yaşayan azərbaycanlı tələbələrin təhsil haqqından azad olunmaları istənilir.

Təhsil Nazirliyinin əməkdaşı bu məsələnin geniş müzakirə tələb etdiyini, indiki halda cavab verə bilməyəcəklərini deyib. Meydan TV-nin Nazirlər Kabinetinə etdiyi zənglər cavabsız qalıb.

Ana səhifəSiyasətSabir Rüstəmxanlı İrandan gələn azərbaycanlı tələbələrlə bağlı Baş nazirə müraciət edib