Sabiq səfirin qızı: Gözəgörünməz bir qüvvə atamın ölməsi üçün çalışır

“Atamı həyata qaytarmağınızı, bu ağır, həqiqətlə əlaqəsi olmayan, ədalətsiz ittihamlar altında ölməsinə izn verməməyinizi dönə-dənə xahiş edirəm!”

Eldar Həsənov, Foto: Meydan TV


"Mən istisna etmirəm ki, atam hansısa səhvə, yanlışlığa yol versin"

Hazırda həbsdə olan sabiq Baş prokuror və səfir Eldar Həsənovun qızı Səbinə Hüseynova I vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Səbinə Hüseynova qeyd edib ki, atasının səhhətin ağırdır və o, bir neçə dəfə məhkəmə prosesində huşunu itirib: "Onun üçün təcili yardım çağırılır və süni tənəffüs aparatına qoşulur. Onu yalnız bir neçə saatdan sonra həkimlərin səyi ilə özünə gətirir, ancaq yenə də təcridxanaya aparır, 3 gündən sonra yenidən məhkəmə önünə çıxarırlar. Yenə də huşu özündən gedənə qədər ifadə verməyə məcbur edirlər və eyni proses təkrarlanır. Hər zaman qürur yerimiz olan, mətin, iradəli atamı bu vəziyyətdə görməkdən, dəfələrlə huşunun gedib yıxılmağına dözməkdən dəhşətli heç nə təsəvvür etmirəm. Mən uşaqlıqdan atamı mərd, ləyaqətli, ölümdən belə qorxmayan, vətənpərvər və fədakar insan kimi tanıyıram. Əminliklə deyirəm ki, onun heç bir günahı yoxdur. O, nə Azərbaycanın, nə Prezident İlham Əliyevin əleyhinə iş görüb. Əminəm ki, ortada bir yanlış anlaşılma var. Atamla bağlı yalan, saxta, qondarma ittihamlar təşkil olunub – bunlar həqiqət ola bilməz. Ona görə də atam həbs olunduğu ilk gündən ittihamları qəbul etmir, özünü təqsirsiz saydığını bəyan edir. Mən əminəm ki, onun zərrə qədər günahı, səhvi olsaydı, bunu kişi kimi etiraf edər, Prezident İlham Əliyevdən və Azərbaycan xalqından üzr istəyərdi".


"Atamın məktublarının Prezidentə çatmasına maneə yaradırlar"

Səbinə Hüseynova daha sonra yazır ki, atasının səfir olduğu 4 ölkədən 2-si Xocalı soyqırımını tanıyıb: "Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Prezident İlham Əliyevin xarici siyasətindən irəli gələn vəzifələri bir diplomat kimi uğurla həyata keçirib. Səfir olduğu ölkələrdən 2-də ulu öndər Heydər Əliyevə abidə ucaldıb. Buxarest şəhərində 3 xarici dövlət adamının heykəli var: Şarl de Qoll, Mustafa Kamal Atatürk və böyük Heydər Əliyevin! Və bütün bunları sonsuz sevgi və sayğı ilə edib. İndi mənə çox ağır və dözülməzdir ki, bu cür fədakarca xidmətləri olan, səhhəti ilə bağlı ağır durumda olan 66 yaşlı atam ədalətsizliklə üzləşib və köməksiz vəziyyətdədir. Halbuki o, həmişə Prezident İlham Əliyevi özünə lider və qardaş sayıb. Ona son dərəcə bağlı və sədaqətli olub. İndi onun məktublarının, müraciətlərinin belə İlham Əliyevə çatdırılmasına mane olurlar, hər vəchlə qarşısını alırlar. Mənim şübhəm yoxdur ki, Prezident həmin müraciətlərlə tanış olsa, oxusa, atamın günahsızlığına, ona və dövlətimizə sadiqliyinə özü də əmin olar".


"DTX-nin Hospitalında atamın müalicəsi yarımçıq dayandırıldı"

Müraciətdə qeyd olunub ki, ağır ittihamlarla istintaqa cəlb edilən Xarici İşlər Nazirliyinin rəhbər şəxsləri bir müddətdən sonra ev dustaqlığına çıxıb: "Ancaq eyni ittihamlarla suçlanan atamın çox ağır xəstə olmasına baxmayaraq, ev dustaqlığına çıxmasına və normal müalicə almasına imkan verilmir. Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalında atamın müalicəsi yarımçıq dayandırılaraq yenidən təcridxanaya qaytarılır. Sanki gözəgörünməz bir qüvvə atamın təcridxana və ya məhkəmə zalında bu gərginliyə dözməyib, ölməsi üçün çalışır".


"Heç bir sənədləşmədə, maliyyə əməliyyatlarında onun imzası yoxdur"

Səbinə Hüseynova deyir ki, atasına qarşı irəli sürülən ittihamlar sübut olunmayıb: "Bircə şahid yoxdur desin ki, Eldar Həsənov kimdənsə rüşvət alıb və ya korrupsiya ilə məşğul olub; heç bir sənədləşmədə, maliyyə əməliyyatlarında onun imzası yoxdur, çünki o işləri səfirlik aparmayıb və bunu məhkəmə prosesində də dəfələrlə deyib, məhkəmədən bununla bağlı bircə faktın təqdim edilməsini istəyib, ancaq ittiham tərəfi sübut verə bilməyib. Mən istisna etmirəm ki, atam hansısa səhvə, yanlışlığa yol versin. Hər kəs səhv edə bilər. Ancaq insanın bilmədən etdiyi hansısa bir yanlışın cəzası belə ağır ola bilərmi? İnsan yalnız xəyanətin, nankorluğun, satqınlığın cəzasını canı ilə ödəyə bilər. Mənim atam isə liderinə bütün düşüncəsi, əməli və canı ilə bağlı olan şəxsdir. Atam hər zaman bizi də belə tərbiyə edib – sədaqətli, güvənilən biri olmaq atamdan bizə keçən tərbiyədir. Bəs, atama – diplomat, hüquq elmləri doktoru, professor, yüzlərlə məqalənin, 28 kitabın müəllifinə, BDU da daxil olmaqla, dünyanın bir çox aparıcı unuversitetlərinin Hüquq fakültəsinin tələbələrinin dərs keçdiyi kitabların müəllifinə, dövlətə, vətənə və liderinə hər zaman sədaqətli olan dövlət xadiminə bu münasibətin səbəbi nədir?".

eldar-qizi.jpg
Eldar Həsənov və Səbinə Hüseynova


"İndi Kəlbəcər azadlıqdadır, atam həbsxanadadır"

"Mənim üçün çox ağrılıdır ki, atam doğulub boya-başa çatdığı yurd yeri Kəlbəcərin işğaldan azad olunması xəbərini məhbəsdə qarşıladı. Halbuki o, bu xəbəri düz 28 il necə səbirsizliklə gözləyib, yaxşı bilirəm. İndi Kəlbəcər azadlıqdadır, atam həbsxanadadır. O, Kəlbəcəri görməyə bilər, ölüm ayağındadır. Hər an həyatını itirə bilər. Həbs olunana qədər 7 dəfə əməliyyat olunan, ağır xəstəliklərdən əziyyət çəkən, təcili ürək əməliyyatı diaqnozu qoyulan, paroksizmal vertiqo kimi ağır xəstəliyə tutulan atamı xilas etmək üçün bir daha sizə üz tuturam. Atamı həyata qaytarmağınızı, bu ağır, həqiqətlə əlaqəsi olmayan, ədalətsiz ittihamlar altında ölməsinə izn verməməyinizi dönə-dənə xahiş edirəm!”, – deyə Səbinə Hüseynova qeyd edib.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub.

O, 20 ilə yaxın müxtəlif ölkələrdə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Eldar Həsənov 2020-ci ilin avqust ayında həbs olunub. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 193-1.3.2 (külli miqdarda cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Keçmiş səfir bu ittihamları qəbul etmir, özünü təqsirli bilmir. Deyir ki, onunla bağlı ölkə rəhbərliyinə yalan, uydurma məlumatlar verilib.

Ana səhifəSiyasətSabiq səfirin qızı: Gözəgörünməz bir qüvvə atamın ölməsi üçün çalışır