Nicat Quliyev qanunsuz silah saxlamaqda ittiham olunur
Abşeron Rayon Məhkəməsində həbsdə olan sabiq nazir Nicat Quliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
N. Quliyevin vəkili Əfqan Məmmədovun APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, N. Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Nicat Əmir oğlu Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,
saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub.
N. Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə ötən il avqustun 8-də barəsində həbs-qətimkan tədbiri seçilib.
N. Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb.
Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub. Bir zamanlar sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxın adamı kimi tanınırdı.
N. Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.