Sabiq nazir müavininin vəkili: Ailə üzvlərinin maaşları üzərində də həbs var

Vəkil əlavə edib ki, onların əmək haqlarının üzərinə də həbs qoyulub.

Source: google.az


Rafiq Bayramov son söz üçün hakimdən vaxt istəyib

1 il 3 aydır həbsdə olan mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun vəkili onun təqsirsiz olduğunu deyir. Müdafiəçinin sözlərinə görə, sabiq nazir müavininin əmlakıyla kifayətlənməyib, onun ailə üzvlərinin maaş kartının üzərinə də həbs qoyublar. Avqustun 10-da məhkəmədə müdafiə çıxışında vəkil bütün bunlar barədə danışıb.

Ötən ilin mayında həbs olunandan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılan Rafiq Bayramovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prokuror sabiq nazir müavininə 10 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Avqustun 10-da çıxış edən vəkil isə bildirib ki, müvəkkilinə qarşı irəli sürülmüş rüşvətalma ittihamı məhkəmədə sübuta yetirilməyib. Vəkil Rafiq Bayramovun əməlində cinayət tərkibi olmadığını vurğulayıb: “Depozit qutusuna həbs qoyulub. Həmin vəsait onun xanımına və qayınatasına məxsusdur”.

Vəkil əlavə edib ki, onların əmək haqlarının üzərinə də həbs qoyulub.

Müdafiəçi bildirib ki, hələ təqsirləndirilən şəxsin əməli sübuta yetirilmədiyi halda onun ailə üzvlərinin maaşına həbs qoymaq qanunsuzdur: “Digər əmlakları başa düşmək olar. Amma əmək haqqına həbs qoymaqla onun ailəsinin normal yaşayışına imkan verilmir”.

Prosessual qaydalara görə, məhkəmədə vəkilin çıxışından sonra təqsirləndirilən şəxs son sözünü deməlidir. Rafiq Bayramov son söz üçün hakimdən vaxt istəyib.

Rafiq Bayramova qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar, külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. O, ümumilikdə 26 epizod üzrə 1 milyon 785 min manat rüşvət almaqda təqsirləndirilir. Lakin sabiq nazir müavini bu ittihamı qəbul etmir və özünü təqsirli bilmir.

Rafiq Bayramov, eləcə də nazirliyin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində həbs olunub. İstintaqın sonunda Sultanovun işi üzrə icraat ayrılıb. Rafiq Bayramov məhkəmə qarşısına tək çıxarılıb.

Bugünlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Zakir Sultanovun da mühakiməsi başlayıb.

Ana səhifəSiyasətSabiq nazir müavininin vəkili: Ailə üzvlərinin maaşları üzərində də həbs var