Səfər İmanov və Elnur Nağızadə axtarışa verilib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanovun, eləcə də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadənin barəsində olan cinayət işlərinin icraatı dayandırılıb.
APA-nın məlumatına görə, hər iki şəxs ölkədən qaçdığına görə axtarışa verilib, bununla əlaqədar olaraq iş üzrə icraat dayandırılıb.
Səfər İmanovun vətəndaşı işə düzəltmək adı ilə ondan külli miqdarda pulunu alaraq aldatması ilə əlaqədar həmin Komitədən daxil olmuş müraciət Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, araşdırma zamanı qeyd olunan Komitənin sabiq aparat rəhbəri Səfər İmanovun 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, vətəndaş Eynur Kərimovu məsul vəzifəyə təyin etdirəcəyi vədi ilə aldadaraq 170 min ABŞ dolları məbləğində pulunu ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Elnur Nağızadəyə qarşı da eyni ittihanlar irəli sürülüb. Belə ki, Bakı şəhər sakinləri Vüsal İbrahimov və Zaur Əsgərov hüquq-mühafizə orqanlarına verdikləri şikayət ərizələrində 2015-ci ilin avqust ayında Elnur Nağızadəyə işə düzəlmək məqsədilə 150 min ABŞ dolları verdiklərini bildiriblər. Onlar işlə təmin olunmadıqlarını və pullarını geri ala bilmədiklərini vurğulayıblar.
Elnur Nağızadə ilə bağlı daxil olmuş şikayət əsasında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.
O, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarışa verilib.