Prokurorluq: "İşə qəbul üçün müraciət etmiş birindən 500 manat alıb“
Lənkəranın Şirinsu kənd orta məktəbinin sabiq direktoru Zeynəb Əhmədovanın rüşvət aldığı bildirilir. Onun vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, müəllimlərdən işə götürmək müqabilində pul aldığı söylənir.
Məlumatı Baş Prokurorluq yayıb. Bildirir ki, Zeynəb Əhmədova direktor işlədiyi müddət ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edib. İşə qəbul üçün müraciət etmiş birindən 500 manat alıb. Həmin pul müqabilində onu işə götürüb:
“Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq tədbirləri davam etdirilir”.
Meydan TV Zeynəb Əhmədova ilə əlaqə saxlaya bilməyib.