Sabiq komitə sədrinin qardaşı dələduzluğa görə mühakimə olunacaq

Bu qalmaqalda deputat İqbal Məmmədovun da adı hallanır

Foto: Sahib İbrahimovun yaxınlarının arxivindən götürülüb

Sahib İbrahimov
Sahib İbrahimov
Sahib İbrahimov
Sahib İbrahimov


Bu qalmaqalda deputat İqbal Məmmədovun da adı hallanır

Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimov bir neçə ay öncə dələduzluqda və vəzifə saxtakarlığında ittiham edilərək, həbs olunmuşdu. S.İbrahimov sentyabrın əvvəlində ev dustaqlığı qətimkan tədbiri ilə həbsdən buraxılsa da, onun işi ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq davam edirdi. Meydan TV-nin əldə etdiyi məlumata görə, artıq istintaq başa çatıb və S.İbrahimov haqqında cinayət işi noyabrın əvvəlində Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.

İttihama görə, S.İbrahimovun rəhbərlik etdiyi “STS”, “Sahil-D Company” adlı şirkətlərinin Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanında tikdiyi binalardakı eyni mənzillər müxtəlif adamlara satılıb. Bununla əlaqədar Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətlər daxil olub. 2015-ci ildə həmin şikayətlər əsasında bu şirkətlərin icraçı direktoru Məzahir Cəfərov haqda cinayət işi başlanıb. Bir müddət sonra M.Cəfərov intihar edib. Ölümü ilə əlaqədar onun haqqında cinayət işinə xitam verilib.

Baş Prokurorluğun məlumatında bildirilir ki, “Sahil-D Company” MMC-nin həmin binalardakı satılmış və dəyəri tam ödənilmiş mənzilləri saxta sənədlər əsasında yenidən başqalarına satmaqla adamlara ümumilikdə 4 milyon 458 min manat ziyan vurulub. S.İbrahimov istintaq dövründə bunun 1 milyon 242 min manatını ödəyib.

S.İbrahimovun şirkətlərinin inşa etdiyi binalardakı mənzillərin müxtəlif şəxslərə satılmasıyla bağlı qalmaqallarda deputat İqbal Məmmədovun da adı keçir. O, Xətai rayonu, F.Bayramov küçəsi 1156 ünvanındakı 4 saylı 4 saylı çoxmərtəbəli binada yerləşən üç mənzili (üç, dörd və beşotaqlı mənzillər) həmin evlərin pulunu ödəmiş, təmir elətdirib içində yaşayan sahiblərinin əlindən alıb. Bildirib ki, evlər ona satılıb.

Deputat iddia edir ki, 2008-ci ildə müqavilə bağlayıb, 654 min dollar pul verib həmin üç mənzili alıb. Mənzildə yaşayanların əllərində isə sənədlər vardı ki, onlar daha öncə – 2007-ci ilin martında müqavilə bağlayıb alıblar.

Deputat öncə Xətai Rayon Məhkəməsinə müraciət etsə də, iddiası təmin olunmamışdı. Məhkəmə evlərin orada yaşayan sahiblərinin əlindən alınması məsələsində deputatın iddiasını təmin etməsə də, vaxtilə ödədiyi 654 min dolların “STS” şirkətindən alınıb ona qaytarılması haqda qərar çıxarmışdı.

Məhkəmə ona əsaslanıb ki, Bakı Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin arxivində “STS” şirkətinin F.Bayramov küçəsində bina tikməsi haqda heç bir sənəd yoxdur. O binanın “Sahil-D Company”nin hesabına tikilməsini sübut edən çoxsaylı sənədlər var.

Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında binanın ərazisinin “ISR Holding”ə, o ərazidə binaların tikilməsi və mənzillərin satılması hüququnun isə yalnız “Sahil-D Company” MMC-yə məxsus olduğu göstərilib. Bu şirkət də deputatın tələb etdiyi mənzilləri ona yox, o mənzilləri təmir elətdirib orada yaşayan adamlara satıb. İ.Məmmədov isə müqaviləni “STS” şirkətinin icraçı direktoru kimi Məzahir Cəfərovla bağlayıb.

Xətai Rayon Məhkəməsinin qərarından narazı qalan deputat Nərimanov Rayon Məhkəməsində də ayrıca iddia qaldıraraq, mənzil sahiblərinin o evlərdən çıxarılmasını istəmiş, bu dəfə hakim Abbas Əliyev onun xeyrinə qərar çıxarmışdı.

1999-cu ildə yaradılmış “STS” şirkətinin təsisçiləri “Nehrəm Holdinq Company” və Sahib İbrahimov olub. 26 aprel 2011-ci ildən şirkətin qanuni təmsilçisi isə S.İbrahimovun qaynı Taleh Abdullayev olub. 2004-cü ildə yaradılmış “Sahil-D Company”nin təsisçisi də T.Abdullayev olub. O, 2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə məhkum olunub. Məhkəmədə ifadəsində deyib ki, hələ 2007-ci ildə “Sahil-D Company”nin 25 faizini yeznəsi S.İbrahimova, 45 faizini İlham Qasımova, qalan hissəsini də başqa şəxslərə satıb.

İ.Qasımov özü də həbsdədir. O, milyonçu şair Gülağa Tənhadan birgə bina tikintisi adıyla 19 milyon pul alıb aldatmaqda təqsirli bilinərək, 2016-cı ildə 13 il azadlıqdan məhrum edilib.

Yaxın vaxtlarda məhkəmə qarşısına çıxarılacaq S.İbrahimovun sabiq komitə sədrindən başqa digər qardaşları da tanınmışlardır. Onlardan biri Tağı İbrahimov uzun müddət “Azad Azərbaycan” Televiziya və radio şirkətinin (ATV) rəhbəri olub. Digər qardaşı, “Avesta” şirkətinin rəhbəri İbrahim Nehrəmli xüsusən bahalı “Xəzər adaları” layihəsilə məşhurlaşmışdı. Onun adı Beynəlxalq Bank qalmaqalında da hallanırdı. Bankdan götürdüyü kreditləri qaytarmadığına görə o, DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparılmışdı. İ.Nehrəmli özü də mətbuata müsahibəsində etiraf etmişdi ki, banka ümumilikdə 450 milyon manat borcu var.

Ana səhifəXəbərlərSabiq komitə sədrinin qardaşı dələduzluğa görə mühakimə olunacaq