Sabiq icra başçısının məhkəməsində: “3 milyon 3 ayın içində yox oldu…”

Source: Meydan Tv

İcra başçısı üçün rüşvət topladığını etiraf edən şəxs hələ də icra hakimiyyətində baş mühasib işləyir

İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin məhkəməsi davam edir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.

Vilyam Hacıyevin daha bir keçmiş işçisi – icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev martın 4-də məhkəmədə onun əleyhinə ifadə verib. 2003-cü ildən İmişli Rayon İcra Hakimiyyətində işlədiyini deyən Cəmil Musayevin sözlərinə görə, Vilyam Hacıyev 2012-ci ildə rayona icra başçısı təyin olunub. Lakin ona 2017-ci ildən etibar etməyə başlayıb.

Baş mühasib etiraf edib ki, 2017-ci ildən icra başçısının rüşvət alma və başqa qanunsuz əməllərində aktiv iştirak edib:

“2017-ci ildə məni otağına çağırıb dedi ki, etibarlı adamsan, istəyirəm ki, birgə işləyək. Əvvəl tərəddüd elədim, razılaşmadım. Sonradan işimi itirməmək üçün təklifi qəbul elədim. Hesab edirəm ki, kim olsa, qəbul eləyərdi…”

Vilyam Hacıyevin vəkili Elmar Kərimov şahidin sonuncu cümləsinə etiraz edib: “Xahiş edirəm, hər kəsin yerinə danışmayın, məsələn, mən qəbul eləməzdim…”

Cəmil Musayevin sözlərinə görə, Vilyam Hacıyev ona etibar edəndən sonra onu alacağı rüşvət və digər qanunsuz pulların arxasınca göndərirdi. O da pulları götürüb, icra başçısına çatdırırdı:

“Mənə tapşırıq verirdi ki, filan yerdə filan qədər pul var, gedib gətirim. Mən də dediyini edirdim. Aldığım pulları qeyd edib, gətirib təhvil verirdim. Məsələn, icra hakimiyyətinin inzibati binasının tikintisi üçün 3 milyon manat pul ayrılmışdı. Tikinti işinin icrası “NTC Kompani” MMC-yə həvalə olunmuşdu. Şirkətə köçürülmüş 3 milyondan birinci dəfə 76 min götürdüm, Milli Bankın yanında Vilyam Hacıyevə təhvil verdim. Yadımdadır, Vilyam Hacıyev 002 nömrəli avtomobili ilə gəlmişdi”.

Baş mühasib bildirib ki, ikinci dəfə şirkətdən 152 min 900 manat götürüb. Həmin vaxt Vilyanm Hacıyev istirahət mərkəzində olub. Pulu aparıb orada icra başçısına çatdırıb.

“Bina üçün ayrılan 3 milyon manat 3 ayın içində yox oldu. Mən 2017-2020-ci illərdə Vilyam Hacıyevə 4 milyon manatdan çox qanunsuz yollarla toplanmış pul vermişəm”, – şahid bildirib.

Prokuror soruşub ki, o pullar mühasibatlıqda hansı adla rəsmiləşdirilirdi? Cəmil Musayev cavabında bildirib ki, ümumiyyətlə, rəsmiləşdirilmirdi, əldən-ələ ötürülürdü.

Şahid əlavə edib ki, İmişli Rayon Mərkəzi Xəstəxanasına Baş həkim təyin olunan şəxsdən 70 min manat, Olimpiya Mərkəzinə rəhbər təyin olunmaq üçünsə 10 min manat alınmışdı. Bundan başqa, aztəminatlı ailələrə mənzillərin verilməsi üçün onlardan 9 mindən 18 min manata qədər pul alınırdı: “O pullar da Vilyam Hacıyevə çatırdı. Rayon ərazisində torpaqlar satılırdı, bundan da pul əldə olunurdu. Torpaq üçün sərəncamı pulla verirdi. Qısası deyə bilərəm ki, Vilyam Hacıyev başçı gələndən sonra bu işlər başladı”.

Vilyam Hacıyev şahidin ifadəsinə münasibət bildirərkən onunla keçmiş işçisi arasında mübahisə yaranıb.

Sabiq icra başçısı baş mühasibin həbsini tələb edib:

“Cəmil Musayevin dediklərinin hamısı şər-böhtandır. Heç birini qəbul etmirəm. Mən də deyirəm ki, bu adama 10 milyon pul vermişəm, onu neyləyib? O pulu aparıb atasına, nənəsinə verib, tələb edirəm qaytarsın. Vəkilimin də dediyi kimi, bu adam iddia edir ki, bütün rüşvətləri qəbul edib, bəs niyə məsuliyyətə cəlb olunmayıb? Hazırda da vəzifəsində işləyir. Xahiş edirəm, cinayət məsuliyyətinə cəlb olunsun. O da mənim kimi həbs edilsin”.

Məhkəmə prosesi martın 5-də davam edəcək.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

Vilyam Hacıyevin həbsindən sonra DTX onun evindən, qarajından qutularda milyonlarla manat, xarici valtitada pulların, müxtəlif maşınların çıxmasını əks etdirən görüntülər yayımlamışdı.

Vilyam Hacıyev özünü təqsirli bilmir, ittihamların şər-böhtan olduğunu bildirir.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrından başlayıb. İlk həbs edilənlər Ağstafa rayonunun icra başçısı Nizaməddin Quliyev və Yevlaxın sabiq icra başçısı Qoca Səmədov olub. 2020-ci ilin ilin fevralında Neftçalanın, mayda isə Biləsuvarın və İmişlinin icra başçısı həbs edildi. Ardınca Kürdəmir, Cəlilabad, Şəmkir rayonlarında da eyni əməliyyatlar həyata keçirildi.

Ana səhifəSiyasətSabiq icra başçısının məhkəməsində: “3 milyon 3 ayın içində yox oldu…”