Firudin Zeynalov

Mənbə: AzadliqRadiosu

Başlıq: Firudin Zeynalov

Sabiq icra başçısına qarşı sui-qəsd işi: 45 günlük aclıq dayandı

Firudin Zeynalov məhkəmə istintaqının yenilənməsindən sonra qərarını dəyişib

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddə ittiham olunan Firudin Zeynalov 45 gündür davam etdirdiyi aclıq aksiyasını mayın 26-da dayandırıb. Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verərək bildirib ki, Firudin Zeynalov Gəncə işi üzrə məhkəmə istintaqının təzələnməsi qərarından sonra bu addımı atıb:

“Firudin məhz məhkəmənin ədalətsiz keçirilməsinə, prokurorun onun özü də daxil olmaqla, bu işdə ittiham olunan şəxslərə heç bir dəlil-sübut olmadan ağır cəzalar istəməsinə etiraz olaraq aclıq aksiyasına başlamışdı. 45 gündə vəziyyəti çox pisləşmişdi. Mayın 25-də məhkəmədə olanlar gördü ki, ayaq üstə dayana bilmirdi. Rəngi saralmışdı. Həmin gün qərar verildi ki, məhkəmə istintaqı təzələnir. Yəni yenidən məhkəmə araşdırması aparılacaq, yenidən prokuror çıxış edəcək və s. Ona görə də Firudin Zeynalov aclığı dayandırmaq qərarı verib”.

Yaxınları əlavə edib ki, aclıq etdiyi ay yarım ərzində Firudin Zeynalovun səhhətində ciddi problemlər yaranıb. Bundan sonra onların müalicəsilə məşğul olacaq.

Firudin Zeynalovun aclıq etdiyini Ombudsman Aparatı və hüquq müdafiəçisi Rəsul Cəfərov da təsdiqləyib. Bir müddət əvvəl Ombudsman Aparatının nümayəndələri Bakı İstintaq Təcridxanasında onunla görüşüblər.

Firudin Zeynalov deyir ki, sabiq icra başçısına qarşı sui-qəsd olayına ümumiyyətlə aidiyyəti yoxdur. Hadisə baş verərkən o, bir ilə yaxın həbsdə idi. Buna baxmayaraq, onu bu hadisəni planlaşdıran mütəşəkkil dəstənin üzvü kimi təqdim ediblər.

Firudin Zeynalovun bundan əvvəlki həbsinin səbəbinə gəlincə, o, müraciətində bunu da açıqlayıb: “2017-ci ildə Gəncədə İmamzadə ziyarətgahında Aşura mərasimində ziyarətçilərlə polislər arasında insidentdən bir həftə sonra mənə heç bir yazılı çağırış gəlmədən, şəxsi avtomobilimlə gedərkən polislər saxlayıb, Gəncə şəhər Baş Polis İdarəsinə aparılmışam. İki gün heç bir protokol tərtib olunmadan qanunsuz saxlanmışam. O müddətdə məndən İmamzadə ziyarətgahında baş verənlər, günahsız həbs olunan şəxslərin məhkəmələrində iştirakım barədə soruşulub, təhdid olunmuşam, işgəncəyə məruz qalmışam”.

Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) maddələrilə məsuliyyətə cəlb olunan Firudin Zeynalovun sözlərrinə görə, 2018-ci ildə Ramazan bayramı ərəfəsində həbsdən ictimaiyyətə ünvanladığı bayram təbriki qıcıq yaradıb: “Təbrikdə xalqımıza tezliklə diktatura rejimi üzərində qələbə arzuladığıma görə istintaq təcridxanasının rəisi məni otağına çağırdı. Telefon vasitəsilə Penitensiar Xidmətin səlahiyyətliləri məni təhdid etdi. Bundan təxminən 20 gün sonra – iyulun 3-də Gəncədə məlum hadisə baş verdi. İyulun 14-də Baş Prokurorluğun əməkdaşları istintaq təcridxanasına gələrək, icra başçısına qarşı sui-qəsdə görə mənə ağır maddələrlə ittiham elan etdi. İstər İmamzadə insidentində, istərsə də Gəncədə sui-qəsd olayında mənim heç bir iştirakım olmayıb. Mən heç bir cinayət törətməmişəm. Bizim bu hakimiyyətə qarşı mübarizəmiz ancaq qanun, hüquq çərçivəsində olub...”

Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqının təzələnməsinə, sabiq icra başçısının anlaqlı olub-olmadığının müəyyənləşdirilməsi üçün onun tibbi ekspertizadan keçirilməsinə qərar verilib. Ekspertizanın qərarı məlum olana qədər məhkəmə prosesi təxirə salınıb.

Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunis Səfərov dövlət çevrilişinə cəhd məqsədilə icra başçısını öldürməyə çalışması, hadisənin terror kimi təqdim olunmasıyla razılaşmır, bu haqda ittihamda yazılanların da yalan olduğunu bildirir. Onun sözlərinə görə, keçmiş icra başçısını Gəncə əhalisinə zülm elədiyinə görə öldümək istəyib. Bu da onun təkbaşına fikri olub, kimsəni də xəbərdar etməyib. Deyir ki, digər təqsirləndirilən şəxslərin hamısı günahsızdır, sadəcə, hadisəyə öncədən planlaşdırılmış terror, dövlət çevrilişi görüntüsü vermək üçün çoxlu sayda günahsız adamları bu işə cəlb ediblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4xh6oe

Ən çox baxılan