Sabiq dövlət məmurunun həbsxanada öldüyü bildirilir

İllüstrasiya: Meydan TV

İlkin məlumata əsasən, 38 yaşlı sabiq vəzifəli şəxsin ölümünə səbəb anemiya olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq vəzifəli şəxsi Rauf Mustafayevin cəza çəkdiyi Penitensiar Xidmətin Şəkidə yerləşən Qarışıq Tipli Cəzaçəkmə Müəssisəsində vəfat etdiyi deyilir.

Bərdə rayon sakini 38 yaşlı Rauf Mustafayev 2020-2021-ci illərdə Nazirliyin 18 saylı Ərazi Məşğulluq Mərkəzində baş mühasib vəzifəsində çalışıb.

İlkin məlumata əsasən, Rauf Mustafayevin ölümünə səbəb anemiya olub. Rəsmi tibbi ekspertiza nəticələri hələlik açıqlanmayıb.

Hadisə ilə bağlı Penitensiar Xidmət və ya digər rəsmi qurumlardan əlavə məlumat verilməyib.

2023-cü il iyulun 4-də Gəncə Ağır Cinayətlər Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzinin sabiq rəhbəri Ağayev Azər Vəkil oğlu və mərkəzin sabiq baş mühasibi Mustafayev Rauf Abış oğluna hökm oxunub.

Sabiq sədr Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə təqsirli bilinirdi. O, məsuliyyətə cəlb etmə müddəti keçdiyindən cinayət məsuliyyətindən azad edildi.

Məşğulluq Mərkəzinin keçmiş baş mühasibi Rauf Mustafayev isə Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddələri ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edildi və məhkəmə zalında həbs edildi.

O,  elektron sistemə saxta məlumatlar daxil etməklə 90 min manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunurdu.

Ana səhifəSosialSabiq dövlət məmurunun həbsxanada öldüyü bildirilir