Məhkəmə vəkillərin vəsatətini təmin etməyib
Oktyabrın 24-də Bakı Apelyasiya Məhkəməsində mənimsəmədə barəsindəki hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Meydan TV-nin məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərim vəkilləri vəsatətlə çıxış edərək birinci instansiya məhkəməsində ətraflı araşdırma aparılmadığını deyiblər və iclasın istintaqla aparılmasını istəyiblər. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmənin baxış iclası oktyabrın 31-nə təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə D.Xəlilov 13 il müddətində azadlıqdan məhrum edilib.
Təqsirləndirilən Mənsur Zeynalov 5 il, Fərhad Əmiraslanov 4 il, Seyfulla Seyfullayev 5 il müddətinə azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs ediliblər.
Şakir Musayev, Ruslan Əsgərov, Rauf Əliyevə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza verilib.
Bundan başqa, digər təqsirləndirilənlərlə birgə Dünyamin Xəlilovdan fərdi və müştərək qaydada 50 milyon manatdan çox vəsaitin tutularaq dövlət hesabına keçirilməsi qərara alınıb.
Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. D.Xəlilov mənimsənildiyi iddia edilən pulun dövlət layihələrinə xərcləndiyini deyir. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
2015-ci ilin yayından “Beynəlxalq Bank”a kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. “Globus Plaza”nın sahibi olan D.Xəlilov da dələduzluqda təqsirli bilinir. O, ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. D.Xəlilov Cinayət Məcəlləsini 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs-qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.