Sabiq deputatın apelyasiya şikayətinə baxılıb

Dünyamin Xəlilovun işi yenidən birinci instansiyaya qaytarılıb

Source:
Dünyamin Xəlilov


Dünyamin Xəlilovun işi yenidən birinci instansiyaya qaytarılıb

Sentyabrın 11-də Bakı Apelyasiya Məhkəməsində  “Beynəlxalq Bank”dan kredit götürüb qaytarmamaqda təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilovun apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Meydan TV-nin məlumatına görə, hakim Qail Məmmədovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib. İclasda məlum olub ki, təqsirləndirilən şəxslərdən Rauf Əliyev də apelyasiya şikayəti vermək istəyir və o, şikayət vermək üçün müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edib. Həmin məsələ isə birinci instansiya məhkəməsi tərəfindən tənzimləndiyi üçün işin yenidən birinci instansiya məhkəməsi olan Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılmasına qərar verilib. Buna görə proses qeyri-müəyyən vaxta kimi təxirə salınıb.

D.Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, zamində olan təqsirləndirilən şəxs Mənsur Zeynalov 5 il müddətinə azadlıqdan məhrum edilib və zalda həbs edilib.

Seyfulla Seyfullayev və Fərhad Əmiraslanov da 5 il həbs cəzası alıb və zalda həbs ediliblər

Hökmə əsasən digər təqsirləndirilən şəxslərin barəsində şərti cəza təyin edilib. Bundan əlavə,Vergilər Nazirliyinin mülki iddiası təmin edilib. D. Xəlilovun üzərinə həbs qoyulmuş əmlakları vurulmuş ziyanın ödənilməsinə yönəldilib. Təqsirləndirilən şəxslərdən vurulmuş ziyanın (50 milyon manat) müştərək qaydada tutulmasına qərar verilib.

Hökmdən apelyasiya şikayəti verən Xəlilov barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

2015-ci ilin yayından “Beynəlxalq Bank”a kredit borcları olan şəxslərin həbsinə başlanılıb. Bu məsələ ilə bağlı bir çox iş adamı saxlanılıb. D. Xəlilov ötən ilin fevralında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, dələduzluq və vergidən yayınmada ittiham edilir.

Digər təqsirləndirilən şəxslər isə Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Şakir Musayev, Ruslan İsmayılov, Mənsur Zeynalov, Rauf Əliyevdir. Dünyamin Xəlilovdan başqa digərlərinin barələrində həbs-qətimkan tədbiri seçilməyib. Onlar ümumilikdə 50 milyon manat mənimsəməkdə təqsirləndirilirlər.

Ana səhifəXəbərlərSabiq deputatın apelyasiya şikayətinə baxılıb