Nazim Bəydəmirli: "Nazirlik “Bəydəmirli Xeyriyyə Fondu”nu qeydiyyata almır"
Sabiq deputat, iqtisadçı-alim Nazim Bəydəmirli Ədliyyə Nazirliyini məhkəməyə verib.
Səbəb təsisçisi olduğu “Bəydəmirli Xeyriyyə Fondu”nun qeyri-hökumət təşkilatı kimi Ədliyyə Nazirliyi tərəfindən qeydə alınmamasıdır.
Nazim Bəydəmirli Meydan TV-yə deyib ki, “Bəydəmirli Xeyriyyə Fondu”nu 2020-ci ildə yaradıblar: "Ailəmiz və yaxınlarımızla belə qərara gəldik ki, II Qarabağ savaşında yaralanan hərbçilərə dəstək göstərək, onların müalicəsi və dərmanlarının alınmasında yardımçı olaq. Bu kateqoriyadan olan insanların güvənsiz durumda olduqlarını nəzərə alıb, onları özümüzün "Loğmed" klinikasında müalicə edə bilərik. Yəni belə bir qərar vermişdik, amma süni əngəl yaradırlar".
Nazim Bəydəmirli yanvar ayında Ədliyyə Nazirliyinə müraciət etsə də, təşkilat qeydiyyata alınmayıb, imtina cavabı alıb: "Nazirlik mövqeyini təqdim etdiyimiz sənədlərin "Qeyri-hökumət təşkilatları haqqında" Qanununun tələblərinə uyğun olmaması ilə əsaslandırıb. Amma qeyd olunan səhvləri düzəldərək yenidən sənədləri təqdim etdim, yenə də imtina etdilər. Bu dəfə deyilib ki, sənədlər bütün təsisçilər tərəfindən imzalanmayıb və notariat qaydasında təsdiqlənməyib. Növbəti düzəlişlərdən sonra sənədlər üçüncü dəfə təqdim olundu, lakin yenidən yeni bəhanə ilə geri qaytarıldı".
O, nazirliyinin cavabını əsassız sayır: "Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsi “Bəydəmirli Xeyriyyə Fondu”nun dövlət qeydiyyatına alınmasından əsassız olaraq imtina edir. Hər dəfə müraciət zamanı fərqli səbəblərlə sənədlərimizi geri qaytarır. Halbuki nöqsanların aradan qaldırılması üçün sənədlərin geri qaytarılmasına heç bir ehtiyac yoxdur. Təsisçi olaraq bizimlə telefon və digər əlaqə vasitələri ilə mübahisəli məsələni aydınlaşdırmaq mümkün olar”.
İqtisadçı deyir ki, Ədliyyə Nazirliyi qəsdən Fondu dövlət qeydiyyatına almaqdan imtina edir: "Bunu məqsədli şəkildə və qəsdən edirlər. Ona görə də məhkəməyə verib aydınlaşdırmaq istədik ki, görək, bunların məqsədi nədir".