Məhdudiyyət yalnız işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilərdə qalacaq
Noyabrın 12-dən etibarən Azərbaycanda internetə qoyulan məhdudiyyət aradan götürülür.
Məhdudiyyət yalnız işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilərdə qalacaq.
Bunu Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə "Facebook" hesabında bildirib. O, ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür də edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.
Sentyabrın 27-də Qarabağ və ətraf bölgələrdə hərbi əməliyyatlar başladı.
Bundan bir gün sonra isə Azərbaycan Prezidentinin fərmanı ilə ölkədə hərbi vəziyyət və komendant saatı tətbiq olundu. Eyni zamanda, internet də məhdudlaşdırıldı.
44 gün sürən əməliyyat nəticəsində (noyabrın 9-dək) Azərbaycan tərəfi 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da isə Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının adından atəşkəs bəyanatı yayılıb.
Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.