Molokanlardan qalma ev

Mənbə: meydan tv

Başlıq: Molokanlardan qalma ev

Saatlının çoxmillətli kəndi…

''Burada yaşadığımıza görə hamı bizə həsəd aparırdı''

"Babamgil 1924-cü ildə kəndə köçəndə burada cəmi 5 azərbaycanlı ailəsi yaşayıb. Qalan hamısı ruslar olub. Özü də o vaxt kənd belə geniş deyildi. Əsas üç küçəsi var idi. "Kubançı", "Poçka" və "Ferma" küçələri... İndi həm küçələri artıb, həm də əhalisi. Artıq təkcə ruslar və azərbaycanlılar da deyil, kəndimiz belorus, ukraynalı, ahıska və məhsəti türklərinə də qucaq açıb".

Söhbət Saatlının ən böyük, Azərbaycanın isə ikinci böyük kəndi olan Qara Nurudan gedir. Bu sözləri isə kənd sakini Bəhlul Vəliyev söyləyir.

Kəndin ilk adı — Nikolayevka olub. Rus çarı I Nikolayın şərəfinə belə adlandırılıb. Deyilənə görə bu ad ona 1909-cu ildə verilib. Rusdilli əhalinin bura köçürülməsinə isə 19-cu əsrin sonlarında başlanıb. Daha sonra adı dəyişdirilərək "Krasnoselski" edilib. Məşhur rus fotoqrafı Prokudin-Qorskinin ABŞ-ın Konqres Kitabxanasında saxlanılan "Muğan düzü" albomundakı 13 şəkil də bu kənddə çəkilib.

Kənd yolu

Kənd yolu

Mənbə: meydan tv

İndiki adına gəlincə, burada yaşayanlar Qara Nurunun kim olduğunu bilmirlər. Bir-iki fərziyyələri var sadəcə. Deyirlər, bura vaxtilə qamışlıq və gölməçələrlə əhatələnən otlaq sahəsi olub. İçində də mal binəsi yerləşib. Həmin yer Nuru adlı bir maldara məxsus imiş. Başqa bir fərziyyəyə görə, ərazi Sabirabadın Qalaqayın kəndindən gələn qaranurulular nəslinə mənsub olub.

Bu gün isə 7 mindən artıq əhalisi var. Onlar daha çox təsərrüfatla, əkinçilik və maldarlıqla məşğuldurlar. Kənd camaatının deməsinə görə, xüsusən türklərin gəlişindən sonra əhali süpürgə əkininə maraq göstərib. İndi daha çox süpürgə əkir, sonra onu tikir, toxuyur və bazarlarda birini 1,5-2 manatdan satırlar.

B.Vəliyev deyir ki, vaxtilə Azərbaycanda bəlkə də bura qədər maraqlı, müasir kənd olmayıb. Kitabxanası, mədəniyyət evi öz yerində... Kənddə film klubundan tutmuş, kilsəyə, diskotekaya qədər hər şey olub. Əyləncəsi bol olduğundan qonşu rayonlardan da bura rəqs etmək, film izləmək üçün gələnlər az olmayıb:

Bəhlul Vəliyev

Bəhlul Vəliyev

Mənbə: meydan tv

"Burada yaşadığımıza görə hamı bizə həsəd aparırdı. Deyirdilər, bəxtəvərsiniz, darıxmazsınız. Yeni film çıxan kimi bizim klubda nümayiş edilirdi. Ən son dəbdə olan musiqilər lentə yazılıb, bizim diskotekalarda səsləndirilirdi. Kənddəki evlərin əksəriyyəti köhnə molakan evləri idi. Rəngarəng, eyni ölçülü, önlərində çəpər yox idi. Əvəzində gül-çiçək boylanırdı".

Bəhlul Vəliyev deyir ki, zamanla, Sovetlər dağılandan sonra ruslar yavaş-yavaş kənddən köçüblər:

"Daha doğrusu, gəncləri Rusiyanın müxtəlif bölgələrinə işləməyə gedib. Yaşlılar da ya dünyadan köçüb getdilər, ya da övladları yanlarına apardılar. Çox az sayda qalanlar da oldu. İndi çox deyil, əvvəlki azərbaycan ailələrinin sayı qədər qalarlar, ya yox. Cəmi 4-5 rus ailəsi yaşayır kənddə".

Kənddə həm də türkdilli xalqların nümayəndələri yaşayır. Ahıska türkləri də onlardandır. Bundan əlavə, 1949-cu ildə Ermənistandan deportasiya olunan onlarla azərbaycanlı ailəsi də Qara Nuruda yerləşdirilib. 1953-cü ildə Sovet-İran sərhədinin dəqiqləşdirilməsi adı ilə Cəlilabad rayonunun Qaralı kəndindən olan təxminən 50 ailə də buraya köçürülüb. Stalinin ölümündən sonra sürgündə olan azərbaycanlılar və Ahıska türklərinin bir qrupu Orta Asiya respublikalarından bu kəndə gəlib. Və sonda 1989-cu ildə baş verən Fərqanə hadisəsi nəticəsində daha 20 Ahıska ailəsi Krasnoselskə köçüb.

Meydan Eyyubov

Meydan Eyyubov

Mənbə: meydan.tv

Elə 66 yaşlı Meydan Eyyubovun ailəsi kimi. Onlar bu kəndə rusların çoxu köçəndən sonra, 90-cı illərdə gəlib. Deyir, keçmişə baxanda köç uzun görünür, amma bir də ayılıblar ki, bu kənddədir:

"1990-cı ildə Fərqanə hekayəsini çıxartdılar ortalığa. Biz Özbəkistanda yaşayırdıq. Nə isə, oradakı evimizi satıb, əvvəlcə Rusiyaya getdik. Bir müddət orada yaşadıq. Sonra atam dedi ki, yox e, buralar bizlik deyil, çox soyuqdur. Üzü istilərə doğru getmək qərarına gəldik. Və nəhayət, Qara Nuruya köçdük. Ahıska türküyük, artıq 29-cu ildir ki, buradayıq".

Kənddəki qonşularından, yaşayışından razıdır Meydan kişi. Deyir, artıq öyrəşiblər, vətən kimidir. Gəldikləri ilk illərdə əziyyətləri çox olub, düzdür. Ancaq çoxlu işləməklə özlərinə normal şərait qura biliblər:

"İnsan elədir ki, uyğunlaşır, öyrəşir. Düzdür, vətən həsrəti dağlayır, çətindir. Amma əldən heç nə gəlmir. Siyasət ki var, onun qarşısında hamımız acizik. Bir neçə dəfə Türkiyəyə gedib-gəlmişik. Ancaq ordan o tərəfəsi bizə yasaqdır. Özbəkistandan Rusiyaya, Rusiyadan da Qara Nuruya. Keçmişə baxanda uzun görünür, ancaq mən bu günümə şükr edirəm".

kənd

kənd

Mənbə: meydan.tv

M.Eyyubov deyir ki, 90-cı illərdə bu kənddə çoxlu ahıska türkləri yaşayıb. Ancaq qaz, işıq, şəraitsizlikdən çoxu köçüb gedib:

"Sonra Türkiyənin də yolu üzümüzə açıldı. Ora köçənlər də oldu. Mən də bir ara ora üz tutdum. Yaşaya bilmədim, qayıdıb gəldim. Bundan sonra mənə şəhərdə yaşamaq çətindir".

Kənd sakinlərindən Səməd Səmədov buranı qarışıq, rəngarəng, ancaq ən gözəl kənd sayır. Deyir, elə onların yaşadıqları ev 1934-cü illərdə tikilib, molakan evidir. Heç yerinə dəyməyib, toxunmayıb. Deyir, həyat yoldaşı tez-tez "gəl, söküb yenisini tikək, heç olmasa, təmir etdirək" söyləyir. Ancaq o, razılaşmır, necə var, elə saxlamağın tərəfdarıdır:

"Həm cibimə ziyandır, həm də bu rəngarəngliyi dağıtmaq istəmirəm. Nəyə lazım, görün, nə gözəldir. İndi hardadır belə ustalar ki, bu cür naxışlar vuralar. Gözəldir, rəngarəngdir, düzdür, kiçikdir, ancaq şirindir".

kənd

kənd

Mənbə: meydan tv

S.Səmədov deyir ki, gərək düzünü deyəsən, ruslar yaşayan vaxtlar kəndləri çox daha maraqlı olub. Eyni zamanda, təmiz və baxımlı:

"Onlarda adət idi, evlərinin önünü təmizlər, gül-çiçək əkər, oturmaq üçün rəngli oturacaqlar qoyardılar. Biz də onlara baxar, həvəslənər, eynisini edərdik. Beləcə kənd dönüb olurdu cənnət. Daş çəpərlər yox idi, həyətlər səliqəli, gözəl idi. İndi nəinki hamı daş çəpərlər çəkib, hərə 5-10 metr çəpərini böyüdüb, yolu daraldıblar:

"Əvvəlki səliqə-sahman daha yoxdur. Müsəlmanın əlinə keçməyə də... İndi görürsünüz, elə içi biz qarışıq bu kəndi tipik Azərbaycan yaşayış məskəninə çevirmişik. Astaranın Ərçivan kəndindən sonra ölkənin ən böyük ikinci kəndidir. Ona qarşı daha duyarlı davranıb, daha səliqəli saxlaya bilərdik, etmədik".

ev

ev

Mənbə: meydan tv

ev

ev

Mənbə: meydan.tv

Meydan Eyyubov

Meydan Eyyubov

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4nzx9i

Ən çox baxılan