Saatlı

Mənbə: Meydan TV

Başlıq: Saatlı

Saatlıda: Su problemi həll edilməsə, durum daha da ağırlaşacaq

Məqalə yeniləndi:  27 İyul 2020

“Artıq səbr kasamız dolub, biz torpaqdan, əkin-biçindən dolanan insanlarıq”

Saatlının Mircəlal, Azadkənd, Çolpukənd, Nabatkənd, Fətəlikənd, Qaranur, Qarayevkənd, Şirinbəyin kəndlərinin su problemi var. Bu barədə Meydan TV-yə həmin kəndlərdə yaşayan sakinlər məlumat veriblər. Onlar nəinki içməli su, suvarma suyu ilə bağlı da böyük problemlər yaşadıqlarını söyləyirlər:

“Bu kəndlərin hər biri pambıq əkir, bununla dolanır. İndi pambığın sulanma dövrüdür. Ancaq biz su tapmırıq. Yəni, artıq vəziyyət o həddə gəlib çatıb ki, insanlar məhsuldan əllərini üzüblər. Bir tərəfdən yayılan koronavirus, bir tərəfdən də su qıtlığı bizi qırıb batırır. Xahiş edirik, aidiyyatı qurumlar buna bir tədbir görsünlər”.

Şikayətçilərdən Rövşən Əliyev deyir ki, 2 həftə əvvələdək, vəziyyət daha da ağır olub. İndi az da olsa, növbəli şəkildə suvarma var. Ancaq verilən su həm azdır, həm də gecikir:

“Məsələn, çoxumuz sahələrimizi suvarmamışıq. Bu, o deməkdir ki, məhsul olmayacaq. Çünki gecikirik. Problemin nə olduğunu isə tam açıqlamırlar. Hara gedirik, deyirlər, “səbr edin, düzələcək”. Artıq səbr kasamız dolub, biz torpaqdan, əkin-biçindən dolanan insanlarıq. Su olmasa, əkin də olmur, məhsul da. Biz nə edək? Hamı bilir ki, kənd yerlərində iş yerləri də olmur. Camaat təsərrüfatla, çətinliklə dolanır. Əkinçilik, heyvandarlıqla. İş orasındadır ki, heyvanlara verməyə də su tapa bilmirik”.

Rövşən Əliyev əlavə edir ki, su problemindən təkcə təsərrüfat sahəsində deyil, gündəlik həyatlarında da əziyyət çəkirlər. İçməyə, işlətməyə də su tapa bilmirlər:

“Əkin sahələri, heyvanlar susuzdur"

“Əkin sahələri, heyvanlar susuzdur"

Mənbə: Meydan TV

“Əkin sahələri, heyvanlar susuzdur. Bu, bir dərddir. Digər problem isə içməli, işlətməli suyun olmamasıdır. Yayın günüdür, inanın, yuyunmağa su tapılmır. Televizorda hər gün bağırırlar ki, əllərinizi yuyun, şəxsi təmizliyinizə fikir verin. Necə verək? Bu günlərdə də bizim su problemimiz həll edilməsə, durum daha da ağırlaşacaq”.

Sakinlər bildirirlər ki, kəndlərə maşınlarla su gətirilir. Əhaliyə paylanır. Ancaq bu su onların gündəlik tələbatlarına yetmir.

Regional Sukanal İdarəsinin Saatlı Sukanal Sahəsindən bildiriblər ki, problem rayona daxil olan su kütləsinin azalmasındadır. Bundan əlavə, əkinlərin sulanma dövrü olduğundan hamı istifadə edir və bu zaman da suya tələbat artır:

“Problemin həll edilməsi üçün əlimizdən gələni edirik”.

Saatlı Rayon İcra Hakimiyyətindən də problemin qismən də olsa, həll edildiyini söyləyiblər:

“Xəbərimiz var. Bir neçə gün öncə vəziyyət daha da pis idi. Ancaq indi xeyli adam sahəsini suvarıb. Tezliklə problem tam həll ediləcək”.

Meliorasiya və Su Təsərrüfatı ASC-nin mətbuat xidmətinin sözçüsü Dilqəm Şərifov “BBC News Azərbaycanca”ya yaranmış problemi "son zamanlar Araz çayında suyun sərfinin azalması” ilə izah edib.

"Digər problem isə içməli, işlətməli suyun olmamasıdır"

"Digər problem isə içməli, işlətməli suyun olmamasıdır"

Mənbə: Meydan TV

O bildirib ki, hazırda "xidmət etdiyi əkin sahələri nəzərə alınaraq rayonlararası su bölgü limitləri hazırlanıb və suyun miqdarı nəzərə alınaraq, bölgü təsdiq edilmiş limit daxilində həyata keçirildiyi" üçün bir sıra kəndlərdə su təminatında "çətinlik yaranıb".

"Son vaxtlar yaranmış çətinliklər nəzərə alınaraq, İranla birgə istismar olunan Araz su anbarından buraxılan suyun həcmi artırılıb. Növbəti həftənin 1-ci günü axşama rayona tələbata uyğun suyun verilməsi təmin ediləcək", qurum sözçüsü bildirib. Prezident İlham Əliyev də iyulun 23-də keçirdiyi müşavirədə bölgələrdə yaranan su qıtlığına, quraqlılğa toxunub. O, hər gün bölgələrdən su qıtlığı, quraqlıqla bağlı şikayət məktubları aldığını söyləyib:

“Yerlərdə aidiyyəti qurumların laqeyd münasibətinə görə ciddi problemlər yaranıb. Daha çox fermerlər, sahibkarlar yazırlar. Su ilə bağlı rayonlardan hər gün 10-dan çox məktub gəlir”.

İlham Əliyev vurğulayıb ki, bu siqnallar nəzarətdədir və problem operativ qaydada həll olunur:

“Məsələn, çoxumuz sahələrimizi suvarmamışıq".

“Məsələn, çoxumuz sahələrimizi suvarmamışıq".

Mənbə: Meydan TV

“Ancaq bu məsələlər kompleks şəkildə həll etməlidir. Keçən il yaşanan quraqlıq onu göstərdi ki, biz bu böhranlı vəziyyətə hazır deyilik. Böhranlı vəziyyətdə nə etməyin lazım olduğunu aidiyyəti qurumlar düzgün müəyyən edə bilməyiblər. Ona görə keçən il biz vaxt itirmişik”.

Prezident əlavə edib ki, əgər aidiyyəti qurumlar keçən il fəal işləsəydilər, günahı bir-birinin üstünə yıxmasaydılar və təxirəsalınmaz tədbirlər görsəydilər, bu gün Azərbaycan yenidən bu problemlərlə üzləşməyəcəkdi.

Müşavirədə iştirak edən Baş nazirin müavini Şahin Mustafayev isə deyib ki, hazırda əsas su anbarlarında 20,5 milyard kubmetr tutuma qarşı əvvəlki illərdən kəskin aşağı səviyyədə - cəmi 11,1 milyard kubmetr su var:

“Bunun da 8,6 milyard kubmetri ölü həcmdir. Müqayisə üçün qeyd edim ki, əsas su anbarlarında suyun həcmi 2019-cu ildə 12,9 milyard, 2018-ci ildə 14,1 milyard, 2017-ci ildə 14,2 milyard, 2016-cı ildə isə 16,5 milyard kubmetr olub”.

"Bu günlərdə də bizim su problemimiz həll edilməsə, durum daha da ağırlaşacaq”.

"Bu günlərdə də bizim su problemimiz həll edilməsə, durum daha da ağırlaşacaq”.

Mənbə: Meydan TV

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  27 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/xhjh3f

Ən çox baxılan