Saakaşvilini zorla məhbəs xəstəxanasına aparıblar
Gürcüstanın Penitensiar Xidməti sabiq prezident Mixail Saakaşvilinin Tbilisi ətrafındakı məhbəs xəstəxanasına getməsi üçün könüllü olaraq Rustavi məhbəsini tərk etməsi barədə kadrlar yayıb.
Lakin məhbəs xəstəxanasında Saakaşviliyə baş çəkən xalq müdafiəçisi deyir ki, sabiq prezidenti aldadaraq, onu çoxprofilli şəhər xəstəxanasına apardıqlarını söyləyiblər.
Sabiq prezident və tərəfdarları onun məhz mülki xəstəxanaya köçürülməsini tələb edirdilər.
Məhbəsdə artıq 40 gündür aclıq edən Saakaşvilinin sağlamlığı təhlükəli vəziyyət alıb.
Mixail Saakaşvilinin azad edilməsi və parlamentə növbədənkənar seçkilərin təyin olunması – noyabrın 8-i müxalifətin irəli sürdüyü əsas tələblər bunlardır. Gürcüstanın hər yerində keçirilən genişmiqyaslı etiraz aksiyalarında və müddətsiz mitinqlərdə həmçinin eyni tələblər səslənir.
Mixail Saakaşvili 8 illik ayrılıqdan sonra 2021-ci il oktyabrın 1-i gizli olaraq Vətənə qayıdıb, həbs olunub və məhbəsə göndərilib. Sabiq prezident məhbəsə düşən kimi aclıq elan edib.
Gürcüstanın üçüncü prezidentinə qarşı bir neçə cinayət işi açılıb, o, artıq iki cinayət işinə görə mühakimə edilib və 6 il müddətinə azadlıqdan məhrum olub. Vəkilləri uzun müddətdir ki, onun xəstəxanaya köçürülməsini tələb edir, belə ki aclıq çəkən sabiq prezidentin sağlamlığı günü gündən pisləşir.
Cəzaların İcrası Nazirliyində bəyan ediblər ki, zərurət yarandığı halda onu məhbəs xəstəxanasına köçürəcəklər. Lakin orda sabiq prezidentin müalicəsi üçün zəruri avadanlıq və təhlükəsiz şərait yoxdur. Belə ki kriminal dünyada Saakaşvilinin xeyli düşməni var, vəkillər və Gürcüstanın xalq müdafiəçisi Nino Lomcariya bəyan edir.
Saakaşvili məhbəs xəstəxanasına köçürülməsinə razı olmayıb və aclığı dayandırmaqdan qətiyyətlə imtina edib.
Hakimiyyət bəyan edib ki, “böyük ictimai maraq doğurduğuna görə”, məhbəs Mixail Saakaşvilinin xəstəxanaya getməsi kadrlarını dərc edib. “Biz məhbəs Mixail Saakaşvilinin kameradan könüllü şəkildə çıxmasının aşkar sübutunu nümayiş etdirmək istəyirik”, – Penitensiar Xidmətin bəyanatında deyilir.
Agentliyin yaydığı videoda Saakaşvilinin əşyalarını iki paketə yığaraq, Rustavi məhbəsindən çıxamsı göstərilir.
Xəstəxanada Mixail Saakaşviliyə baş çəkən xalq müdafiəçisi Nino Lomcariya bəyan edib ki, əslində ona mülki xəstəxanaya aparılacağını deyiblər və məhbəsdən bu səbəbdən çıxmağa razı olub.
“Mən bunu şəxsən görmüşəm. Biz bunu müzakirə etmişik, sabiq prezidentə dedilər ki, Saakaşvili üçün yaradılmış tibbi şura onun çoxfunksiyalı klinikaya köçürülməsi barədə qərar qəbul edib”, – Lomcariya deyib.
Saakaşvilini noyabrın 8-i axşam gizli şəkildə aparıblar və onun harda olması bir neçə saat naməlum qalıb. Halbuki həkimlər 40 günlük aclıqdan sonra sabiq prezidentin sağlamlığı ilə bağlı təhlükə yarandığını söyləyirlər.
Xəbər verilir ki, Saakaşvili hara aparıldığını gördükdən sonra müqavimət göstərib və bədən xəsarətləri alıb. Ədliyyə Nazirliyi bəyan edir ki, o, Qldani məhbəsinin işçilərini təhqir edib.
Mixail Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze onu xəstəsinin yanına buraxmalarını tələb edir. Vəkili Nika Qvaramiya həmçinin sabiq prezidentə baş çəkmək üçün icazə verilməsini xahiş edir. Onun bu icazəni alıb-almayacağı məlum deyil.
Mixail Saakaşviliyə indiyədək yalnız ombudsmenin nümayəndəsi və ombudsmenin özü baş çəkə bilib.
Onların xəbər verdiyinə görə, məhbəsdə səs-küy baş alıb gedir. Kameralardan təhqirlər və söyüşlər yağır. Qldani məhbəsinin ətrafında polis və xüsusi təyinatlılar səfərbər olunub.