Səs yazısı yayılan məktəb direktorunun işdən çıxarıldığı bildirilir

231 saylı məktəb. Foto: bakimektebleri.edu.az

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatında deyilir ki, səs yazısı ilə bağlı araşdırma aparılıb

Martın 2-də səs yazısı yayılan Bakının 231 nömrəli tam orta məktəbinin direktoru Lamiyə İlhamsoyun işdən çıxarıldığı bildirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) məlumatında deyilir ki, direktorun müəllimlərə qarşı davranışı və səs yazısı ilə bağlı araşdırma aparılıb.

Lamiyə İlhamsoy. Foto: bakimektebleri.edu.az

Fəaliyyətində yol verdiyi nöqsanlara görə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə təhsil Lamiyə İlhamsoy vəzifəsindən azad edilib.

“Bildiririk ki, təhsil müəssisələrində sağlam işgüzar mühitin təmin olunması, vətəndaşların təhsil müəssisəsinə etimadının, təhsil müəssisələrinin fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir”, – məlumatda deyilir.

Martın 2-də Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoya məxsus olduğu iddia edilən səs yazısı yayılıb.

Səs yazısında direktorun müəllimlərlə mübahisəsi yer alıb.

Bildirilib ki, direktor müəllimlərin ona ad günü ilə bağlı aldıqları 600 manatlıq hədiyyəni bəyənməyib və bu səbəbdən pedaqoji heyəti təhqir edib.

1984-cü il təvəllüdlü Lamiyə İlhamsoy 2022-ci ildən 231 nömrəli tam orta məktəbin direktorudur.

Ana səhifəSosialSəs yazısı yayılan məktəb direktorunun işdən çıxarıldığı bildirilir