Sərhədsiz Reportyorlar Təşkilatı İlham Əliyevi “mətbuat azadlığı yırtıcısı” adlandırıb

Foto: RSF

Sərhədsiz Reportyorlar  Təşkilatı (RSF) Azərbaycan Prezidenti İlham Əliyevi öz ölkəsində “mətbuat azadlığı yırtıcısı” adlandırıb.

RSF siyahını Jurnalistlərə qarşı cinayətlərdə cəzasızlığın aradan qaldırılması üzrə Beynəlxalq Gün münasibətilə noyabrın 2-də dərc edib.

Siyahıya “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvili, Rusiya Prezidenti Vladimir Putin, Belarus Prezidenti Aleksandr Lukaşenka, Serbiya Prezidenti Aleksandar Vuçiç, İranın ali lideri Əli Xamenei, Macarıstanın Baş naziri Viktor Orban, İsrail ordusu, texnologiya milyarderi İlon Mask və İsrail Müdafiə Qüvvələri başqaları daxildir.

“Onlar öldürür, senzura tətbiq edir, jurnalistləri həbs edir, medianı boğur, jurnalistikanı ləkələyir və ya informasiya manipulyasiyası üçün istifadə edirlər. 2025-ci ildə media işçiləri yenə daha müxtəlif yırtıcı üsulların hədəfi olub”. 

“Mətbuat azadlığının yırtıcıları”nın bəziləri dəqiq informasiya yayılmasını məhdudlaşdırır, bəziləri jurnalistləri öldürür və ya həbs edir, bəziləri isə medianın maliyyəsini manipulyasiya edir və ya ictimai bəyanatlar və məhkəmə iddiaları ilə jurnalistləri susdurur. Bu portretlərin simvolik günündə açıqlanması cəzasızlığın qaçılmaz olmadığını göstərir” , – RSF bildirib.

RSF Azərbaycan Prezidenti İlham Əliyevi ölkədə informasiya məkanını tam nəzarətə götürməkdə və müstəqil medianı susdurmaqda ittiham edib. 

Təşkilatın hesabatında qeyd olunur ki, Əliyevin prezidentliyi dövründə Azərbaycan “media səhrasına” çevrilib.

Təşkilat xatırladıb ki, son illərdə ölkədə azı 26 jurnalist həbs edilib, “AbzasMedia” əməkdaşları isə uzunmüddətli həbs cəzalarına məhkum olunublar:

“Azərbaycan hakimiyyətinin media üzərinə təzyiqləri “Abzas Media” redaksiyasına reyd və onun rəhbərliyi – direktor Ülvi Həsənli və baş redaktor Sevinc Vaqifqızının həbsi ilə başlayıb. Daha sonra “Meydan TV”, “Toplum TV” və “Kanal 13” kimi platformaların jurnalistləri də saxlanılıb”.

Azərbaycan RSF-nin 2025-ci il Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 167-ci yerdədir.

Ana səhifəSiyasətSərhədsiz Reportyorlar Təşkilatı İlham Əliyevi “mətbuat azadlığı yırtıcısı” adlandırıb