“Azərbaycan hakimiyyəti “AbzasMedia”nı saxta ittihamlarla nüfuzdan salmaq və zərərsizləşdirmək istəyir”
“Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı “AbzasMedia işi” üzrə yanvarın 21-nə təyin edilmiş məhkəmə prosesinin Azərbaycanda repressiya və ədalətsizliyin artdığı bir vaxtda baş verdiyini qeyd edərək jurnalistlərin azad edilməsi ilə bağlı çağırışını yeniləyib.
Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye hesab edir ki, Azərbaycan hakimiyyəti “AbzasMedia”nı saxta ittihamlarla nüfuzdan salmaq və zərərsizləşdirmək istəyir:
“Yüksək səviyyəli dövlət korrupsiyası ilə bağlı araşdırmaları ilə tanınan Sevinc Vaqifqızı və həmkarlarının təqib olunması İlham Əliyev rejiminin avtoritar meyllərini nümayiş etdirir. Bu ittihamlar hakimiyyətdən sui-istifadə hallarını ifşa etməklə rejimə meydan oxuyan “AbzasMedia” kimi müstəqil medianı nüfuzdan salmaq və zərərsizləşdirmək üçün daha geniş strategiyanın tərkib hissəsidir”.
Jurnalistlərə qarşı ittihamların əsassız olduğunu qeyd edən “Sərhədsiz Reportyorlar” müdafiə tərəfinin qaldırdığı vəsatətlərin bir qayda olaraq rədd edilməsinin icraatının özbaşınalığından xəbər verdiyini bildirib.
Təşkilat jurnalistlərin dərhal azad edilməsini tələb edib. Azərbaycanın beynəlxalq tərəfdaşlarını, xüsusən də Avropa İttifaqını ölkə ilə əməkdaşlığını mətbuat azadlığında konkret irəliləyişlə şərtləndirməyə çağırıb.
“AbzasMedia işi”…
Azərbaycanda ölkə rəhbərliyi ətrafında korrupsiya araşdırmaları edən “AbzasMedia”nın 6 əməkdaşı – baş direktor Ülvi Həsənli, müavini Məhəmməd Kekalov, baş redaktor Sevinc Vaqifqızı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova, araşdırmaçı jurnalist Hafiz Babalı həbs edilib.
2023-cü ilin noyabrından etibarən sıra ilə həbs olunmağa başlayan jurnalistlərə qarşı qaçaqmalçılıq ittihamı irəli sürülüb.
2024-cü il mayın 31-də isə “Azadlıq” radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə saxlanılıb, evində axtarış aparılıb.
İyunun 1-də ona qarşı “AbzasMedia işi” üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Elə həmin gün “AbzasMedia” bəyanat yayaraq Fərid Mehralızadənin bu media qurumu ilə heç bir əməkdaşlığının və əlaqəsinin olmadığını bildirib.
Daha sonra bu iş üzrə həbs edilənlərin hər birinə qarşı maliyyə məsələlərilə bağlı əlavə 7 ağır maddə üzrə ittiham irəli sürülüb.
Jurnalistlər ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə həbs olunduqlarını deyirlər.