“Sərhədsiz Reportyorlar” Azərbaycanda həbsdə olan jurnalistlərlə bağlı qalereya hazırlayıb

Foto: RSF

Təşkilat bununla ölkədə mətbuat azadlığına qarşı artan təzyiqlərə diqqət çəkməyə çalışıb

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Azərbaycanda hazırda həbsdə olan 25 jurnalistin profilini təqdim edən onlayn qalereya hazırlayıb.

Qalereya vasitəsilə təşkilat, ölkədə mətbuat azadlığına qarşı artan təzyiqlərə diqqət çəkməyə çalışıb.

“İlham Əliyevin rejimi daha da avtoritarlaşdıqca, Azərbaycanda müstəqil medianın üzərindəki təzyiqlər görünməmiş səviyyəyə çatır. 2023-cü ilin noyabrından etibarən senzuranı qəbul etməyən jurnalistlərə qarşı həbslər dalğası başlayıb və davam edir” ,- RSF-nin məlumatında deyilir.

Azərbaycanda 2023-cü ilin sonlarından etibarən başladılan cinayət təqibləri nəticəsində hazırda 25 jurnalist, o cümlədən Meydan TV, “AbzasMedia”, “Toplum TV” kimi müstəqil media orqanlarının jurnalistləri həbs edilib.

Hakimiyyət təmsilçiləri ölkədə siyasi motivli həbslərin olmadığını deyirlər.

“Sərhədsiz Reportyorlar” Təşkilatının (RSF) Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan bu il 180 ölkə arasında 167-ci yerdə qərarlaşıb.

2024-cü ilin sonunda Avropa Şurası Jurnalistlərin Təhlükəsizliyi Platformasının hesabatına görə, Azərbaycan Avropa Şurası ölkələri arasında həbsdə olan jurnalistlərin sayına görə Belarusdan sonra ikinci yerdədir.

Jurnalistlərin Təhlükəsizliyi Platformasının tərəfdaş təşkilatları – Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi, Avropa və Beynəlxalq Jurnalistlər Federasiyaları və digərləri Azərbaycanda təzyiqlərin dayandırılmasına və jurnalistlərin azad edilməsinə dair dəfələrlə çağırış ediblər.

Ana səhifəSiyasət“Sərhədsiz Reportyorlar” Azərbaycanda həbsdə olan jurnalistlərlə bağlı qalereya hazırlayıb