Sərhədləri aşan təzyiq: mühacir tənqidçilərə qarşı qiyabi həbs dalğası…

Foto-kollaj: Meydan TV

Son bir neçə gündür ölkədən kənarda yaşayan və Azərbaycan hakimiyyətini açıq platformalarda tənqid edən bir sıra bloger, jurnalist, politoloq, ictimai-siyasi fəal ard-arda Baş Prokurorluğa çağırılır. Hələlik ən son olaraq “Azadlıq” qəzetinin hazırda mühacirətdə olan baş redaktoru Qənimət Zahid bu çağırışla üzləşib. Bundan öncə politoloq Ərəstun Oruclu, tarixçi Altay Göyüşov, jurnalistlər Sevinc Osmanqızı, Beydulla Manafov,  blogerlər Abid Qafarov,  Manaf Cəlilzadə, “Victor Alexander” adlı “YouTube” kanalının təsisçisi Vaqif Allahverdiyev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıblar.

Onlar əsasən, “dövlət əleyhinə yönələn açıq çağırışlar”, “təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə” kimi maddələrlə təqsirləndirilir və barələrində qiyabi həbs qərarı çıxarılıb.

Qənimət Zahid ittihamları qəbul etməyib. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti bununla həmin şəxsləri qorxutmağa çalışır.

Prokurorluğun açıqlamasından sonra Birləşmiş Ştatlarda (ABŞ) yaşayan jurnalist Sevinc Osmanqızı ittihamarı qəbul etməyib:

“Əgər sən bir “YouTube” kanalının aparıcısısansa, hər gün efirdəsənsə və rejimin maraqlarına toxunursansa, potensial hədəfsən”.

Abid Qafarov isə bildirib ki, heç kimi iğtişaşa və ya qarşıdurmaya səsləməyib:

“Amma hakimiyyətin bütün siyasi və sosial institutları məhv etməsi bizi, elə vətəndaş qarşıdurmasına aparır. Ya ölkəyə ədalət Ermənistandakı kimi, ya da Suriyadakı kimi gələcək”.

Parisdə yaşayan tarixçi Altay Göyüşov da Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə – yəni dövlətə qarşı açıq çağırışları təkrar etməkdə və ya qrup halında törətməkdə ittiham olunur və onun barəsində axtarış elan edilib.

Altay Göyüşov məsələni şərh edərkən deyib ki, bu ilin sentyabrında xarici pasportunun müddəti bitdiyi üçün Fransa səfiliyinə müraciət edib. Lakin Azərbaycandan cavab gəlib ki, Nəsimi rayon polis idarəsi məhdudiyyət qoyub, pasport verilməkdən imtina edilir.

“Həm çağırırsınız, həm də pasport vermirsiniz”, – Altay Göyüşov bildirib.

İsveçrənin “qırmızı işığı”: Ekstradisiyaya verilən rədd cavabı

İsveçrənin Federal Ədliyyə Nazirliyi Baş Prokurorluğun bloger Manaf Cəlilzadənin Azərbaycana ekstradisiyası barədə tələbini rədd edib.

İsveçrənin insan hüquq və azadlıqlarına dair öhdəlik daşıdığını xatırladan nazirlik bildirib ki, Cəlilzadə Azərbaycana göndəriləcəyi təqdirdə işgəncəyə məruz qala bilər və ədalətli mühakimə hüququ pozula bilər.

Manaf Cəlilzadə isə ona qarşı ittihamların əsassız olduğunu deyib. Bloger əldə etdiyi ittiham aktını oxuyandan sonra  məlum olub ki, Baş Prokurorluq onun BMT-nin Cenevrə ofisi qarşısında keçirdiyi etiraz aksiyasını da cinayət əməli hesab edib.

Xaricdə yaşayan azərbaycanlı jurnalist və fəallara yönəlik istintaq çağırışları ilə qiyabi həbs qərarları 2023-cü ilin ortalarından etibarən ardıcıl şəkildə artmağa başlayıb.

Ekspertlər və prosesə cəlb olunan şəxslər Azərbaycan hakimiyyətinin bu həbs qərarlarını müxtəlif səbəblərlə izah edirlər. Bəziləri bu addımları tənqidçilərə təzyiq göstərmək və ictimaiyyətdə qorxu yaratmaq cəhdi kimi də qiymətləndirirlər.

“Siyasi Sifarişdir”: Ərəstun Oruclunun qurulan oyun iddiaları

Baş Prokurorluğa çağırılanlardan daha biri, siyasi şərhçi Ərəstun Oruclu Meydan TV-yə ona qarşı irəli sürülən ittihamların siyasi sifarişli olduğunu bildirib:

“Üzərimdə çirkli oyun qurmaq istəyirlər, məqsəd məni daxili çəkişmələrə cəlb etmək və adımı bu proseslərdə alətə çevirməkdir. Dəfələrlə demişəm ki, inqilabın əleyhinəyəm, çünki bu cəmiyyətin içində illərlə yığılan qəzəb və nifrət partlasa, ölkə dağılar, Suriyadan da pis vəziyyət yarana bilər. Kimlərsə öz maraqları naminə bu işi başlayıb və İlham Əliyevi buna inandırıb. Onun qərarı olmadan mənə cinayət işi açıla bilməz, buna yüz faiz əminəm. Bu, siyasi sifarişdir. Görünür, kimlərsə bundan maraq güdür və məni də bu planlarda istifadə etməyə çalışır. Amma bu, alınmayacaq”.

Qorxu Strategiyası? – Cəmiyyətə verilən ismarıclar

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi hesab edir ki, hakimiyyət bu addımlarla cəmiyyətdə qorxu yaratmaq istəyir:

Seymur Həzi
Seymur Həzi, Foto: Meydan TV

“Hökumət göstərmək istəyir ki, ölkədə və ya xaricdə olmasından asılı olmayaraq, onu tənqid edən hər kəsi istədiyi maddə ilə ittiham edib həbs edə bilər. Bu prosesin ardıcıl aparılması da həmin qorxu mühitini gücləndirməyə xidmət edir. İkinci məqsəd isə Qərb ölkələrinə təzyiq göstərməkdir. Hakimiyyət həm Qərbi şantaj edir, həm də onların bu proseslərlə razı olduğu görüntüsünü yaratmağa çalışır. Almaniya və İsveçrə tərəfindən bəzi azərbaycanlıların deportasiya edilməsi də cəmiyyətə belə bir mesaj kimi təqdim olunur”.

Seymur Həzinin fikrincə, Azərbaycan ictimaiyyəti bu qorxu mesajını qəbul etməməli, Qərb ölkələri və Avropa qurumları isə bu tendensiyanın bir hissəsi olmadıqlarını açıq şəkildə göstərməlidirlər.

Hüquqşünas rəyi: “Ekstradisiya yalnız ittiham siyasi motiv daşımadığı halda mümkündür”

Hüquqşünas Fariz Namazlı deyir ki, 2023-cü ilin dekabrında Cinayət Prosessual Məcəlləsinə edilən dəyişikliklər qiyabi icraatın tətbiqinə şərait yaradıb:

Fariz Namazlı
Foto: Fariz Namazlının şəxsi arxivindən

“Həmin vaxta qədər ölkədə olmayan və istintaqdan yayınan şəxslər barəsində yalnız həbs qətimkan tədbiri seçilir, axtarış elan olunurdu və tam cinayət təqibi aparmaq mümkün olmurdu. Yeni fəsil hüquq-mühafizə orqanlarına xaricdə yaşayan şəxslər haqqında istintaq aparmaq, ittiham aktı tərtib edib işi məhkəməyə göndərmək və onların barəsində hökm çıxarmaq imkanı verib. Baş Prokurorluq qiyabi istintaq mexanizmindən ona görə istifadə edir ki, sonda həmin şəxslər barəsində ittiham hökmü çıxarılsın və beləliklə, guya bütün sübutların toplanıldığı, işin tam araşdırıldığı təsəvvürü yaradılsın. Daha sonra hökmlərə əsaslanaraq həmin şəxslərin yaşadığı ölkələrə müraciət edib, Interpol xətti ilə onların ekstradisiyasına nail olmağa çalışsınlar”.

Fariz Namazlının sözlərinə görə, ekstradisiya yalnız ittiham siyasi motiv daşımadığı halda mümkündür. O bildirir ki, iş siyasi sayılırsa, həmin şəxsin Azərbaycana təhvil verilməsi baş tutmur və proses nəticəsiz qalır.

“Qiyabi proseslər daha çox siyasi təzyiq mexanizmidir”

Hüquqşünas Ruslan Əliyev isə bildirir ki, Azərbaycan istintaq aparmaq üçün bu şəxslərin ölkəyə gətirilməsinə məcbur deyil, izahatların alınması və digər prosessual addımların alternativ yolları mövcuddur:

Ruslan Əliyev. Foto: Şəxsi Facebook səhifəsi

“Xaricdə yaşayan və hökuməti tənqid edən jurnalist və fəallar haqqında çıxarılan qiyabi həbslər ekstradisiya üçün hüquqi əsas yaratmır. Bu şəxslərin Azərbaycana verilməsi həm hüquqi, həm də siyasi baxımdan mümkün deyil, çünki onların təqib və işgəncə riski yüksəkdir. Azərbaycan istintaq aparmaq üçün onları ölkəyə gətirməyə məcbur deyil, qiyabi proseslər daha çox siyasi təzyiq mexanizmidir. Avropa ölkələri qeyri-demokratik ekstradisiya praktikasına görə belə sorğulara ehtiyatla yanaşmalıdır”.

Ana səhifəSiyasətSərhədləri aşan təzyiq: mühacir tənqidçilərə qarşı qiyabi həbs dalğası…