Hazırda həbsdə olan keçmiş deputat Nazim Bəydəmirli Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.
Bu barədə Bəydəmirlinin həyat yoldaşı Fəridə Bəydəmirli məlumat yayıb.
Martın 26-da Fəridə Bəydəmirli həyat yoldaşının pisləşməsi ilə bağlı Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidova və Ədliyyə Nazirliyinin Hospitalının rəisi Cəmil Kamilliyə müraciət etmişdi. O bildirmişdi ki, Nazim Bəydəmirlinin səhhəti qəfildən pisləşib və o hospitalizasiya olunmalıdır.
Bundan əvvəl də Nazim Bəydəmirlinin səhhətində bir neçə dəfə problem yaşanıb.
2005-2010-cu illərdə 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən Milli Məclisin deputatı olmuş Nazim Bəydəmirli 2023-cü ilin iyulun 4-dən həbsdədir.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.4 (hədə-qorxu ilə tələb-etmə – xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 182.2.2 (hədə-qorxu ilə tələb etmə – təkrar törədildikdə) maddələrilə ittiham irəli sürülüb.
Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndində baş vermiş etirazlarla əlaqələndirilərək həbs olunduğunu deyir.
2024-cü il sentyabrın 30-da məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.