Təranə Səfərsoy: “Şüvəlan təcridxanasında 5 nəfərlik otaqda 20 nəfər saxlanılır”
Həbsdəki siyasi fəallardan biri – özünü Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti (ALÖV) Partiyasının sədri kimi təqdim edən Rza Səfərsoyun işi üzrə istintaqı başa çatıb. Qanunsuz silah saxlamaqda ittiham olunan Rza Səfərsoy haqqında cinayət işi baxılması üçün yaxın günlərdə Xəzər Rayon Məhkəməsinə göndəriləcək.
Siyasi fəalın vəkili Nazim Musayev istintaqda həm müvəkkilinin, həm də müdafiəçi olaraq, özünün hüquqlarının pozulduğunu deyir. Vəkilin sözlərinə görə, istintaq başa çatandan sonra cinayət işinin materiallarıyla tanış olma mərhələsində təqsirləndirilən şəxs və müdafiəçisinin sənədlərin surətini götürmək hüququ var. Çünki sonradan məhkəmə prosesində şəxsin hüquqi müdafiəsinin həyata keçirilməsi üçün əlində sənədlərin olması vacibdir.
Vəkil deyir ki, Rza Səfərsoyun işində müstəntiq onların bu hüququnu məhdudlaşdırılıb:
“Cinayət işinin materiallarıyla tanış olmaq istəyəndə müstəntiq məni xəbərdar elədi ki, yalnız Rza Səfərsoyun imzası olan sənədlərin surətini çıxara bilərəm. Səbəbini soruşdum. Cavab verdi ki, prokurorun və istintaqın rəisinin göstərişi belədir”.
Nazim Musayev vurğulayıb ki, bu, müdafiə hüququnun həyata keçirilməsinə əngəl yaratmaqdır.
Rza Səfərsoy 2023-cü ilin noyabrından həbsdədir. İddia olunur ki, onun evindən silah tapılıb. Həyat yoldaşı Təranə Səfərsoy isə onun sifarişlə həbs olunduğunu, silahın axtarışa gələnlərin özləri tərəfindən evə qoyulduğunu bildirir.
Noyabrın 24-də Səfərsoylar ailəsinin Xəzər rayonu, Binə-sovxoz adlanan ərazidəki evlərində aparılan axtarış tədbirinin qanunsuz hesab edilməsi üçün bir müddət öncə vəkil məhkəməyə şikayət vermişdi. Lakin şikayət təmin olunmadı.
Təranə Səfərsoy deyir ki, həyat yoldaşı 4 aydır ki, heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanılır. Onun sözlərinə görə, Şüvəlan təcridxanadasında Rza Səfərsoyun saxlandığı kamera 5 nəfər üçün nəzərdə tutulsa da, 20 nəfər qalır:
“Həbs həyatı, üstəlik, belə bir şərait saxlanma Qarabağ qazisi, 2-ci qrup əlil olan Rza Səfərsoy üçün ölüm deməkdir. Rza Səfərsoy ictimai-siyasi fəaliyyətinə, sosial şəbəkələrdəki paylaşımlarına, internet kanalarındakı çıxışlarına görə cəzalandırılır. Buna görə evinə qanunsuz basqın edilib, şərlənərək həbs olunub. Rza bəy yaşam mücadiləsi verir. Dərhal azad edilməsə, ixtisaslaşmış xəstəxanada müayinə, müalicə olunmasa, onu hər an itirə bilərik”.
Təranə Səfərsoy bildirib ki, noyabrın 24-də polislər evdə axtarış aparanda onu iki saata yaxın avtomobildə saxlayıblar. Evdən kompüter, mobil telefon və başqa texniki avadanlıqları aparıblar.
Vəkil Nazim Musayev də Rza Səfərsoyun səhhətində problemlər olduğunu təsdiqləyib. Müdafiəçinin sözlərinə görə, bugünlərdə istintaq təcridxanasında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin həkimləri müayinə edib:
“Onun ürək kardioqrammasını çıxarıblar, analiz götürüblər. Deyiblər ki, nəticəsini Tibb Baş İdarəsinə təqdim edəcəyik”.
Rza Səfərsoy bundan öncə də məhz “Facebook” paylaşımlarına görə həbsdə olub.
O, 2018-ci ilin iyulunda Gəncədə keçmiş icra başçısı Elmar Vəliyevə sui-qəsddən sonra sosial şəbəkələrdə yazdığı statuslara görə 7 ay həbsdə saxlanmışdı. Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar) və 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) maddələrilə ittiham olunan Rza Səfərsoya Səbail Rayon Məhkəməsinin hökmüylə 2 il azadlıqdan məhrumetmə cəzası kəsilmişdi.
Sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişərək, müddəti 7 aya endirib, 2019-cu il fevralın 11-də onu məhkəmə zalından azad etmişdi.
Qarabağ müharibəsi veteranı olan Rza Səfərsoy həm də ikinci qrup əlildir. O, Silahlı Qüvvələrdə zabit kimi xidmət edib. Lakin səhhətindəki problemlərə görə ehtiyata buraxılıb.