Rüşvətdən şikayətçi tələbə cəzalandırıldı

“Bu gün son qərar açıqlanacaq. Əleyhimizə ciddi bir qərar qəbul olunsa, bu, təhsilimə də mane ola bilər”. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin tələbəsi Zəka Mirağayevə hökm oxunur. O, həmin fakültənin dekan müavini Nigar İsmayılzadəni tələbələrdən rüşvət alması ilə ittiham etmişdi. Nigar İsmayılzadə isə iddiaları böhtan adlandırıb və məhkəməyə müraciət edib. Və budur, bu gün Zəka Mirağayev cəzalandırılır.

Vəkil Elçin Sadıqov Yasamal rayon Məhkəməsində hakim Azər Tağıyevin verdiyi hökmü qanunsuz sayır. “Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə ona bəraət verilib. CM-nin 147.2 maddəsi ilə təqsirli bilinərək, ona aylıq əməkhaqqısının 15 faizi tutulmaqla, 1 il islah işləri cəzası verilib. Biz bu hökmdən narazıyıq, qanunsuz və əsassızdır. Bununla bağlı apelyasiya şikayəti verəcəyik”.

Məhkəmə aylıq əmək haqqının 15 faizinin tutulması ilə qərar qəbul etsə də, Zəka Mirağayev hazırda tələbədir və heç yerdə işləmədiyini deyir. O, bu ilin təhsil haqqını da universitetə ödəyə bilməyib.

“Məhkəmə vəsatətlərimizi təmin etmədi. Qərar bizim əleyhimizə çıxdı. Bu, məlum idi. Hakim sifarişlə, ədalətsiz qərar çıxardı”. Zəka Mirağayev bir sıra media orqanlarında fakültədəki qanunsuzluqlardan, dekan müavini Nigar İsmayılzadənin tələbələrdən rüşvət almasından bəhs edib. O, bütün bunların araşdırılması üçün Heydər Əliyev Fonduna, Təhsil Nazirliyinə, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Məsələnin araşdırılması üçün universitetdə komissiya yaradılıb. Nəticədə isə Zəka Mirağayevin ittiham etdiyi dekan müavini Nigar İsmayılzadəyə deyil, tyutor vəzifəsində çalışan Aynur Məmmədovaya töhmət verilib. Bundan öncə də Aynur Məmmədovaya qarşı təzyiqlər olub və xəbərdarlıq edilib.

“2017-ci ilin fevralında artıq iki ildir ki, dekan müavini vəzifəsində çalışan Nigar İsmayılzadənin rüşvətalma və dərs jurnalını dəyişməsi məsələsinin obyektiv araşdırılmaması və təşkil olunmuş komissiyanın yekun qərarda mənim haqqımda qərəzli nəticə çıxarması, davamlı olaraq yazdığım izahatlar məni universitet tərəfindən əməyimin qiymətləndirilmədiyi qənaətinə gəlməyə vadar etdi”. Aynur Məmmədova beləcə istefa verib. O, Zəka Mirağayevin ittiham edildiyi məhkəmədə də şahid qismində ifadə verib.

“Mənim məhkəmədə şahid kimi dindirilməm Nigar İsmayılzadənin etirazına səbəb oldu. Ki, niyə mən məhkəmədə hər şeyi danışmışam. Mübahisə zəminində mənə “tərbiyəsiz”, “başın xarabdı” kimi ifadələr işlətdi. Və mən universitetə gələndə artıq öz ərizəmi yazmışdım”. Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Dinşünaslıq ixtisasına da qəbul dayandırılıb. “Qəbulun dayandırılması, yəqin ki, universitet rəhbərliyinin maraqlarından qaynaqlanır. Bəzən elə olurdu ki, hicablı tələbələr ilin tələbəsi seçilirdi, amma deyirdilər, “yox, hicablı tələbə çıxa bilməz”. Hicablı tələbə yüksək balla qəbul olmuşdu. Amma onu qoymadılar dərsin ilk günü çıxıb tələbə biletini alsın”. Hökmün oxunduğu məhkəməyə nə iddiaçı Nigar İsmayılzadə, nə də onun vəkili Kamandar Nəsibov gəlib. Tələbənin həbs olunmasını istəyən dekan müavini Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. Zəka Mirağayev qərardan apelyasiya şikayəti verəcək.

Ana səhifəVideoRüşvətdən şikayətçi tələbə cəzalandırıldı