Hüseyn Seyidov ittihamı qəbul etmir, böhtan sayır
Şahidlər də onun rüşvət almasını təsdiq etmirlər,
Bakının Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasının keçmiş şöbə müdiri Hüseyn Seyidov hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.
Rüşvət almaqda ittiham edilən keçmiş şöbə müdiri özünü təqsirli bilmir.
Avqustun 9-da onun məhkəməsində xəstəxananın keçmiş baş həkimi Ağahəsən Rəsulov şahid qismində dindirilib.
O, baş həkim kimi fəaliyyət göstərdiyi müddətdə Hüseyn Seyidovdan heç bir şikayət gəlmədiyini, onun xəstələr və ya onların yaxınlarıyla problem yaşamadığını bildirib.
“Heç kimin ondan narazılığı olmayıb. Yaxşı həkim idi. İstər xəstələrlə, istərsə də onların yanına gələn yaxınlarıyla normal münasibətləri vardı. Heç bir problemi yox idi. Kimdənsə pul istəsin, yaxud da alsın – belə bir şey eşitməmişəm”, – deyə Ağahəsən Rəsulov məhkəmədə bildirib.
Onun sözlərinə görə, gün ərzində xəstəxanaya 80-100 xəstə gəlirdi.
Hakim Azad Məcidov bildirib ki, şahidin məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət var.
Bu səbəbdən cinayət işinin materiallarında olan həmin ifadə elan olunub.
Ağahəsən Rəsulovun istintaqdakı ifadəsində yazılıb ki, Hüseyn Seyidovun rüşvət almasından xəbərdar idi.
Onun pul aldığı xəstələri də tanıyırdı:
“Bir dəfə aldığı rüşvətdən 150 manat da mənə verib…”.
Ağahəsən Rəsulov bildirib ki, ifadədə əksini tapmış bu fikirlər ona məxsus deyil.
Onun sözlərinə görə, istintaqda sadəcə, imza atıb, amma orada nə yazıldığından xəbəri yoxdur.
O vurğulayıb ki, istintaqdakı ifadəsini nə özü oxuyub, nə də müstəntiq onun üçün səsləndirib.
Məhkəmədə xəstəxananın arxiv şöbəsinin əməkdaşı Vüsalə Məlikova da dindirilib.
O bildirib ki, arxiv şöbəsində işlədiyindən həkimlərlə o qədər də əlaqəsi olmayıb.
Sənədlərlə işlədiyini deyən Vüsalə Məlikovanın sözlərinə görə, həkimin kiminsə pul aldığını da görməyib.
Xəstəxanada tibb bacısı işləyən Könül Əliyeva da məhkəmədə dindirilib.
Onun sözlərinə görə, qəbul şöbəsində işləyib:
“Gün ərzində 100-120 xəstə qəbul edib, qeydiyyata alırdılar. Dərman təyinatını isə həkimlər verirdi. Həkimlərin xəstələri qəbul etməsi prosesində iştirak etməmişəm”.
Hüseyn Seyidov da ona qarşı irəli sürülmüş rüşvət, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı ittihamlarının əsassız olduğunu bildirib.
Onun sözlərinə görə, istər xəstəxanada müalicə olunan, istərsə də sadəcə, sənəd almaq istəyən şəxslərdən pul tələb etməsi haqda iddialar böhtandır.
Onun işi üzrə məhkəmə prosesi avqustun 22-də davam edəcək.
Hüseyn Seyidov fevralda həbs olunub.
Ağahəsən Rəsulov isə apreldə baş həkim vəzifəsindən azad olunub.
Səhiyyə Nazirliyi onunla bağlı qərarın yaş həddi ilə bağlı olduğunu açıqlasa da, mediada Ağahəsən Rəsulovun vəzifəsini itirməsi onun həmin ərəfədə verdiyi müsahibə ilə əlaqələndirilirdi.
Həmin dövrdə internat məktəbində zorakılığa məruz qaldığını deyən yeniyetmənin videosu yayılandan dərhal sonra o, Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilmişdi.
İddia olunmuşdu ki, həmin iddiaları səsləndirən yeniyetmənin psixi durumu normal deyil.
Ağahəsən Rəsulov isə müsahibəsində bildirmişdi ki, yeniyetmənin psixi problemi yoxdur.