”Rüstəmin fırtınalı həyatı belə yazıldı…”


Ələkbər Əliyev: Təcrübəsiz olduğum bir janrda yazmağa qərar vermişdim


Bugünlərdə İsveçrədə yaşayan azərbaycanlı yazıçı Ələkbər Əliyevin “Mühacir” romanı ingilis dilində, “Amazon”-da onlayn satışa çıxdı. Bu, Ələkbər Əliyevin Azərbaycandan getdikdən sonra yazdığı və Azərbaycan dili versiyası təqdim edilməyən ikinci romanıdır. Müəlliflə “Mühacir” romanının özəllikləri barədə danışmağa qərar verdik.


– “Mühacir” romanının necə yazıldığını bilmək istərdim. İdeyası necə yarandı, səni nə ilhamlandırdı?

– İdeyası Kopenhagendə yarandı. Səhər hekayəni eşitdim, axşam oteldə ilk qeydlərimi aparmağa başladım.

Rusiyalı səyyah İlya Varlamov Kopenhageni “Dünyanın ən yaxşı şəhəri” adlandırır. Mən də Henning Larsenin Opera binasını görəndə, bu fantastik gözəllik qarşısında ağlım başımdan çıxmışdı. Andersenin, Kierkegaardın şəhərində təsvir edə bilməyəcəyim bir azadlıq duymuşdum və o şəhərə ömürlük vurulmuşdum. Həm də o şəhərdə dostum yaşayır, dostun yaşadığı yer həmişə əziz olur. “Mühacir”in əsasında da, bu dostumun ailə dramı dayanır.

Mən ilhama yox, elektrik cərəyanına inanıram. On ildən çoxdur insanlar mənə öz əhvalatlarını danışırlar və indiyə qədər məni vur-tut üç dəfə “tok” vurub, “Mühacir”dəki Rüstəmin hekayəsində olduğu kimi. “Xahiş edirəm, başdan bir də danış” – inana bilmirdim ki, bu sözləri mən deyirəm, hələ bir bloknotu da açıb tez-tələsik nələrsə yazırdım.

Sürixə qayıdandan sonra da ağlımdan çıxmırdı, beynimdə süjetlər qurulur, kəsişir, sonra hamısı silinir, yeniləri yaranır və sən başa düşürsən ki, bir daha Kopenhagenə uçmaq lazımdır. Sonra bir daha, bir daha.

Mənim 90 yaşlı, Alzheimer xəstəsi qəhrəmanım orada yaşayır, mən onun hekayəsini yazıram, o, mənimlə aydın danışa, xatirələrini bölüşə bilmir, amma mənə canlı ünsiyyət lazımdır, yetər ki yanımda olsun, onu görüm, duyum. Diktofonun batareyası qurtarana qədər Rüstəmin ailə üzvlərindən hekayələr dinləyir, ertəsi gün dolu batareya ilə yenə qayıdırdım.

Əlbəttə, qorxularım da var idi. Təcrübəsiz olduğum bir janrda yazmağa qərar vermişdim. Tanımadığım janr, xəstəlik, şəhərlər… O vaxta qədər mənə məlum olmayan müəlliflər, Alzheimer mövzusu ilə həyatıma daxil oldular. Lisa Genova, Cyril Massarotto, Martin Suter, Rowan Coleman – bunlar oxumağa girişdiyim müəlliflərin bəziləridir, hələ mən elmi mətnləri demirəm. Bunların ardından mövzuya dair filmlər gəldi və oxuduqca, baxdıqca, bilikləndikcə, özümə inamım artırdı. Nə danışdığını, kiminlə danışdığını bilməyən və növbəti saniyə söhbətin mövzusunu və müsahibinin kimliyini unudan Rüstəmin fırtınalı həyatı belə yazıldı.


“Mühacir”də indiyə qədər əsərlərində heç vaxt görmədiyim bir şey var – ailə institutuna qarşı bir ehtiram. Azərbaycanlı oxucular sənin romanlarından adətən belə nəticə çıxarırdılar ki, sən bu institutu ələ salırsan. Amma diqqətli oxucu o dəqiqə anlaya bilərdi ki, ələ saldığın bu institutdakı saxtakarlıqlar, pafos, zərərli stereotiplərdir.


“Mühacir”də ailə institutuna qarşı ehtiramda, barəndə bir yazıçı kimi formalaşmış bu fikri dağıtmaq məqsədimi vardı, yoxsa ümumiyyətlə, bu barədə düşünmədən alınıb?

– Ailəni xüsusi bir ehtiramla təsvir etmək kimi məqsədim olmayıb. Yəqin özlüyündən belə alınıb. Bilirsən, akademik mənada tanıdığım ən uğurlu azərbaycanlı, Kopenhagendə yaşayan professor Məsud Aşinadır. O, Kopenhagen Universitetinin nevrologiya üzrə professorudur, Danimarka Baş ağrıları Cəmiyyətinə başçılıq edib, bu yaxınlarda da Beynəlxalq Baş ağrıları Cəmiyyətinin prezidenti seçilib. Biz on iki ildir dostluq edirik və o, nadir azərbaycanlılardandır ki, onun yanında özümü bir azərbaycanlı kimi yaxşı hiss edirəm.

Mənə həmişə maraqlı olub – beynəlxalq miqyasda akademik karyerasının zirvəsində oturan bir insan hansı hissləri keçirir? Necə oldu ki, ilk azərbaycanlılar hələ sovetlər sükut etməmiş, Bakıdan uzaq Kopenhagenə gəldilər, burada təhsil aldılar və elmi nailiyyətlər qazandılar? Bilirdim ki, bu elmi yüksəlişin arxasında mütləq bir ailə faktoru dayanır və nəhayət, bu qeyri-adi azərbaycanlı ailəni kəşf etdim. Ailə başçısı Alzheimer olmasaydı, mənə çox şey danışardı, amma qırıq-qırıq, rabitəsiz xatirələri də bəs etdi ki, ailənin sirrini çözüm. Sən demə, bu uğur hekayəsinin arxasında ailədən gələn “tənqidi düşüncə” (critical thinking) ruhunda tərbiyə dayanırmış. İnanılmazdır. Nə qədər çətin və imkansız görünsə də, bir azərbaycanlı ailənin nümunəsində mümkün olub. Tənqidi düşüncə – o varsa, qalan hər şey düzələndir.

Azərbaycanlılar özlərini çox yükləyiblər, qaldıra bilməyəcəkləri məsuliyyətin altına giriblər. Hər şeyi olduğu kimi, ailələrini də unikal və analoqsuz elan ediblər. Sonra buna inanıblar.

Kitabın üz qapağı
Kitabın üz qapağı


– “Mən ancaq yaxşı azərbaycanlılarla dostluq edirəm” demişdin, yadımdadır. Hiss olunur ki, sən həm də “yaxşı azərbaycanlılar”la fəxr edirsən. Bunun adı latent patriotluq olmasın?

– Fəxr etmək dedin, yadıma bir əhvalat düşdü. Kopenhagenin naxışlarından biri olan – anarxizm adası “Christiania”da, bir axşam hippilərin arasında dincəlirdim. Məclisə yolunu azmış, hal əhli bir yunan gəldi. Bahalı kostyum geyinmişdi, sir-sifətindən aristokratlıq yağırdı. Alışqanımı istədi, hardan gəldiyimi soruşdu. “İsveçrədən” dedim. Sonra bir daha soruşdu, “Azərbaycandan” dedim. “Bu ölkə haqqında az eşitmişəm” deyəndə qayıtdım ki, “Sən bir yunan olaraq Meteoranı yaxşı tanıyarsan. Spiros Stathoulopoulosun Meteora haqqında çəkdiyi eyniadlı filmdə, baş rolda Azərbaycan əsilli aktrisa Tamila Quliyeva oynayır. Biz oralara qədər gedib çıxmışıq”.

Heç dəxli var? Bunu ona niyə dediyimi bilmirəm, adətən əcnəbilərlə belə söhbətlər aparmıram. Yəqin Kopenhagenin suyu, Christianianın havasındandır – belə yerdə “yaxşı azərbaycanlılar” daha yaxşı görünürlər. Adam onlarla fəxr etmək istəyir.


– Romana qayıdaq. Bildiyim qədərilə heç vaxt İranda olmamısan. Olmadığın bir ölkə barədə «Mühacir»də necə elə detallı, dolğun mənzərələr, təsvirlər yarada bilmisən? Bu sualı sənə “Gilə”dəki Laçın təsvirlərini oxuyandan sonra vermək istəyirdim…

Bu işin əlbəttə bir texnikası, məsləhətçiləri var, mənbələrin araşdırılması var, amma cavab daha sadə və üzdədir – olmadığım ölkələr haqqında ona görə belə detallı, dolğun mənzərələr, təsvirlər yarada bilirəm ki, bu mənim işimdir və mən, bu işi çox yaxşı bacarıram. Bu, Təbrizə də, Tehrana da aiddir, Laçına da.


– Beləliklə, romanın ingiliscə nəşri artıq “Amazon”-da satışdadır. Bir Harvard professorunun kitaba təqdimat yazdığını gördüm. Ümumiyyətlə, tərcümə, redaktə prosesində çətinliklər yaşadınmı? İngiliscəyə tərcümə olunmaq, bu dildə nəşr olunmaq nəinki Azərbaycanda, dünyada bir çox yazıçının arzusudur. Ona görə işin texniki tərəfi ilə maraqlanıram.

“Mühacir”in ingiliscəyə tərcüməsini Esmira Serova edib, bizim onunla tanışlıq və əməkdaşlığımız “Artuş və Zaur” romanından başlayıb. İngiliscəyə bədii ədəbiyyat tərcüməsi üzrə, Azərbaycanda ondan yaxşısını tanımıram. Amma tərcümə nə qədər səliqəli olsa da, bir ingilisdilli redaktorun əlindən keçməli idi. Onun axtarışları ilə, romanın ingiliscə yayım hüquqlarına malik New-Yorkdakı şirkət məşğul oldu. Maryl Cornell redaktə işinə belə cəlb olundu. Maryl tanınmış yazıçı və peşəkar redaktordur. Onunla işləməkdən zövq aldım.

Təqdimat yazısının müəllifi, Harvard Tibb Məktəbinin professoru Michael Moskowitzlə isə şəxsi tanışlığım yoxdur, amma ortaq dostumuz var. Cənab Moskowitz eyni zamanda rejissor Woody Allenin də çox yaxın dostu, nevropsixologiya üzrə məsləhətçisidir. “Mühacir“i professora oxutmaq imkanı təsadüfən yarandı, mənim üçün də gözlənilməz oldu. Mən sadəcə fürsəti dəyərləndirdim və doğrusu romanı oxuyacağını, üstəlik ona resenziya yazacağını gözləmirdim. Romanın onun təqdimatında nəşr olunması mənim üçün də sürpriz oldu.

Əslində, professor Moskowitzdən əvvəl romanı danimarkalı rejissor-ssenarist Susanne Bier oxumuş və öz qeydlərini paylaşmışdı. Susannenin “İntiqam” filmi 2011-ci ildə, xarici dildə ən yaxşı film nominasiyasında “European Film Awards”, sonra “Qızıl Qlobus” və ən nəhayət, “Oskar” mükafatlarını qazanıb. Ümumilikdə romanı çox bəyəndiyini söylədi və bəzi xırda stilistik qüsurlara işarə etdi. Biz də onları nəşrdən əvvəl nəzərə aldıq.


– Yaradıcılıq karyeranda elə bir zirvə ola bilər ki, sən o zirvədən Meydan Tv-yə müsahibə vermək istəməyəsən?

– Ola bilər. Amma mən zirvədə olmadan da müsahibə vermək istəmirəm. Neyləyim ki, sənə “yox” deyə bilmirəm. Yoxsa müsahibə-filan boş işlərdir.

Ana səhifəVideo”Rüstəmin fırtınalı həyatı belə yazıldı…”