”Rüstəm Usubovun 2 dəfə geri qaytardığı işə baxılmır”

Vətəndaş özəlləşdirdiyi obyektinin zorla əlindən alındığını deyir

Source:


Vətəndaş özəlləşdirdiyi obyektinin zorla əlindən alındığını deyir

““Auto Azerbaijan” şirkəti obyektimi qanunsuz və xəbərim olmadam dağıdıb. Yerində özünə ofis tikib. Bütün sənədlərim qaydasındadır. Rüstəm Usubov Nizami rayon Prokurorluğunun qərarını 2 dəfə ləğv etsə də, prokurorluq bununla bağlı heç bir araşdırma aparmayıb”, – Bakı şəhər sakini Qəzənfər Fətullayevin sözləridir.


“Hədə-qorxu ilə məndən obyekti tərk etməyimi tələb etdilər”

O, obyektinin qanunsuz söküldüyü, şikayətinə baxılmadığı üçün Meydan TV-yə müraciət edərək bildirir ki, 1998-ci ildə Nizami rayonu, Ə.Nəvai küçəsi 1 ünvanında yerləşən Qazan-mexaniki zavodunun idarə binasında ümumi sahəsi 30,5 kv.m olan iki otağı qanuni olaraq özəlləşdirib. Daha sonra fəaliyyətini dayandırsa da, obyekt sənədləri ilə ona məxsus olub:

“3 il əvvəl “Auto Azerbaijan” şirkəti mənə 15 min manat təklif edərək ərazidə tikinti işləri aparacağını dedi. Razılaşmadım. Çünki hazırda Babək prospektində yolun kənarında yerləşən ofis yerlərinin qiyməti bundan qat-qat bahadır. Daha sonra hədə-qorxu ilə məndən obyekti tərk etməyimi tələb etdilər. Mənim razılığım olmadan obyekt dağıdıldı və hazırda tikinti işi aparılır. Mən əlimdə rəsmi sənədlərlə qalmışam, heç bir şey edə bilmirəm”.


“Günahkarlar barəsində cinayət işi açılmayıb”

Qəzənfər Fətullayev deyir ki, artıq 3-cü ildir hüquq-mühafizə orqanlarına dəfələrlə müraciət edib. Buna baxmayaraq, günahkar şəxslər cəzalandırılmayıb:

“Əmlakım nəinki mənə qaytarılıb, hətta günahkarlar barəsində cinayət işi belə açılmayıb. Hər dəfə Bakı şəhəri Nizami rayon Prokurorluğu cinayət işi açmaqdan imtina edir”.


“Rüstəm Usubov prokurorluğun qərarını 2 dəfə ləğv etsə də…”

Şikayətçi sonuncu dəfə ötən il noyabrın 5-də baş prokurorun birinci müavini Rüstəm Usubova müraciət etdiyini bildirib:

“Rüstəm Usubov Bakı şəhər Nizami rayon Prokurorluğunun qərarını 2-ci dəfə ləğv edərək, təkrar araşdırma aparılması üçün yenidən Bakı şəhəri Nizami rayon Polis İdarəsinə qaytarıb. Həmin qərar Polis İdarəsinə 16 noyabr 2015-ci il tarixdə daxil olub. Vəkilim bildirib ki, o vaxtdan keçən 2 ay müddətində heç bir istintaq araşdırması aparılmayıb. Media vasitəsilə aidiyyatı qurumlara müraciət edərək problemin həll olunmasını xahiş edirəm”.


“Şirkətimizlə onun arasında hər hansı bir problem yoxdur”

“Auto Azerbaijan” şirkətinin marketinq şöbəsinin əməkdaşı Ayla Allahverdiyeva Meydan TV-yə deyib ki, obyekti sahibindən alıblar: “Qəzənfər Fətullayevin həmin binada kiçik bir otağı var idi. Biz binanın alqı-satqısını sahibkarla etmişik. Yəni, onun kiçik obyekti ümumi böyük bir binanın içində olub. Biz də həmin binanın sahibi ilə danışıb, pul ödəyib binanı almışıq. Vətəndaş gedib binanın sahibi ilə razılığa gəlməlidir. Şirkətimizlə onun arasında hər hansı bir problem yoxdur”.

Ana səhifəXəbərlər”Rüstəm Usubovun 2 dəfə geri qaytardığı işə baxılmır”