Bu karantin dönəmi, evdə qalıb zorən telekanallara baxmaqla dilimizin hansı günə gətirildiyini bir daha xatırlatdı
“Azərbaycan Respublikasının dövlət dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur”.
“Dövlət dili haqqında” qanunda (30 sentyabr 2002-ci ildə qəbul edilib) belə yazılıb. Bu karantin dönəmi, evdə qalıb zorən telekanallara baxmaqla dilimizin hansı günə gətirildiyini bir daha xatırlatdı. Baş nazir Əli Əsədovun heç bir dilə bənzəməyən, ancaq bir az bizim türkcəmizə yaxın dildə Azərbaycan vətəndaşlarına müraciətlərini dinlədik. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun Baş nazirin dilinə bənzər çıxışından “zövq” aldıq. Telekanallarsa müxtəlif adamlarla canlı bağlantılarıyla lap gül vurdu. Dövlət dili Azərbaycan dili olmasına baxmayaraq, bəzi aparıcılar müsahibləri ilə rusca danışdılar, çox vaxt da danışıqlarını tərcümə etməyə ehtiyac duymadılar. Bəzi veriliş və filmlər rusca efirə verildi, ancaq titrdə Azərbaycan dilində yazılmaqla. Rus dilini bilməyən tamaşaçılar vecə alınmadı. Dövlət dili haqqında Qanundasa yazılıb:
“Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları dövlət dilini mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya və radio kanallarında dublyaj olunan filmlər və verilişlər dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır”.
2009-cu ildən Azərbaycan telekanallarında türkcə filmləri qadağan etdilər, türk dili “yabançı dil” olduğu üçün, filmlər yalnız dublyajla efirə gedə bilərdi. Ancaq Azərbaycanda yaşayan bütün xalqlar türkcəni anlaya bilir, bunun əksi olaraq rus dilinisə çoxu bilmir. Çoxunun bu dili bilməməsi rəsmilər üçün problemli görünmür. Sanki qulaqları rus dilinə öyrəşdirir müstəqil ölkənin telekanalları. Əslində, təəccüblü deyil. Azərbaycan hakimiyyətində ən yüksək post tutanların çoxu rusdillilərdir, onlar ailələrində bu dildə danışır. Hərdən xalqın qarşısında, ya da Milli Məclisdə çıxış etmək gərəyi yarananda çıxılmaz duruma düşür, lətifəyəbənzər çıxışlarıyla gülüş hədəfinə çevrilirlər. Keçmiş və indiki Baş nazir, keçmiş Mədəniyyət naziri, BŞİH başçısı, Xarici işlər naziri, Dövlət İmtahan Mərkəzinin sədri və başqaları. Dövlət idarələrində əsas ünsiyyət vasitəsi də rus dilidir. Parkda, küçədə, məhəllələrdə belə qulaqlarımıza tez-tez bu dildə danışıqlar dəyir. Valideynlər də son illər uşaqlarını daha çox rus məktəblərinə qoymağa üstünlük verirlər. Onları da qınamaq olmur, ali məktəblərə qəbul zamanı “rus sektoru”nu bitirənlərə çox böyük güzəştlər olunur, rusdillilər minimal balla tələbə adını qazanır. Hər hansı iş tapmaqda rusdilli olanlara yaşıl işıq yandırılır.
Həmin məktəblərdə də Rusiyanın dərs vəsaitlərinin üstün olduğu deyilir. Elə məktəblərin də sayı son illər artıb.
Azərbaycanın I vitse-prezidenti Mehriban Əliyeva Rusiya prezidenti Vladimir Putinlə
görüşü
ndə ölkəmizdə rus dilinə böyük hörmət qoyulduğunu deyib:
“Azərbaycanda rus mədəniyyətinə, rus dilinə çox böyük hörmət bəsləyirlər. Respublikamızın paytaxtında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Moskva Dövlət Birinci Tibb Universitetinin filialları çox uğurla fəaliyyət göstərir. Bu ildən etibarən Azərbaycan Diplomatik Akademiyasının və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun ikili magistr diplomları proqramının birgə həyata keçirilməsinə başlanıb. Azərbaycanda 338 məktəbdə tədris rus dilində aparılır, 14 dövlət ali məktəbində rusdilli bölmə fəaliyyət göstərir”.
Başqa dillərə sevgi olmalıdır, yaxın qonşu, eyni zamanda milyonlarla vətəndaşının bu və ya başqa səbəbdən sığındığı, yaşadığı ölkənin dilini bilmək (bütün mənalarda) çox faydalıdır, ancaq ana dili, qanunda yazıldığı kimi, hamısından üstün olmalıdır.
Hakimiyyətin tez-tez müqayisə aparmağı sevdiyi Ermənistanda (oranı həm də Rusiyanın for-postu sayırlar) Dil haqqında 1993-cü ildə qəbul edilən qanunun tələblərinə görə, başqa dillərdə, xüsusən də rus dilində tədris verən orta məktəblərin hamısı bağlanıb, erməni dilində tədrisə keçilib.
Bilməyənlər üçün xatırlatma: Qarabağın işğalı birbaşa Rusiyanın iştirakıyla olub, bu gün də Ermənistanın əsas müdafiəçisi rəsmi Moskvadır.
Gürcüstandasa 80 azərbaycandilli, 117 ermənidilli, 11 rusdilli məktəb var.
Bu qonşu ölkədə 233 min azərbaycanlı, 170 minə yaxın erməni yaşayır. Ermənilərin əhali sayı az olsa da, məktəb sayı bizdən çoxdur.
Bəxtiyar Vahabzadənin “Latın dili” adlı şeiri var, nə vaxt yazıldığını bilmirəm, ancaq dəqiq yadımdadır, müstəqillikdən xeyli qabaq, uşaq olanda əzbərləmişdim o şeiri.
Latın dili!
Hər sözündə dünya boyda yük daşıyır,
Latın dili! –
Millət ölüb, dil yaşayır…
…Sən dərdə bax,
Vətən də var,
Millət də var.
Ancaq onun dili yoxdur…
Yazını Qanundan bir sitatla bitirək:
“Azərbaycan Respublikasında dövlət dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin işlənməsinə müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa cəhd etmək qadağandır”.
Qadağalar onu pozmaq üçündür, həm də ən yüksək səviyyədə…