Ruslar savaş istəyirmi?

Foto: Meydan.tv

Yazar: Zərdüşt Əlizadə

Bütün bunları Xarkov və Kiyevin dağıntı fotolarından təsirlənib yazıram


Tarixi məhz qaliblərin yazdığını kim bilməz ki?! SSRİ, İkinci Dünya Savaşının qalibi kimi, bu savaşa öz baxışını yazdı və bu baxışı, ən azı, sovet adamlarının beyninə yeritdi.

Mən ömrümün 45 ilini sovet adamı olmuşam və təbii ki, tarixə sovet baxışının təsiri altında formalaşmışam. Həmin baxışa görə, ruslar nə keçmişdə savaş istəyib, nə də indi istəyir, olsa-olsa, başqa xalqlar rusları buna vadar ediblər. Yevgeni Yevtuşenko bunu öz şeirində istedadla dilə gətirib. Eduard Kalmanovski həmin şeirə musiqi bəstələyib və Mark Bernes o mahnını 1961-ci ildə çox gözəl ifa edib.

O vaxtdan bəri “Ruslar savaş istəyirmi?” mahnısı rus sülhsevərliyinin vizit kartına çevrilib.

İstedadlı şair bu suala ta kimlərdən və nələrdən cavab almaq istəmir – “lal səssizlikdən, ağcaqayın və qovaq ağaçlarından, ağcaqayın ağaçları altında əbədi uyuyan əsgərlərdən, analardan, mənim xanımımdan…”. Cavabı soruşulanların sayı bitib-tükənməsə də, şair əmindir ki, onların hamısı “yox” deyərək, “ruslar savaş istəmir” sözlərini dilə gətirəcək.

O sual daim məni həyəcanlandıraraq içimi sızladıb. Doğrudan da, ruslar savaş istəyirmi? Amerikalılar istəyirmi? Avropalılar istəyirmi? Ermənilər istəyirmi? Azərbaycanlılar istəyirmi? Ərəblər istəyirmi? Yəhudilər istəyirmi? Vyetnamlılar istəyirmi? Çinlilər istəyirmi? Almanlar istəyirmi?

Və bütövlükdə necə ola bilər ki, hər hansı xalq “savaş istəsin, ya istəməsin?”

Öz həyat təcrübəmə söykənib mən də cavab verim ki, rus da, başqa bir xalq da nə vaxt və kimə savaş açacağını soruşmaz. Savaşı siyasətçilər başlar, axı “savaş siyasətin başqa vasitələrlə davamıdır”. Başqa deyimlə, bir tərəfin siyasətçisi o biri tərəf siyasətçisinin tələbini qeyd-şərtsiz yerinə yetirməkdən boyun qaçırarsa, o zaman özünü güclü sayan siyasətçi savaş başladar.

Şərti götürdüyümüz rus, ya da almanın, erməni, ya da azərbaycanlının, ərəb, ya da yəhudinin savaşa dəstəyinə necə nail olmağa gəlincə, bunun hazır texnologiyaları var. “Ura-patriotluq” texnologiyasının təsiriylə istənilən xalqı bir müddət savaş tərəfdarına, “savaş istəyənə” çevirmək olar. Yalnız sonra – savaş uzandıqca uzanar və itkilər çoxalarsa, xalqın özünüqoruma duyğusu geri dönər və bu xalq savaş əleyhdarına çevrilər.

1965-ci ildən ta 1970-ci ilədək Amerika xalqının mütləq əksəriyyəti Hindçini başdan-başa tutmaq istəyən qıyıqgöz Vyetnam “kommi”lərinin yolunu kəsən ABŞ əsgərlərini bütün qəlbiylə dəstəkləyirdi. Öldürülən amerikalıların sayı 50 min nəfəri aşınca, xalq küçə və meydanlara axışdı. Dünya savaş əleyhinə Amerika hərəkatının qəhrəmanlıq və uğur dolu səhnələrinə şahid oldu. Prezident Riçard Nikson ABŞ-ın yenildiyini etiraf etməyə məcbur qaldı.

Yarımrəsmi sosiologiyaya inansaq, indiki mərhələdə rus xalqının əksəriyyəti (70 faizindən çoxu) “savaş istəyir”. Rus xalqı, hələ ki, 1965-ci ilin amerikalıları kimidir. İnanıram ki, amerikalıların patriotik beşilliyni ruslar bir neçə aya becid-becid başa vuracaq. Hələ ki, küt və oğru hakim siyasətin dünənki qatı tənqidçiləri, rus YUTUB-unun ulduzları bir göz qırpımında Putin avantürasının məddahlarına çevrilərək, aldanışlı “rus dünyası”na iyrənc mədhiyyələr oxuyurlar.

Bir ovuc liberal ovqatlı vətəndaş rus xalqının şərəfini qurtarmağa çalışır. Rusiya hakimiyyəti onlara qara yaxaraq həbsxanalara atır. 1968-ci ildə Çexoslovakiyanın işğalıyla bağlı Qızıl Meydana 8 adam çıxmışdısa, indi bütün Rusiyada minlərlə adam çıxır və… həbsxanalara atılır. Deməli, heç də bütün ruslar “savaş istəmir”.
Amma rus solcuları, o solcuların hamısı (!) bir daha, həm də parlaq şəkildə tam iflasa uğradıqlarını sübuta yetirdilər. Yalnız siyasi baxımdan deyil a, ilk növbədə mənəvi və ideoloji baxımdan sübuta yetirdilər. Mənə elə gəlir, indən belə rus tarixinin solcu səhifələrini çəkinmədən, həm də birdəfəlik qapatmağa dəyər. Solçu ideyası indi Rusiyadakı şəkildə var olacaqsa, yiyəsiz ölü kimi ortada qalacaq. Dəbərir, Dövlət Dumasında söz alıb, iclaslara qatılır, ancaq öldüyünün fərqinə varmır. Axı gerçək solcu ideyası imperialist və “patriotik” ola bilməz. Varsa, beynəlmiləlçi və savaş əleyhdarıdır, əks halda, demək ki, solcu deyil.

Nə vaxt rus xalqı ayılacaq? Bu xalq “jid-banderovçu Ukraynaya qarşı qələbəylə bitən antifaşist və antinarkoman savaşının” qapqara dumanı çəkiləndən sonra gerçəkliyi adekvat qavramağa başlayacaqmı?

Putin və qul-beçələri qardaş xalqa qarşı öz cinayətkar təcavüzünə haqq qazandırmaq üçün necə iyrənc sözlər seçib-toplayıb!

Rus xalqının ayılması əlinin dürüst bilgi qaynaqlarına çatmasından asılıdır. Putin bunu anlayır və rus xalqının alternativ bilgi qaynaqlarıyla bütün bağlantılarını qətiyyətlə kəsir. Bu, çağdaş dünyada boş və faydasız əməl kimi görünsə də, rus gerçəkliyini tanımayan adam belə düşünə bilər. Ortalama rus insanının cahillik səviyyəsinə, onun çox sıxıntılı maddi varlığına, hakimiyyət piramidasından asılılığına, dolaşıb qalmasına, rus aləmindəki əsatirlərin dirənişsiz əsirinə çevrilmə dərəcəsinə nabələd adamı deyirəm. Sovet “sovok”u – bütün düşünə bilən insanların nifrət hədəfi cildini dəyişərək, ayfonlu və smartfonlu klassik yehuya – “Qulliverin səyahəti”ndəki insanabənzər cırtdan varlıqlara dönüb. Qoy ortalama rus vətəndaşının yaşamı asanlaşdıran elektron qadcetləri sizi çaşdırmasın. Onun, ucuz, ya bahalı, o əcnəbi pal-paltarının altındakı sinəsində Şarikovun ap-adicə it ürəyi döyünür. Əksər rusiyalının acı taleyi belə formalaşıb.

Rus xalqının oyanışı rus ordusundakı itki sayından da asılıdır. Bu say önəmli rəqəmə çatsa və Rusiya hakimiyyəti həmin itki barədə həqiqəti gizli saxlaya bilməsə, xalq daha tez oyanacaq.

Parlaq intellektual nəsli olsa da, rus xalqı onların əsərlərinə tam yad-yabançı qalıb. Hakimiyyət hiyləgər ağlıyla necə qurub-quraşdırıbsa, rus intellektuallarıyla rus xalqının əksəriyyətinin yolları haçalanıb. Sovet məktəbinin bəzi məzunları rus intellektuallarının dilini anlasa da, «ЕГЕ»nin, rusca qısaltmanı çevirib açsaq, “Vahid Dövlət İmtahanının” övladları bu dili, sadəcə, anlamaq iqtidarında deyil. Eynən almanların savaş boyunca navaho qəbiləsinin dilindən agah olub, şifrəsini aça bilmədiyi kimi. ABŞ ordusu düşmənin xəbər tutmaması üçün həmin dildən faydalanırdı.

Rus xalqı həvəslə korazehin rus popunu dinləyib-oxuyur, Petrostyanla TNT-nin şit zarafatlarına gülür, zombiləşdirən “yeşik”də bəsit teleserillara bayılır, nə kitab, nə də ciddi məqalə oxuyur, həm də ümumiyyətlə oxumur, İnternetdəsə pornoya və gülünç pişik videoçarxlarına baxır. Önə çıxan uğurlu ruslar içib qızlarla əylənir, Rusiyanı dağıtmaqdan, vətənin təbii sərvətlərini talayıb-satmaqdan böyük pullar qazanır.

Mən böyük və klassik rus ədəbiyyatı ortamında böyümüşəm. Puşkin, Qoqol, Turgenev, Dostoyevski, Tolstoy, Çexov, Qorki, Şoloxov, Şukşin, Şalamov, onlarca başqa vicdanlı və yetənəkli şəxsiyyətlərin əsərlərini oxumuşam… Tək-tük halları çıxsaq, çağdaş rus vətəndaşı onlardan xəbərsizdir. Alman kriptoqrafları navaho dilindəki sözləri anlaya bilmədiyi kimi, o da doktor Dımovun əzablarını, davranış məntiqini anlamaq gücündə deyil.

Bütün bunları Xarkov və Kiyevin dağıntı fotolarından təsirlənib yazıram. İstər Xarkovda, istərsə Kiyevdə sovet dönəmində olmuşam və həmin şəhərlərin gözəlliyinə və əzəmətinə vurulmuşam. Mənə doğmalaşdığından o şəhərlərlə fəxr edirdim. Onlar indi də mənə əzizdir. Rus ordusunun həmin şəhərləri addım-addım və qəddarca məhv etdiyini görüncə ürəyim sızıldayır. Rusiya ordusu öz raket və mərmiləriylə mənim də keçmişimi, “mən”imin zərrələrini məhv edir.

Nə demək olar? Qarğışın nə xeyri? Axı qarğış onu dilə gətirənin özünə qayıdır. Uzun bir ömrün müdrikləşdirdiyi bir insan olaraq, dünyada heç bir cinayətin öcsüz qalmadığını bilirəm. Bu və ya başqa şəkildə Rusiya cinayətlərinin əvəzini ödəyəcək. Belə sözləri dilə gətirmək məni üzür, axı Rusiyanı da sevirəm. Bu ölkə də keçmişimin, mənim varlığımın önəmli dilimidir.

Di gəl, indi ap-aydın görürəm ki, Rusiya mütləq Şərin rəmzinə çevrilir. Ukraynadakı durum mənə 1930-cu illərin ortasının İspaniyasını xatırladır. O vaxt faşist general Franko qiyam qaldıraraq Madridin üzərinə getmişdi. O dönəmlər kollektiv Qərb bitərəf qaldığından, namuslu və vicdanlı insanlar dünyanın hər yerindən respublika hökumətinin tərəfində vuruşmağa yollanmışdılar. Təşkil olunan beynəlxalq briqadalarda dünyanın hər bucağından gəlmiş döyüşçülər çiyin-çiyinə savaşırdılar. Gənc Ernest Heminquey İspaniyadakı vətəndaş savaşında topladığı hərbi təcrübəni istedadla qələmə alıb.

O zaman SSRİ hərbi mütəxəssis və silahlarla respublika hakimiyyətinə dəstək vermişdi. Faşist Frankonu Benito Mussolininin İtaliyası və Adolf Hitlerin Almaniyası dəstəkləmişdi.

İndi Vladimir Putinin başçılıq etdiyi Rusiya Federasiyası öz oğru qul-beçələriylə ötən əsrin 30-40-cı illərinin faşist Almaniyasına çevrilib. İndi Rusiya Federasiyasının dövlət hakimiyyəti mahiyyət baxımından Kominternin o dönəmlər faşizmə verdiyi tərifə tam uyğun gəlir: “Sənaye-maliyyə oliqarxiyasının ən qəddar üsullarla gerçəkləşdirilən diktaturası”. Putin 20 il tələsmədən, məqsədyönlü şəkildə can atdığı sonuca – faşizmə vardı.

Bir dəfə əcaib varlıq doğuran ana bətninin bir daha hamilə qalmaması naminə Rusiyadakı hakim siyasi sinfin denasifikasiyası, onun ziyalılarının “patriotik” bölümü üzərində açıq məhkəmə olmalıdır.

Ana səhifəMənim FikrimcəRuslar savaş istəyirmi?