Müstəntiq: ”Bizə Rulsan Nəsirlinin telefonu və ünvanı lazımdır, ona məktub yazmaq istəyirik”
AXCP Gənclər Komitəsinin fəalı Ruslan Nəsirlinin atası Şamil Nəsirli Saatlı rayon Prokurorluğuna çağrılıb. Bu barədə Meydan TV-yə Ruslan Nəsirli məlumat verib. Onun sözlərinə görə, atasına zəng edərək onu soruşublar. Şamil Nəsirli oğlunun yerini bilmədiyini deyib və bu zaman onun özünün prokurorluğa gəlməsini tələb ediblər.
Meydan TV Şamil Nəsirlini prokurorluğa dəvət edən müstəntiq Nemət Məmmədov ilə əlaqə saxlayıb. Nemət Məmmədov deyib ki, Ruslan Nəsirlinin atasını prokurorluğa çağırmayıblar: “Bizə Rulsan Nəsirlinin telefonu və ünvanı lazımdır, ona məktub yazmaq istəyirik. Telefonu olmadığından atasına zəng etdim. Oğlunun nömrəsini istədim, dedi, yoxdur. əlavə etdim ki, yaxındasansa, prokurorluğa gəl, vəssalam. Başqa söhbət olmayıb. Yəni prokurorluğa çağırmaq üçün məktub göndərməliyik, telefonla çağırmarıq. Mənim Nəsirlinin atasını çağırmağımda heç bir məqsədim yoxdur, sadəcə, oğlunun telefonu lazımdır ki, məktub yazaq”.
N.Məmmədov məktubun məzmunu haqqında suala “Zamanı gələndə, izah edəcəyik” – deyə cavab verib.