Ruslan Nəsirli təcridxananı məhkəməyə verib

Partiya funksionerlərini ailə üzvləri ilə görüşməyə imkan vermirlər

Source:
Ruslan Nəsirli
Ruslan Nəsirli


Partiya funksionerlərini ailə üzvləri ilə görüşməyə imkan vermirlər

AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli Kürdəxanı qəsəbəsində yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasını məhkəməyə verib. Buna səbəb onun ailə üzvlərilə həftədə iki dəfə telefonla danışmaq və görüşmək hüququnun pozulmasıdır. Cəbhəçi gəncin vəkili Fariz Namazlı ərizəni Sabunçu Rayon Məhkəməsinə təqdim edib.

Bu barədə Meydan TV-yə AXCP-dən bildirilib. Məlumata görə, R.Nəsirli və mayın 25-də onunla birlikdə həbs olunmuş digər iki partiya funksionerinin (Aqil Məhərrəmli və Babək Həsənov) heç birinə ailələrilə danışmağa və görüşməyə icazə verilmir. Onlara qarşı bu qadağanın rəsmi səbəbi də məlum deyil.

“Təcridxana rəhbərliyi deyir ki, məsələ bizlik deyil, istintaq orqanının göstərişilə onların bu hüquqları məhdudlaşdırılır. İstintaq orqanı da deyir ki, bizlik deyil, biz heç bir qadağa haqda təcridxanaya göstəriş verməmişik. Atırlar bir-birinin üstünə…”, – partiyadan belə deyilib.

R.Nəsirlinin vəkili Fariz Namazlı həm Bakı İstintaq Təcridxanasının rəhbərliyinə, həm də istintaqı aparan orqana – Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə rəsmi şəkildə müraciət edib. Bu müraciətlər də nəticəsiz qalıb.

Həbsdə olan digər cəbhəçi fəalların da ailə üzvləri və vəkilləri onlara qarşı tətbiq olunan məhdudiyyətlərlə əlaqədar müvafiq orqanlara məktublar yazıblar. Babək Həsənovun ailə üzvlərinə Penitensiar Xidmətdən verilən rəsmi cavab məktubunda yazılıb ki, onun görüş və telefon danışığı hüququna təcridxana rəhbərliyi tərəfindən heç bir məhdudiyyət qoyulmayıb.

AXCP Nərimanov şöbəsinin sədri Babək Həsənov, partiyanın Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli mayın 25-də həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pulları leqallaşdırmaqda ittiham olunurlar. İddia olunur ki, S.Rüstəmlinin Rusiyadan AXCP-yə pul göndərdiyi pulları onlar alıb partiya rəhbərinə çatdırıblar. Prokurorluğun rəsmi açıqlamasında 412 min dollardan söhbət gedir.

AXCP sədri Əli Kərimli isə bu ittihamın qondarma olduğunu bildirib və həbsləri partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.

Əli Kərimli deyib ki, Saleh Rüstəmli ilə uzun illərdir dostdurlar. S.Rüstəmli ona dostu olaraq, bir neçə dəfə 500-1000 dollar (ümumilikdə 4-5 min) pul yardımı edib.

Adları çəkilən şəxslərə CM-nin 192 (qanunsuz sahibkarlıq) və 193-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələrinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 7 ildən 12 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Ana səhifəXəbərlərRuslan Nəsirli təcridxananı məhkəməyə verib