Ruslan Çovdarov: Atam dövlətə, İlham Əliyevə və öz nazirinə şərəflə qulluq edib

Ruslan Çovdarov – Foto: GününSesi.info
Ruslan Çovdarov – Foto: GününSesi.info


”Akil Çovdarov etdiyi hərəkətlər və həbs etdiyi insanlarla bağlı tədbirləri qanun cərcivəsində həyata keçirib”




Ötən il ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin həbsdə olan rəisi Akif Çovdarovun oğlu Ruslan Çovdarov “Gununsesi.info” saytına müsahibə verib.



Ruslan bəy, nə zamansa aglınıza gələrdimi, Eldar Mahmudovun “vurulması” ilə atanızın ölkədə böyük rezonansa səbəb olacaq həbsi baş verəcək?

– MTN-nin ləğv edilməsi və Eldar Mahmudovun vəzifəsindən azad olunması birbaşa dövlət başçısı cənab prezidentimiz İlham Əliyevin sərəncamı ilə həyata keçirilib. Yəni, bu, cənab prezidentin səlahiyyətinə aid olan bir işdir. Nəinki mən, hətta heç bir şəxs cənab prezidentimizin qərarını müzakirə edə bilməz. Eldar Mahmudov vəzifəsindən azad edildikdən sonra Akif Çovdarovun bir ay öz işində qalması da onu göstərdi ki, yuxarı dairələrin ona qarşı heç bir qərəzi yoxdur. İndi siz soruşursuz ki ağlınıza gələrdimi? Təbii ki hec bir zaman ağlımıza gəlməzdi ki, belə bir hadisə baş verə bilər. Lakin bir ay müddətində atama qarşı başlayan “qara piar” kampaniyası, ictimaiyyətdə və yuxarı dairələr qarşısında “qanqster” obrazının yaradılması onu göstərdi ki, bu işdə marağı olan bəzi qüvvələr var. O ki qaldı atamın həbsinin rezonansa səbəb olması, bunu həmin qüvvələrin sifarişi, bəzi media nümayəndələrinin şəxsi marağı və düşmənçilik məqsədləri ilə yazıldığını düşünürəm. Atam 40 il dövlətimizə xidmət edib, Daxili İşlər Nazirliyində məsul vəzifələrdə çalışıb, polkovnik rütbəsinə yüksəlib. 1990-cı illərdə Qarabağ müharibəsinin iştirakçısı olub, müharibə veretanıdır. 2005-ci ildən Milli Təhlükəsizlik Nazirliyində işə başlayıb. Cənab prezidentimiz tərəfindən dövlət qarşısında göstərdiyi xidmətlərə görə dəfələrlə orden və medallarla təltif edilib. Azərbaycan Dövlətinə, cənab İlham Əliyevə və öz naziri Eldar Mahmudova şərəflə qulluq edib, ona gostərilən etimadı doğruldub, sadiq olub və olacaq. Mənim buna heç şübhəm yoxdur və bununla qürur duyuram.


– MTN-nin dağılmasından 1 il keçsə də, bütün cəmiyyət hələ də Akif Çovdarovun cinayətlərindən danışır. Atanızın “İşgəncələr kralı “ olmasından xəbərdar idinizmi? Onun iş adamlarını, məmurları qanunsuz həbs edib pullarını, əmlaklarını ələ keçirməsindən bir oğul kimi xəbəriniz olubmu?

– Açığı desəm, bütün cəmiyyətin əvəzinə danışmaq düzgün deyil. Yuxarıda qeyd etdiyim kimi, cəmiyyət yox, müəyyən bir qrup, şəxs və media həmin “cinayətlərdən” danışır. Mediada hallanan “İşgəncələr kralı”, “Qanlı General”, “Qanqster General” kimi ifadələri əsassız ittiham və qarayaxma kimi qiymətləndirmək olar. Axı, məhkəmə yekunlaşmamış və məhkəmənin hökmu çıxmamış kiməsə böhtan atmaq özü də bir cinayətdir. Məsələn, Siz Pərviz Həşimlidən soruşuram: Deyin görək, Akif Çovdarov şəxsən sizə nə pislik edib? Bəlkə sizi o, həbs edib? Döyub, söyub və sizə qarşi hər hansı bir qanunsuzluq edib? Təbii ki, yox. Amma siz Pərviz Həşimli baş redaktoru olduğunuz “Gununsesi.info” saytında atamı “Vətən xaini” belə adlandırmısınız. Azad jurnalist o demək deyil ki, hər ağlına gələni yazmalıdır. MTN işində 21 nəfər həbs edilib, gorəsən, niyə ictimaiyyətin gozündə, məhz Çovdarov şişirdildi?! Bu sifariş deyil, bəs nədir? Bu gün hamıya bəllidir ki, Akif Çovdarovun işi üzrə ittiham aktı bütün media nümayəndələrinin, saytların əlinə hansısa yolla keçib. Baxın görün, bu cinayət işində adı keçən “zərərçəkmişlər” kimlərdir? Dələduzlar, barələrində cinayət işi olanlar, həbsdə olanlar, narkotik vasitə istifadəçiləri və satanları və sair adamlar zərərçəkən kimi tanınır. Yaranmış vəziyyətdən istifadə edənlər var. Bizdə məşhur el məsəlinin- “Yıxılana balta çalınır” durumunun şahidiyik.

Cinayət işində zərərçəkmiş kimi tanınan Biləcəri bələdiyyəsinin keçmiş sədri İlham Məhəmməd oglu Xəlilovdur. Bu şəxslə atamın yaxın dostu Adil Yaqubov vasitəsilə tanış olublar və o vaxtdan dostluq munasibətləri olub. Dəfələrlə bizim evdə olub, məclislərdə iştirak edib. Lakin atam həbs olunduqdan 4-5 ay sonra İlham Adil Yaqubovun evinə gəlib, yalvararaq deyib ki, onun küllü miqdarda borcu var, qaytarmasa onu öldürəcəklər. Adil Yaqubova deyib ki, onunla birlikdə Akif Çovdarovun üzünə dursun, ondan şər yolu ilə pul alıb borclarını qaytarsın, onsuz da bu adamın başına iş gəlib və axırı nə olacağı bilinmir. Adil Yaqubov bu təklifi rədd edib, olmayan məsələni yalandan deyə bilməyəcəyini bildirərək, evindən qovub. Bundan sonra İlham Xəlilov prokurorluğa ərizə ilə müraciət edib və araşdırılmadan zərərçəkmiş kimi tanınıb. İlham Xəlilov ifadəsində Binəqədi Bələdiyyəsinin sədri Elman adlı şəxsi də qeyd edərək bildirib ki, guya Akif Çovdarov ondan da 100,000 manat pul alıb. Lakin Elman adlı şəxs istintaqda ifadə verərkən, nə Akif Çovdarovu şəxsən tanıdığını, nə də ona hər hansı pul verdiyini deyib, pulu ondan İlham Xəlilovun MTN adından istifadə edərək tələb etdiyini göstərib. Bu şəxsin nə qədər dələduz olduğunu biz indi öyrəndik. Deyilən məlumatlara görə, Bakı ətrafında ən bahalı torpaqları qanunsuz olaraq, hətta bir pay torpağı bir neçə şəxsə satdığı üçün, İcra Hakimiyyətinə daxil olan şikayətlər əsasında bələdiyyə sədrliyindən və üzvlüyündən qovulub. Hətta bu səxs barəsində cinayət işi olub. İndi bu səxsdən soruşan yoxdur ki, bələdiyyə sədri ola-ola ABŞ-ın Los- Anceles şəhərində, Parisdə və İstanbulda olan mülkləri hansı vəsait hesabına alıb? Və yaxud, digər bir epizoddan danışaq. Saytların qələmə verdiyi “Vosmoy bazarı” məsələsinə toxunaq. Öncə, ondan başlayaq ki, “Vosmoy bazarı” deyilən yerdə 5 ayrı-ayrı kiçik bazar var. Hər biri də başqa-başqa adamlara məxsusdur. Bu bazara bizim heç bir aidiyyatımız olmayıb, bu bazarın 50 faizi kürəkənimiz, 1990- cı ildən Rusiya Federasiyasında yaşayan iş adamı Rövşən Qasımova məxsusdur. Mən bu işlərdən xəbərsiz olmuşam, lakin sonradan mənə bəlli olub ki, bazar Cingiz Əsadov adlı şəxsdən halalıq yolu ilə, dəyəri tam şəkildə ödənilməklə alqı-satqı edilib. Bu işdə adı keçən “zərəçəkmişlər”, Səfərov qardaşları isə hamıya bəllidir ki, reketçiliklə məşğul olub, keçmiş sahibi Çingiz Əsədovdan bazarı zor-güc, hədə-qorxu, onun fiziki qüsurundan (o,1-ci dərəcəli əlildir- red:-Ruslan Çovdarov) istifadə edərək alıblar, qardaşını oğurlayıb və bundan sonra bazarı ələ keçiriblər. Hətta sonralar bazar Cingiz Əsədova geri qaytarıldıqda Səfərov qardaşlarına da halallıq üçün 300.000 ABŞ dolları verilib və banka olan kreditləri tam şəkildə ödənilib.



Atanızın həbsindən sonra ailənizə məxsus villalar, daşınmaz əmlaklar ortaya çıxdı. Bunları general maaşı ilə əldə etmək mümkündürmü?

– Villalar dedikdə, bizim ailənin bir evi, bir bağ evi və bir də dövlət tərəfindən atama verilən mənzilimiz var. Atamı tanıyanlar bilir ki, o, 1996-cı ildən 2004-cü ilə qədər Rusiyada taxta-şalban istehsalı və satışı ilə məşğul olan ən böyük iş adamlarından biri olub. Bu, sizin verdiyiniz (General maaşı ilə alına bilərmi ) suala cavabdır. Qohum-əqrabaya, əmi-dayıya məxsus evlərin, mülklərin atamın adına çıxılması nə dərəcədə düzgündür? Sizin məntiqinizlə nəsildə, ailədə bir vəzifəli şəxs varsa, deməli, hamı kirayədə qalmalı, heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamalı və hamı generalın əmək haqqısı ilə dolanmalıdır?



Atanızın adı mərhum jurnalist Elmar Hüseynovun qətlində, jurnalist Aqil Xəlilin döyülməsində və sonradan bıçaqlanmasında da çəkilib…

– Atamın adını çəkdiyiniz bu şəxslərlə problemi olmayıb. Mənim atam Elmar Hüseynovu niyə öldürtməli idi? Bu iddialar cəfəngiyyatdır. Aqil Xəlil olayında mən xaricdə təhsil alırdım. zeytunluqda nəsə bir olay olmuşdu. Amma atama yaraşmaz ki, jurnalisti bıçaqlatsın. Bəlkə atamı zərbə altına qoymaq istəyən kimlərsə bunu təşkil edib. Nə bilmək olar.



İctimaiyyət arasında olan şəxs kimi bunu deyirəm: Akif Çovdarovun adı çəkiləndə insanlar anidən təlaş keçirir, sanki qorxunc bir təhlükə görür. Atan evdə necə insan olub, onun qəddar qəlbli olduğunu övladı kimi hiss etmisinizmi?

– Bu obrazı kim yaradıb? Əvvəlcə bu suala cavab verək. İnsanlarda qorxunu sizin rəhbəri olduğunuz “Gununsesi.info” saytı daxil olmaqla, ölkə KİV-i yaradıb. Təəssüf ki, bizdə yıxılanı baltalayırlar. Akif Çovdarovu tanıyanlar bilir ki, necə ürəyə sahib olub, qapısına kömək məqsədi ilə gələni heç vaxt geri qaytarmayıb. Vəzifə çərçivəsi daxilində Gürcüstan rəhbərliyinə xahiş edib, Marneuli rayonunun kəndlərinə asfalt yol çəkdirib, məktəblər təmir etdirib, hər bir evə qaz çəkdirib və fasiləsiz verilməsinə nail olub. Atam gözəl ailə başçısıdır, ailə sevəndir, bunu tanıyan hər bir şəxs təsdiq edə bilər. Ailədə heç vaxt dövlətin işini müzakirə etməyi və işi haqqında danışmağı sevməz. Cox ciddi, düzgünlüyü sevən və tələb edən adamdır.


– Yeri gəlmişkən, atanızın həbsi ailənizə, doğmalarınıza daha nələrə başa gəldi? Bildiyimiz qədər ailənizin əmlaklarına həbs qoyulub, həmçinin, ölkədən çıxışınıza qadağa var.

– Sizə bildirmək istəyirəm ki, nəinki bizim ailə və nəslin nümayəndələri, hətta 10-cu dərəcəli qohumlarımız istər dövlət, istərsə də özəl sektordakı işlərindən kənarlaşdırılıblar. Mən əminəm ki, cənab prezidentimizdən xəbərsiz, atamla düşmənçilik edən müəyyən quvvələr bu repressiv hərəkətləri həyata keçiriblər. Özümüzün, digər doğmalarımızın əmlaklarına həbs qoyulub. Ailəmizin ölkədən çıxışına məhdudiyyət qoyulub. Bizim qohumlarımızın əksəriyyəti Gürcüstanda yaşayırlar və xeyir-şər işlərində iştirak etmək bizim borcumuzdur. Buyaxınlarda bir qohumumuz dünyasını dəyişdi və biz indiki vəziyyətə görə orada iştirak edə bilmədik. Akif Çovdarov ittiham edilir ki, camaata mənəvi ziyan vurub. İndi siz deyin, bu, bizə vurulan mənəvi ziyan deyilmi? Atam Akif Çovdarovun 40 illik əmək fəaliyyətinin sonunda pensiya belə ala bilməməsi mənəvi ziyan deyilmi? Bildiyiniz kimi, atam 10 gündən çoxdur ki, aclıq aksiyasındadır. Buna heç bir reaksiya verilməməsi hüquqlarının pozulması deyilmi?


– Məhkəmənin sonundan nə gözləyirsiz? Atanızla görüşlərində özünü peşman hesab edirmi?

– Atam ifadələrində də qeyd edib ki, onun üzərinə qoyduqları heç bir ittihamla razılaşmır. Etdiyi hərəkətlər və həbs etdiyi insanlarla bağlı tədbirləri qanun cərcivəsində həyata keçirib.

Qüdrətli Azərbaycan dövlətinin başında cənab İlham Əliyev kimi ədalətli prezidentimiz, ədalətli məhkəməmiz olduğu üçün inanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq. Və sonda ümid edirəm ki, mənim fikirlərimi təhrif etmədən olduğu kimi ictimaiyyətə təqdim edəcəksiniz.

Ana səhifəVideoRuslan Çovdarov: Atam dövlətə, İlham Əliyevə və öz nazirinə şərəflə qulluq edib