İlham Şaban: “Azərbaycanın Rusiyada şirkəti işləmir, “Lukoyl”un burdakı fəaliyyətinə gəlincə, o passiv oyunçudur”
Neftin qiymətinin bir neçə gün ərzində gözlənilməz ucuzlaşması MDB məkanında xüsusən Azərbaycan-Rusiya iqtisadi münasibətlərinə hansı təsirin göstərəcəyi barədə suallar aktuallaşdı. Neft sahəsi üzrə mütəxəssis İlham Şabanla söhbətimizdə qiymət enməsinin doğurduğu suallara cavab almağa çalışdıq.
–
İlham bəy, Azərbaycan və Rusiyanın bəzi şirkətləri arasında müqavilələrinin olduğunu nəzərə alsaq, neftin qiymətinin ucuzlaşması və şimal ölkəyə qoyulan sanksiyaların bizə təsiri olacaqmı?
– Biz “Rosneft”lə birgə şirkət yaratmışıq. Məsələ ondadır ki, Amerika və Avropanın Rusiyaya tətbiq etdiyi sanksiyalar üçüncü tərəfə qarşı yönəlməyib. ABŞ və Avropa Birliyinin sanksiyaları 28 ölkənin hüquqi şirkətlərinə və fiziki şəxslərinə aiddir. Bu baxımdan sanksiyaların hələ bizə aidiyyatı yoxdur. İkincisi, baxmayaraq ki, mayda ARDNŞ ilə Rusiyanın Dövlət Neft Şirkəti olan “Rosneft” paritet əsaslarda müəssisə yaradıb, həmin müəssisə hələ fəaliyyətə başlamayıb.
–
Ümumiyyətlə, qoyulan sanksiyalar və neftin ucuzlaşması Rusiya və Azərbaycan iqtisadiyyatına nə qədər zərər vurur?
– Rusiyanın itirəcəyi daha çoxdur. Mən Rusiyanın “Biznes-Consaltinq” saytında analizləri oxuyuram, onlarda müxtəlif hesablamalar var. Rusiya büdcəsi 101 dollardan hesablanır, ancaq müxtəlif federal əhəmiyyətli layihələr və digərlərini üzərinə qoyanda büdcə xərcləri 113 dollara çıxır. Ona görə elə bir rəqəm lazımdır ki, onlar qarşıda dayanan vəzifələri həyata keçirə bilsinlər. Azərbaycan üçün isə son reallıq, tutaq ki, 2010-cu ildən sonra bizdə büdcə xərcləmələri heç vaxt proqnozla yüzdə yüz həyata keçirilmirdi. Yəni hökumət müəyyən qədər sanki özünə “ayaqyeri” qoyurdu. İkinci tərəfdən, Azərbaycanda büdcə proqnozu 100 dollardan götürülübsə, bizdəki büdcə formalaşdırılmasıyla Rusiyadakı formalaşdırma arasında kəskin fərq var. Çünki bizdə büdcənin formalaşdırılmasında Neft Fondu böyük rol oynayır. Neft Fondu 2008-ci ildən büdcənin ən böyük donorudur, büdcənin 50 faizi fonddan edilən transferlər hesabınadır. Artıq bu ildən dövlət ilk dəfə olaraq Neft Fondundan büdcəyə transferlərdə bir dəyişiklik etdi. Birdən-birə xərcləmələri azaltdı. Hökumət də hiss edir ki, Neft Fonduna gələn gəlirlərin azalması əvvəlki xərcləmələr strategiyası ilə həmişə eyni tempdə gedə bilməz. Əvvəllər xərcləmələr 11 milyard manat səviyyəsindəydi, amma bu dəfə 9 milyard oldu. Oktyabrın əvvəlində gələn ilin büdcəsi Milli Məclisə gedəcək, təqribən 95 dollar səviyyəsində büdcə proqnozlaşdırılacaq. Həm də gələn il neft hasilatının müəyyən qədər aşağı düşməsi yenidən proqnoz edilir. Düzdür, bu, əvvəlki illərdəki kimi böyük həcmdə olmayacaq. Təqribən 1,5 faiz azalma mümkündür. Bununla bərabər, həm də neftin qiymətində azalma varsa, bu, Azərbaycanın neft gəlirlərinin azalmasına daha çox təsir edir ki, bu da Neft Fonduna daxilolmalarda öz təsirini göstərəcək. Bu mənada biz 2011-ci illə 2013-cü ilin Neft Fondunun azalmalarına baxsaq, arada 2 milyard manat fərqin yaranmasını müşahidə edərik. Faktiki hər il orta hesabla 1 milyard manat azalma müşahidə olunur. Nəzərə alın ki, 2015-ci ildən Azərbaycanın qarşısında böyük strateji layihələr dayanır, söhbət qaz layihələrdən getdiyindən fasilə vermək olmaz, yəni yaxın 5 ildə bunlar həyata keçirilməlidir. Ona görə də dövlət büdcəsinin xərcləmələr hissəsində kodirovkalar ediləcək. Ancaq Azərbaycan bu prosesi ağrısız da başa vura bilərdi.
–
Necə, konkretləşdirə bilərsinizimi?
– Neftin qiymətinin 10 faiz azalmasını heç bir problemsiz başa vurmaq mümkün idi. Yəni azalmanı biz üzərimizdə hiss etmədən yola verə bilərdik. Söhbət xərclənən vəsaitin effektivliyini artırmasından gedir. İctimai nəzarəti də kənara qoyaq, hökumətin öz qurumlarının nəzarətinin və hər məmurun üzərinə düşən məsuliyyətin artırılması nəticəsində xərcləmələrin effektivliyinə nail olmaq mümkün idi. Hesab edək ki, bir binanı iki dəfə ağartmaq lazım deyildi. Beləliklə, bütün layihələri 20 faiz az xərclə həyata keçirmək olardı.
–
Rusiya iqtisadiyyatının sanksiyalardan 425 milyard dollar itirəcəyini yazmısınız, bu itkinin şimal ölkəyə zərəri şübhəsizdir, bəs Azərbaycana təsiri nə dərəcədə ola bilər?
– Yox, Azərbaycana xüsusi təsiri olmayacaq, çünki Rusiyayla iqtisadi münasibətlərimizdə neft əməkdaşlığımız yoxdur. Birincisi, Azərbaycanın Rusiyada şirkəti işləmir, “Lukoyl”un burdakı fəaliyyətinə gəlincə, o passiv oyunçudur. Sadəcə, “Lukoyl” pulunu verir, heç texnologiyası da yoxdur, ofisində cəmi 30 nəfər işçisi var. Buna passiv oyunçu deyirlər.