7 nəfərin həlak olduğu bildirilir
Avqustun 12-də Rusiyanın Kamçatka yarımadasında helikopter qəzası olub.
Qəzadan 9 nəfər xilas olub, 7 nəfərin isə həlak olduğu güman edilir.
“İnterfaks”
yazır
ki, helikopterdə 13 turist və 3 ekipaj üzvü olub.
Xilas olanlardan 2-si ekipaj üzvü, 7 nəfər isə sərnişindir.
Onlar Kuril gölünü üzərək xilas olublar. Axtarışı davam edən 7 nəfərin meyitinin Kuril gölünə düşdüyü təxmin edilir.
Kamçatka səhiyyə nazirinin müavini Marina Volkova da 9 nəfərin qəzadan sağ çıxdığını söyləyib.
“Qalan turistlər və heyət üzvü ilə bağlı təhqiqat aparılır”, – o vurğulayıb.
Hazırda ərazidə xilasetmə işləri aparılır.
Xilasetmə əməliyyatına nazirlikdən və yerli xəstəxanadan onlarla şəxsin cəlb olunduğu bildirilir.
Nəqliyyat nəzarəti xidmətlərindəki mənbənin “İnterfaks”a verdiyi məlumata görə, qəzanın səbəbi pilot səhvi və güclü dumandır.
Prokurorluq helikopterin qəzaya uğraması ilə əlaqədar hava nəqliyyatının istismarı zamanı təhlükəsizlik tələblərinin pozulması maddəsi ilə cinayət işi açıb.
Helikopterin Vityaz-Aero şirkətinə məxsus olduğu bildirilir.
Məlumata görə, 1984-cü ildə Ulan-Udedə hazırlanıb. 2009-cu ildən fəaliyyət göstərən Vityaz-Aero 20-dən çox Mi-8 helikopterini idarə edir.
Qəzanın olduğu Kamçatka yarımadası isə Moskvadan 6 min kilometr şərqdə yerləşir, mənzərəli yerlərinə, təbiətinə görə turistlər arasında məşhurdur. Vertolyotun düşdüyü Kuril gölü Kamçatkanın üçüncü ən böyük gölüdür.
Sahəsi 77 kv. kilometr, orta dərinliyi – 195, maksimum dərinliyi isə – 316 metrdir.