Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 78-ci günü: yenilənən xəbərlər

Mariupol. Foto: Reuters

Ukrayna Rusiya ərazisinə atəş açıb: ölən və yaralananların olduğu deyilir

Belqorod vilayətinin Soloxi kəndinin Ukrayna tərəfdən atəşə tutulması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.

Bu, Ukraynadan Rusiya ərazisinin insan tələfatına səbəb olan ilk atəşidir.

Vyaçeslav Qladkov. Mənbə: “Telegram”

Məlumat yerli mediaya Belqorod qubernatoru Vyaçeslav Qladkov verib.

O, kənddə 17 təsərrüfata ziyan dəydiyini də əlavə edib: “Atışma zamanı 17 evə və 6 avtomobilə ziyan dəyib, məktəb, poçt və mağazanın şüşələri sındırılıb. Bundan başqa, qaz və elektrik təchizatı sistemlərinə də ziyan dəyib”.


Medvedev: “NATO-nun Ukraynaya silah verməsi “fəlakətli ssenari”dir”

Ukraynaya silah vermək NATO ilə Rusiya arasında potensial münaqişə ehtimalını artırır ki, bu da öz növbəsində nüvə müharibəsinə çevrilə bilər.

Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev mayın 12-də “Telegram” kanalında yazıb.

Dmitri Medvedev. Foto: Max kolomychenko/shutterstock

O, belə bir vəziyyəti “hamı üçün fəlakətli ssenari” kimi dəyərləndirib.

“NATO ölkələrinin Ukraynaya silah vurması, onun qoşunlarının Qərb texnikasından istifadəyə öyrədilməsi ciddi amillərdir. Ardınca muzdluların göndərir və alyans ölkələrinin bizim sərhədlərimizə yaxın təlimlər keçirməsi Rusiya ilə NATO arasında birbaşa və açıq münaqişə ehtimalını artırır”, – deyə Medvedev vurğulayıb.


Rus qoşunları Xarkovdan geri çəkilib

“Rusiya qoşunları Xarkovdan və ətraf ərazilərdən geri çəkilib”.

Ukraynanın 127-ci Ərazi Müdafiə Briqadasının komandiri Roman Qrişşenko belə deyib.

Onun sözlərinə görə, Ukrayna qüvvələrinin Xarkov yaxınlığındakı əks-hücum əməliyyatının uğuru ərazini tanımaqla bağlıdır: “Hərbçilərimiz bu ərazini xəritədən tanımırlar, sadəcə, əvvəllər orada gəziblər. Bu, bizim gücümüzdür”.

Ancaq cənub-şərqdə, Donbas cəbhə xəttini kütləvi atəşə tutmaqda davam edən rus qoşunları ərazinin bir hissəsini ələ keçirə bilib.

Xarkov. Meydan TV

Eyni zamanda, Rusiyanın nəzarətində olan Xersonda humanitar yardım payladığı görünür.

Yerli rəsmilər deyirlər ki, onlar Rusiya dövlət başçısından regionun Rusiyanın tərkibinə daxil edilməsini istəyiblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə cavab verib ki, belə bir təşəbbüs yalnız Xerson vilayətinin sakinləri tərəfindən irəli sürülməli və aydın hüquqi əsası olmalıdır.


ABŞ Rusiya və Belarusa sanksiyaları rəsmiləşdirir

ABŞ Konqresinin Nümayəndələr Palatası Amerika maliyyə institutlarının Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyalara əməl etməsi ilə bağlı qanun layihəsini qəbul edib.

Mayın 12-də səsverməyə çıxarılan layihəni 418 konqresmen dəstəkləyib, 2 nəfər əleyhinə səs verib.

ABŞ. Foto: Lane V. Erickson/shutterstock

Qanun layihəsi hələ Senatda nəzərdən keçirilməlidir.

Sənəd yuxarı palata tərəfindən bəyənilərsə, təşəbbüs imzalanmaq üçün ölkə prezidentinə göndəriləcək.


“Siemens” də Rusiyadan gedir

Almaniyanın “Siemens” şirkəti Ukrayna hadisələri fonunda Rusiya bazarını tərk edəcəyini açıqlayıb.

“Siemens” Ukraynadakı müharibə ilə əlaqədar Rusiya bazarını tərk edir. Artıq istehsal və bütün sənaye fəaliyyətlərini məhdudlaşdırmaq üçün prosedurlara başlanılıb”, – şirkətin məlumatında deyilir.

“Siemens” . Foto: “press.siemens.com”

Şirkət martın əvvəlində Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada yeni biznes layihələrini dayandırıldığını elan etmişdi.


Cennifer Lopezdən ukraynalılara dəstək

Amerikalı müğənni Cennifer Lopez Ukraynaya dəstək məqsədilə “LuisaViaRoma” xeyriyyə qala-konsertində iştirak edəcək.

Tədbir iyulun 30-da İtaliyanın Kapri şəhərindəki Çertoza-di-San-Cakomo adasında təşkil olunacaq.

Cennifer Lopez . Foto: Ovidiu Hrubaru/shutterstock

Xeyriyyə qala-konsertinin hər il UNICEF tərəfindən təşkil olunduğu bildirilir.

Bu, fond tərəfindən xeyriyyə məqsədilə təşkil olunacaq sayca altıncı konsert proqramıdır.


Leps Luhanskda konsert verəcək

Rusiyanın Xalq artisti Qriqori Leps mayın 12-də Luhanskda rus əsgərləri üçün konsert verəcək.

Qriqori Leps. Foto: “interesnyefakty.org”

Müğənni deyib ki, indiki şəraitdə insanların əhvalının azacıq da olsa yaxşılaşmasına kömək etmək çox vacibdir.

İfaçı mayın 11-də Donetskdə konsert verib.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 78-ci günü: yenilənən xəbərlər