Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 58-ci günü: yenilənən xəbərlər

Mariupol. Foto: Reuters

Putin: “Danışıqların alınmaması Ukraynadan asılıdır”

Vladimir Putin və Volodimir Zelenski arasında təmasların alınmaması Kiyevin danışıqlarda ardıcıllıq nümayiş etdirməməsi ilə bağlıdır.

Məlumatı Rusiya Prezidentinin Mətbuat xidməti yayıb.

Bildirilir ki, bunu Rusiya dövlət başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon söhbətində deyib:

V.Zelenski və V.Putin. Foto: Meydan TV

“Putin görüş ehtimalının, xüsusilə Rusiya və Ukrayna nümayəndələri arasında davam edən danışıqlarda konkret nəticələrdən asılı olduğunu bildirib”.

“Bu müddətdə Ukrayna tərəfi uyğunsuzluq nümayiş etdirir və qarşılıqlı məqbul həll yollarını axtarmağa hazır deyil”, – deyə Putin Mişelə söyləyib.

Ş.Mişel aprelin 20-də Kiyevə səfər edib və V.Zelenski ilə görüşüb.


Mariupolda  4 azərbaycanlı həlak olub, 1 nəfər itkin düşüb

Ukraynanın Mariupol şəhərində müharibə nəticəsində daha 4 azərbaycanlı həlak olub, 1 nəfər isə itkin düşüb.

Məlumatı “Report”a Mariupol Azərbaycanlıları Konqresinin (MAK) sədri Afaq Həmidova verib.

Həlak olanların Mariupol şəhər sakinləri Əli Qarayev, Mansur Bəşirov, İlqar Məmmədov və Kifayət adlı xanım olduğu qeyd olunub:

Mariupol. Foto: Reuters

“Kifayət xanım döyüşlər zamanı sığınacaqda ürək dayanmasından ölüb, digərləri isə Rusiya ordusunun şəhəri artilleriya atəşinə tutması nəticəsində mərmilərə tuş gələrək həlak olub”.

A.Həmidova bildirib ki, əslən Tovuz rayonundan olan Mariupol sakini Mahir İslamov isə itkin düşüb.


Olaf Şolz: “Rusiyaya embarqolar Ukraynaya tezliklə sülh gətirməyəcək”

“Rusiyaya qarşı kəskin qaz embarqosu Ukraynaya tezliklə sülh gətirməyəcək. Ona görə də Almaniya üçün ciddi iqtisadi böhrandan qaçmaq vacibdir”.

Bunu Almaniya Kansleri Olaf Şolz aprelin 22-də “Der Spiegel” jurnalına müsahibəsində deyib.

Olaf Şolz ,By photocosmos1/Shutterstock

Kansler qaz embarqosunun müharibəni dayandıracağını heç cür görmədiyini bildirib: “İkincisi, siz elə danışırsınız ki, biz bundan pul qazanırıq. Amma məsələ ondadır ki, biz ciddi iqtisadi böhrandan qaçmaq istəyirik. Söhbət milyonlarla iş yerinin itirilməsi və bir daha açılmayacaq fabriklərin bağlanmasından gedir. Bunun bizim ölkəmiz, bütün Avropa üçün ciddi nəticələri olacaq”.

Onun sözlərinə görə, əgər belə durum yaranarsa, bu, Ukraynanın bərpasının maliyyələşdirilməsinə ciddi təsir göstərəcək: “Biz buna imkan verə bilmərik”.


“Əsas vəzifə Donbass və Cənubi Ukraynaya tam nəzarətdir”

Rusiya ordusunun vəzifələrindən biri Donbass və Cənubi Ukrayna üzərində tam nəzarətin yaradılmasıdır.

Bunu Rusiya Mərkəzi Hərbi Dairə komandirinin müavini general-mayor Rüstəm Minnekaev Sverdlovsk vilayətinin Müdafiə Sənayesi İttifaqının illik iclasında deyib.

Rusiya-Ukrayna savaşı. Foto: LeStudio/shutterstock

Onun sözlərinə görə, bu, gerçəkləşərsə, Krıma quru dəhliz və Dnestryanıya daha bir çıxış imkanı yaranacaq.

Rüstəm Minnekaev bildirib ki, Ukraynanın cənubuna nəzarət Pridnestrovyeyə başqa çıxış yoludur, burada rusdilli əhalinin sıxışdırılması faktları da var: “Görünür, biz Böyük Vətən Müharibəsində olduğu kimi indi də bütün dünya ilə müharibə vəziyyətindəyik. O vaxt da bütün avropalılar və bütün dünya bizə qarşı idi. İndi də eyni şey, onlar Rusiyanı heç vaxt bəyənmirdilər”.


Rusiya “Pasxa atəşkəsi”ni rədd edib

Rusiyanın “Pasxa atəşkəsi” tətbiq etmək istəməməsi Kremlin xristian inancına necə münasibət bəslədiyini çox yaxşı nümayiş etdirir.

Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

V.Zelenski. Foto: Meydan TV

O təəssüflənib ki, Rusiya “Pasxa atəşkəsi” təklifini rədd edib.

“Bu, əslində, Rusiya liderinin xristian inancına münasibətini nümayiş etdirir. Amma biz sülhə, həyatın ölümə qalib gələcəyinə ümid edirik”, – deyə Zelenski bildirib.


Avstraliyadan 147 Rusiya vətəndaşına sanksiya

Avstraliya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar 147 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Rusiya-Avstraliya. Foto: FreshStock/shutterstock

Bu barədə aprelin 22-də Avstraliya Daxili İşlər Nazirliyinin yaydığı məktubda bildirilir.

Sanksiyalar siyahısına Rusiya Federal Məclisinin Federasiya Şurasının 144 senatorunun, o cümlədən, xarici işlər naziri Sergey Lavrovun və ölkə başçısı Vladimir Putinin qızlarının adları da yer alıb.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 58-ci günü: yenilənən xəbərlər