Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 43-cü günü: yenilənən xəbərlər

Foto: Meydan TV

Dmitri Peskov: “Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı xeyli itki verib”

“Biz xeyli qoşun itkisi verdik, bu, bizim üçün böyük faciədir”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 7-də “Sky News” telekanalına müsahibəsində deyib.

Foto: Meydan TV

O, bildirib ki, Rusiya Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı xeyli itki verib.

Martın 25-də Rusiya Müdafiə Nazirliyi Ukraynada keçirilən xüsusi əməliyyatın bir ayı ərzində 1351 rus hərbçisinin öldürüldüyünü, 3825-nin yaralandığını açıqlayıb.


Peskov Qərbi Ukraynanı silahlandırmaqda günahlandırdı

ABŞ-ın Ukraynaya silah tədarükü Moskva ilə Kiyev arasında aparılan danışıqlarda uğur qazanmağa kömək etmir.

Dmitri Peskov, Foto: ID1974/shutterstock

Bu açıqlamanı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın Ukraynaya Lend-Liz əsasında silah tədarükü ilə bağlı qanun layihəsini şərh edərkən səsləndirib.

“Ukraynanı müxtəlif formatlarda silahlarla doldurmaq Rusiya-Ukrayna danışıqlarında uğur qazandırmır”, – Kremlin sözçüsü vurğulayıb.


Lavrov: “Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edirlər”

Vaşinqton və müttəfiqləri Ukrayna rəhbərliyini döyüşləri davam etdirməyə sövq edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Nazir Kiyevin danışıqlar aparmaq iqtidarında olmamasına və onun əldə edilən anlaşmalardan kənara çıxaraq danışıqları uzatmaq və hətta pozmaq xəttinə işarə edib.

“Biz bunu Kiyev rejiminin Vaşinqton və onun müttəfiqləri tərəfindən idarə olunması faktının təzahürü kimi görürük ki, onlar prezident Zelenskini hərbi əməliyyatları davam etdirməyə sövq edirlər”, – deyə Lavrov bildirib.

Sergey Lavrov
Source: Meydan TV

Onun sözlərinə görə, Rusiya Ukrayna tərəfinin danışıqlarda getdikcə daha çox yeni şərtlər irəli sürəcəyini istisna etmir: “Belə bir senari Moskva üçün qəbuledilməzdir. Şübhəsiz ki, növbəti mərhələdə Ukrayna tərəfi qoşunların çıxarılmasını tələb edəcək və yeni ilkin şərtlər qoyacaq. Bu fikir başa düşüləndir, lakin qəbuledilməzdir”.

Rusiya XİN başçısı deyib ki, aprelin 6-da Kiyev öz müqavilə layihəsini danışıqlar qrupuna təqdim edib.

Onun sözlərinə görə, bu, Ukraynanın martın 29-da İstanbulda keçirilən görüşdə qeydə alınan ən mühüm müddəalardan kənara çıxdığını açıq şəkildə göstərir: “Dünən Ukrayna tərəfi danışıqlar qrupuna öz müqavilə layihəsini təqdim edib ki, bu da martın 29-da İstanbulda keçirilən görüşdə təsbit edilmiş, üstəlik, Ukrayna nümayəndə heyətinin rəhbəri Araxamiyanın imzaladığı sənəddə təsbit olunmuş ən mühüm müddəalardan kənara çıxıldığı açıq görsənir”.

Nazir iddia edib ki, Ukrayna əvvəl təhlükəsizlik zəmanətlərinin Krıma şamil edilməyəcəyinə söz verib, lakin sazişin yeni variantında bu bənd yoxdur.

“Ukrayna yeni müqavilə layihəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı əvvəlcədən razılaşdırılmış müddəanı dəyişdirib. Həmin müddəada Rusiyanın razılığını alınmasının vacibliyi qeyd olunmayıb”, – Lavrov belə deyib.


“Donbasda vəziyyət Rusiya ordusu üçün əlverişsizdir”

“Rusiya ordusu Donbasda Ukrayna hərbçilərini mühasirəyə almağa çalışır, lakin vəziyyət onlar üçün əlverişsizdir”.

Aleksey Arestoviç. Foto: Ukrayna Prezident Aparatı

Bunu Ukrayna Prezident aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç aprelin 7-də keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ən ağır döyüşlər Severodonetsk, Popasnaya bölgəsində gedir: “Orada Ukrayna hərbçiləri əks hücuma keçərək düşməni dayandırırlar”.


Rusiya Finlandiyanı cərimə ilə hədələyir

Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Rusiyaya məxsus eksponatların Finlandiya gömrüyündə saxlanılmasına görə qarşı tərəfin cavab verməli olacağını deyib.

“Finlandiya həbs edilmiş eksponatları Rusiyaya qaytaracaq. Eyni zamanda, Dövlət Dumasının Mədəniyyət, həmçinin Təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinə cərimə ödəməli olacaq”, – Volodin deyib.

Rusiya-Finlyandiya. Foto: xtock/shutterstock

Aprelin 2-3-də Rusiyanın bir neçə muzeyinə məxsus eksponatlar Finlandiya gömrüyündə saxlanılıb.

Rəsmlərin saxlanılması Avropa İttifaqının (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiyalarla əlaqədar olduğu bildirilib.
Gömrük məntəqəsinin əməkdaşları yükü müsadirə edib.

Məsələ ilə bağlı ilkin araşdırmalara başlanıldığı deyilir.


Rusiyada “Harri Potter”in satışı dayandırılır

Rusiyanın böyük rəqəmsal kitab mağazaları “LitRes” və “MyBook”da Coan Roulinqin “Harri Potter” romanlar silsiləsinin satışı dayandırılacaq.

Qərarı əsərin müəllif hüquqları sahibi verib.

“Harri Potter”. Foto: Wachiwit/shutterstock

“Harri Potter”in kağız variantında nəşri və Rusiya kitab mağazalarında satışı hələ ki davam edəcək.


ABŞ Ukraynaya silah verilməsini sürətləndirəcək

ABŞ Senatı yekdilliklə prezident Co Baydenə Ukraynaya hərbi texnika və digər ləvazimatların daşınmasını sürətləndirmək üçün Lend-Lez proqramından istifadə etməyə icazə verən qanunu qəbul edib.

ABŞ. Foto: Lane V. Erickson/shutterstock

2022-ci il Ukrayna Demokratiyasının Müdafiəsi Kredit-İcarə Aktı kimi tanınan bu sənəd hərbi texnikanın və digər mühüm təchizatların Ukraynaya təhvil verilməsini sürətləndirəcək.

Bu barədə politico.com məlumat yayıb.


Ukrayna əkinə başlayıb

Ukraynanın Baş nazir Denis Şmiqal Rusiyanın Ukraynaya hərbi təcavüzünün dünyanın ərzaq təhlükəsizliyinə davamlı təsir göstərəcəyi qənaətindədir.

Bu barədə Baş nazir BBC-yə müsahibəsində deyib.

Ancaq Şmiqal Ukraynanın 22 rayonunda əkin kampaniyasının başlanıldığını söyləyib:

Denis Şmiqal. Foto: wikimedia

“Hava şəraiti əkin kampaniyası üçün daha əlverişli olduğu üçün daha tez başladıq. Fermerlərimiz hamı kimi partlamamış hərbi sursatlara, minalara və digər təhlükələrə baxmayaraq əkin kampaniyasını aparırlar. Payızlıq bitkilər əkilib və keçən illə müqayisədə daha çoxdur. Təbii ki, biz daha az məhsul gözləyirik – obyektiv səbəblərdən, müharibə gedir, texnika çatışmazlığı var, həm də insanlar müharibədədir”.

Baş nazir əlavə edib ki, bir qayda olaraq, Ukrayna kifayət qədər böyük məhsul yığır ki, bu da ölkənin özü üçün 7-8 il kifayət edər.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəRedaktor seçimiRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 43-cü günü: yenilənən xəbərlər