Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 16-cı günü – yenilənən xəbərlər

Putin: “Danışıqlarda müsbət irəliləyiş var”

Ukrayna ilə danışıqlarda irəliləyişin əldə edildiyi deyilir.

Bu barədə Rusiya dövlət başçısı Vladimir Putin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdə bildirib.

Mən sizə Ukrayna istiqamətində vəziyyət və ilk növbədə, indi demək olar ki, hər gün aparılan danışıqların indi necə getdiyi barədə mütləq məlumat verəcəyəm. Müəyyən müsbət irəliləyişlər var, bizim tərəfimizdən danışıqlar aparan tərəflər kimi”, – deyə o bildirib.


Putindən Qərb ölkələrinə mineral gübrə hədəsi

Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini mineral gübrələrlə hədələyib.

Bu barədə o, Təhlükəsizlik Şurasının 11 mart iclasında danışıb.

V.Putin. Foto: Meydan TV

V.Putin deyib ki, Qərb Rusiyanın məhsul tədarükündə problem yaradacağı təqdirdə mineral gübrələrin qiyməti artacaq.

O eyni zamanda, Ukraynaya könüllülərin cəlb edilməsi ideyası ilə də razılaşıb: “Əgər görsəniz ki, könüllü olaraq, xüsusən də pul üçün deyil, gəlib Donbasda yaşayan insanlara kömək etmək istəyənlər var, onların döyüş bölgəsinə köçməsinə kömək etmək lazımdır”.


Zelenski: “Rusiyanın humanitar dəhlizə hücumu “açıq terror”dur”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi müdaxiləsini “təcrübəli terrorçuların açıq hücumu” adlandırıb.

O, son müraciətində iki gün ərzində təxminən 100 min insanın ölkə şəhərlərindən evakuasiya edildiyini bildirib.


“Facebook” və “Instagram”da rus hərbçilərinə qarşı nifrət nitqinə icazə verilib

Amerikanın “Meta Platforms” şirkəti “Facebook” və “Instagram” sosial şəbəkələrində nifrət nitqinin qadağan edilməsi siyasətinə dəyişiklik edib.

Müvəqqəti olaraq bəzi ölkələrin “Facebook” və “Instagram” istifadəçilərinə Ukraynanın işğalı kontekstində rus hərbiçilərinə qarşı zorakılıq çağırışı etməyə imkan veriləcək.

“Facebook” və “Instagram”. Foto: Wachiwit/shutterstock

Sosial şəbəkə həmçinin Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı ölüm çağırışlı yazılara da icazə verib.


“Marriott” Rusiyada yeni obyektlərin açılışını dayandırır

Amerikanın “Marriot” otel şəbəkəsi Rusiyada investisiyalar, yeni obyektlərin açılışını dayandırır.

“Marriot” otel. Foto: JHVEPhoto/shutterstock

Şəbəkə bunu Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə cavab olaraq edib.

Rusiyadakı 28 mehmanxananın isə fəaliyyət göstərməsi üçün bütün imkanların nəzərdən keçirildiyi bildirilib.


BVF icraçı direktoru: “Rusiyada gözlənilən tənəzzül dərin olacaq”

Beynəlxalq Valtuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva tətbiq edilən sanksiyalara görə Rusiyada defoltunun mümkün olduğunu deyib.

O bildirib ki, Rusiyaya qarşı tətbiq edilən görünməmiş sanksiyalar ölkəni tənəzzülə sürükləyib.

Georgiyeva deyib ki, Rusiyada gözlənilən tənəzzül dərin olacaq: “Defolt baxımından bu ssenari artıq inanılmaz görünmür”.

Beynəlxalq Valtuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva. Foto: ID1974/shutterstock

Kristalina Georgiyeva baş verənlərin qlobal iqtisadiyyata təsirinin də artacağını söyləyib.

“Bu gedişatın bütün ölkələrin iqtisadiyyatına təsirinə görə Rusiyaya daha çox təzyiq görsək, təəccüblənmərəm”, – deyə BVF rəhbəri bildirib.


Rusiya Qərb şirkətlərinin aktivlərini milliləşdirmək istəyir

Rusiya Qərb şirkətlərinin aktivlərini milliləşdirməyə hazırlaşır.

Rusiya hökuməti. Foto: AntonSAN/shutterstock

Xarici şirkətlərin əmlakının milliləşdirilməsi təklifi Rusiya hökumətinin qanunvericilik komissiyası tərəfindən bəyənilib.


Yaponiyadan Belarusa sanksiya

Yaponiya üç Belarus bankının aktivlərini donduracaq.

Bildirilir ki, hökumət həmçinin müharibədən qaçan ukraynalılara kömək etmək üçün Ukraynaya və onun qonşu xalqlarına 100 milyon dollarlıq humanitar ianə elan edəcək.

Tokionun Belarusa qarşı son sanksiyaları aprelin 10-dan tətbiq olunacaq.

Yaponiya daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edib.

“Belagroprombank”, “Bank Dabrabyt”. Foto: ppl/konstantinks/shutterstock

Bu həftənin əvvəlində Avropa İttifaqı ölkənin Kremlin hücumunda iştirakına görə üç Belarus bankının qlobal SWIFT mesajlaşma sistemindən çıxarılmasına qərar verib.

Yaponiyanın aktivlərini dondurucağı bankların isə “Belagroprombank”, “Bank Dabrabyt” və Belarus Respublikasının İnkişaf Bankı olduğu bildirilir.

Yaponiya hökuməti bildirib ki, onlar sağlamlıq, sığınacaq və uşaqların müdafiəsi kimi “təcili ehtiyaclara” cavab vermək üçün müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə Ukrayna, Polşa, Macarıstan, Moldova, Slovakiya və Rumıniyaya 100 milyon dollar göndərəcək.


Rusiyadan Ukraynaya kimyəvi silah ittihamı – Zelenskidən təkzib

Rusiya tərəf iddia edir ki, Ukrayna müharibədə kimyəvi və bioloji silahdan istifadəyə hazırlaşır.
Ukrayna Prezidenti Volodimir Zelenski isə bunu pis və saxta ittiham adlandırıb.

V.Zelenski. Foto: Meydan TV

O bildirib ki, onlar heç bir kimyəvi hücum hazırlamır: “Bu, məni çox narahat edir. Çünki adətən Rusiya qurduğu planlarda əvvəlcə başqalarını ittiham edir. Biz bunun dəfələrlə şahidi olmuşuq”.

Prezident bildirib ki, Rusiyanın planlarını bilmək istəyən onun başqalarını nədə ittiham etdiyinə baxması kifayətdir.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynaya genişmiqyaslı hücuma başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hücumu pisləyib, Putinin buna görə cavab verəcəyini bildiriblər.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Ana səhifəSiyasətRusiyanın Ukraynaya hərbi müdaxiləsinin 16-cı günü – yenilənən xəbərlər