“Severodonetskdə küçə döyüşləri dayanmayıb”
Luqansk vilayətindəki Toşkovka tamamilə ruslar tərəfindən işğal olunub.
Bu barədə vilayət hərbi idarəsinin rəisi Roman Vlasenko milli telemarafonun efirində danışıb.
O, Rusiya ordusunun Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yarmağa çalışdıqlarını əlavə edib.
“Severodonetskdə küçə döyüşləri dayanmayıb. Ordumuz Severodonetsk ətrafına, şəhərin peyk yaşayış məntəqələrinə nəzarət edirlər”, – Vlasenko belə deyib.
Vlasenkonun sözlərinə görə, sənaye zonası olan Severodonetskdə zavodlara yaxın yaşayış binaları atəşə tutulub.
O, Müharibə Tədqiqatları İnstitutunun mütəxəssislərinin bu həftənin həlledici döyüşlərin daha da şiddətli ola biləcəyi qənaəti ilə razılaşdı.
Rusiya Litvaya xəbərdarlıq etdi
Moskvanın Kalininqradın blokadasına operativ reaksiyası Litva xalqı üçün ciddi və həssas olacaq.
Bunu Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
Onun sözlərinə görə, rayonun sərhədyanı ərazisində vəziyyət NATO-nun hərbi və kəşfiyyat mövcudluğunun gücləndirilməsi şəraitində, eləcə də Qərb ölkələrinin informasiya və iqtisadi təzyiqlərinin təsiri altında formalaşır.
Patruşev nümunə kimi Litvanın “beynəlxalq hüququn norma və prinsiplərini pozaraq” bir sıra malların Kalininqrad vilayətinə öz ərazisindən tranzitini blokadaya almasını göstərib.
Onun sözlərinə görə, bununla bağlı Qərbin həm şifahi, həm də yazılı bəyanatına inanmaq olmaz.
“Rusiya bu cür düşmənçilik hərəkətlərinə mütləq reaksiya verəcək. İdarələrarası formatda müvafiq tədbirlər hazırlanır və yaxın vaxtlarda həyata keçiriləcək. Onların nəticələri Litva əhalisinə ciddi mənfi təsir göstərəcək”, – deyə Patruşev əmin edib.
Litva Dəmir Yolları Kalininqrad Dəmir Yolunu Avropa İttifaqının (Aİ) sanksiyalarına düşən bir sıra yüklərin tranzitinin dayandırılması barədə xəbərdar edib.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu hərəkətləri düşmənçilik adlandırıb.
Mariupolda aktyor çatışmazlığı…
Mariupol Dram Teatrında aktyor çatışmazlığı yaranıb.
Bu haqda məlumatı teatrın baş direktoru vəzifəsini icra edən İlya Solonin verib.
Onun sözlərinə görə, teatrda 50 faiz kadr azlığı var.
“Aktyor heyətinin təxminən yarısı çatışmır. Rusiyadan və dünyanın digər ölkələrindən olan aktyorları teatrımızda görməyə şad olardıq”, – Solonin bildirib.
Əlavə edib ki, bir çox xarici ölkə aktyorları ilə danışıqlar aparılır.
Mariupol Dram Teatrının binası martın 25-də hərbi münaqişə zəminində dağıdılıb.
Teatr hazırda fəaliyyətini Mariupol Filarmoniyasının binasında davam etdirir.
Kollektiv sentyabrda yeni mövsümü Anton Çexovun pyesləri əsasında hazırlanmış tamaşalardan birinin nümayişi ilə açmağı planlaşdırır.
“Pullar ukraynalı qaçqın uşaqlara kömək məqsədilə UNICEF-in fonduna köçürüləcək”
“Novaya qazeta”nın baş redaktoru Dmitri Muratovun Nobel Sülh Mükafatı 103,5 milyon dollara satılıb.
Satış Nyu-Yorkun “Heritage” hərracında baş tutub.
Euronews-nin məlumatına görə, satış 700.000 dollardan başladı, 16,6 milyon dollardan sonra naməlum alıcı telefonla 103,5 milyon dollar təklif edib.
Qeyd olunub ki, D.Muratovun xahişi ilə bütün pullar ukraynalı qaçqın uşaqlara kömək məqsədilə UNICEF-in fonduna köçürüləcək.
D.Muratov 2021-ci ilin oktyabrında “söz azadlığını müdafiə etmək səylərinə görə” Nobel Sülh Mükafatı alıb.
“12 milyondan çox ukraynalı qaçqın düşüb”
12 milyondan çox ukraynalı müharibə səbəbindən evlərini tərk etmək məcburiyyətində qalıb.
Euronews-in məlumatına görə, 5 milyondan çox ukraynalı xaricə gedib. Yüz minə yaxın insan isə əsasən, Kiyevə və onun ətrafına qayıda bilib.
Ukraynanın Baş naziri Denis Şmıxalın sözlərinə görə, Rusiyanın hərbi müdaxiləsi nəticəsində ölkənin 25 min kilometr yolu, 300 körpüsü, 12 hava limanı, 656 xəstəxanası, 1200-dən çox təhsil müəssisəsi və 45 milyon kvadratmetr yaşayış binası dağıdılıb, yaxud zədələnib”.
Peskov: “Ukrayna böhranı uzun sürəcək”
Rusiya bir daha Qərbə heç vaxt etibar etməyəcək.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin NBC telekanalına müsahibəsində səsləndirib.
D.Peskov Ukrayna böhranının uzun sürəcəyini bildirib: “Bəli, bu, uzun bir böhran olacaq. Biz bir daha Qərbə heç vaxt etibar etməyəcəyik”.
O, Ukraynada əsir götürülmüş keçmiş amerikalı əsgərlərin ölüm cəzasına məhkum edilməyəcəyinə zəmanət verə bilməyəcəyini söyləyib.
“Mən heç nəyə zəmanət verə bilmərəm, bu, istintaqdan asılıdır”, – deyə Peskov vurğulayıb.
İki keçmiş amerikalı hərbçinin – 39 yaşlı Aleksandr Druk və 27 yaşlı Endi Vinin Xarkov yaxınlığında əsir götürülməsi faktını ötən həftə Britaniyanın “The Daily Telegraph” qəzeti yazıb.
İyunun 16-da ABŞ Dövlət Departamenti Xarkov yaxınlığında saxlanılan Amerika vətəndaşları ilə bağlı Rusiya ilə təmaslara hazır olduğunu açıqlayıb.
Bundan əlavə, ABŞ Xarici İşlər Nazirliyi növbəti dəfə vətəndaşlarını Ukraynaya səfər etməməyə çağırıb.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.