Zelenski Nevzorova Ukrayna vətəndaşlığı verdi
Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist Aleksandr Nevzorova Ukrayna vətəndaşlığı verib.
Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko “Twitter” səhifəsində paylaşım edib.
Anton Geraşenko deyib ki, vətəndaşlıq jurnalistə və onun həyat yoldaşına “ölkə qarşısında müstəsna xidmətlərinə görə” verilib.
Anton Geraşenko Aleksandr Nevzorova cəsarətinə, dürüstlüyünə və silahlı münaqişəni dayandırmaq üçün səmimi istəyinə görə jurnalistə təşəkkür edib. A.Nevzorov özü də məlumatı təsdiqləyib.
Rusiya məhkəməsi A.Nevzorov haqqında 10 il həbs cəzaçı çıxarıb. Jurnalist may ayında axtarışa verilib. Jurnalistin İsraildə olduğu deyilir.
Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibə başlayanda A.Nevzorov bildirmişdi ki, münaqişə “çirkli və uzun” olacaq.
1958-ci il təvəllüdlü A.Nevzorov 4 çağırış Rusiya Dövlət Dumasının deputatı olub.
O, 1980-ci illərin sonlarında “600 Saniyə” proqramının müəllifi və aparıcısı kimi tanınıb.
“Putin, Şoyqu, Gerasimov, Lavrov tribunala verilməlidir”
Ukrayna ordusunun və bütün Ukrayna xalqının az qala 100 günlük cəsarətli müqaviməti müharibənin Rusiyanın məğlubiyyəti ilə başa çatacağını açıq şəkildə göstərdi.
Ukraynanın BMT-dəki daimi nümayəndəliyinin müşaviri Sergey Dvornik Təhlükəsizlik Şurasının açıq debatında söyləyib.
Dvornik bildirib ki, Ukraynaya qarşı təcavüzün cəzalandırılması üçün xüsusi cinayət tribunalının yaradılması ideyasını dəstəkləyirlər: “Belə bir tribunal Putin, Şoyqu, Gerasimov, Lavrov və digər Rusiya hərbi cinayətkarları üçün müharibənin yekun akkordu olacaq”.
O, Rusiya ordusunun geri çəkilməsindən sonra təkcə Kiyev vilayətində 1200 öldürülmüş mülki vətəndaşın cəsədinin tapıldığını deyib:
“Mariupolda dinc əhali arasında itkilərin sayını yalnız şəhər azad edildikdən sonra hesablamaq olar. Lakin aydındır ki, on minlərlə insan həlak olub”.
Diplomatın sözlərinə görə, Ukraynada hər gün təxminən 200-300 hərbi cinayət törədilir və işğalın əvvəlindən onların ümumi sayı 15 mini ötüb.
“İşğal zamanı uşaqlara qarşı törədilmiş 1042 cinayət işi qeydə alınıb – azı 261 uşaq öldürülüb, 460 nəfər yaralanıb, 145 nəfər itkin düşüb. Bundan əlavə, uşaqlara qarşı zorakılıqda şübhəli bilinən 11 rus işğalçısının şəxsiyyəti artıq müəyyən edilib. Rusiya ukraynalı uşaqları qaçıraraq öz ərazisinə aparır. Ümumilikdə 230 mindən çox uşaq Rusiya Federasiyasının ərazisinə deportasiya edilib”, – deyə Sergey Dvornik fikrini bitirib.
Rusiyanın Xalq artistinə sanksiya qoyulub
Rusiyanın Xalq artisti, violonçel ifaçısı Sergey Rolduqin və həyat yoldaşı Yelena Mirtova ABŞ Ticarət Nazirliyinin sanksiyalar siyahısına daxil edilib.
Kanada hakimiyyətinin apreldə sanksiyalar tətbiq etdiyi 14 rusiyalıya arasında Roldugin də vardı.
Daha əvvəl Avropa İttifaqı musiqiçini sanksiya siyahısına daxil etmişdi.
Roldugin Mariinski Teatrının solisti və dirijoru, Sankt-Peterburq Konservatoriyasının professoru, Sankt-Peterburq Musiqi Evinin bədii rəhbəridir.
İyunun 2-də ABŞ Ticarət Nazirliyi Rusiyaya növbəti sanksiyalar tətbiq edib.
Siyahıda Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova, iş adamları Aleksey Mordaşov və Qod Nisanov, baş nazirin müavini Dmitri Qriqorenkonun olduğu bildirilir.
Zelenski: “Rusiya qalib gəlsə, Avropa üçün qaranlıq günlər gələcək”
Rusiya hazırda Ukrayna ərazisinin təxminən 20 faizini işğal edib.
Bunu iyunun 2-də Ukrayna Prezident Volodimir Zelenski Lüksemburq Parlamentinə və xalqına müraciətində səsləndirib.
“Bu gün ərazimizin təxminən 20 faizi işğalçıların nəzarəti altındadır ki, bu da demək olar ki, 125 min kvadrat kilometrdir”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Rusiya qoşunları fevralın 24-dən Ukraynanın 3620 yaşayış məntəqəsinə daxil olub:
“Onlardan 1017-si artıq azad edilib, daha 2603-ü isə azad edilməlidir”.
Ukrayna lideri vurğulayıb ki, 12 milyon ukraynalı məcburi köçkün vəziyyətinə düşüb, 5 milyondan çoxu, o cümlədən əsasən qadın və uşaqlar xaricə gedib.
Prezident bildirib ki, Rusiya müharibədə qalib gəlsə, Avropada hər kəs üçün qaranlıq günlər gələcək: “Biz bu müharibədə qalib gəlsək, avropalılar azad həyatlarını davam etdirə bilərlər”.
Müharibənin başlamasından bu yana 99 gün ərzində “on minlərlə insanın” həlak olduğunu qeyd edən Zelenski, müharibəni bitirmək üçün dünyanın dəstəyini istədiyini bildirib.
70-dən çox Rusiya şirkəti sanksiya siyahısına salınıb
İyunun 2-də ABŞ Ticarət Nazirliyi Rusiya şirkətlərini sanksiyalar siyahısına əlavə edib.
Təyyarə və gəmiqayırma təşkilatları da daxil olmaqla 70-dən çox firma məhdudiyyətlərə məruz qalıb.
Bildirildiyinə görə, şirkətlərə Amerika istehsalı olan avadanlıq və texnologiyalara giriş qadağan edilib.
“Ticarət Departamenti Rusiya ordusunun aqressivliyini və güc proyeksiyasını davam etdirmək üçün lazım olan texnologiya və digər əşyaları əldə etmək imkanlarını daha da məhdudlaşdırır”, – deyə bəyanatda deyilir.
Birləşmiş Ştatlar əvvəllər Rusiya müəssisələrinə “kritik Qərb texnologiyalarını almağı” qadağan etmişdi.
Martın sonunda “The Secret” yazıb ki, 21 şirkət, o cümlədən mikro, nano və radioelektronika sahəsində tədqiqat mərkəzləri və müəssisələr ABŞ-ın ən sərt sayılan SDN sanksiya siyahısına daxil edilib. Sanksiyalar “görünməmiş çoxtərəfli sanksiyalardan yayınmanın və mühüm Qərb texnologiyalarının alınmasının qarşısını almaq üçün” tətbiq edilib”, – deyə ABŞ izah edib.
Rusiya sanksiyalara təəccüblənmədiyini deyir
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın tətbiq etdiyi yeni sanksiyalardan təəccüblənmədiyini bildirib.
Bu barədə səfirliyin “Telegram” səhifəsində məlumat paylaşılıb
“Əminəm ki, belə çirkin məhdudlaşdırıcı praktika dünyada iqtisadi vəziyyəti daha da ağırlaşdıracaq, o cümlədən ərzaq təhlükəsizliyinə təsir edəcək”, – deyə səfir söyləyib.
A.Antonov deyib ki, elan edilmiş tədbirlər Vaşinqtonun rusofob isterikasının növbəti təsdiqidir: “Bu addımlar qlobal iqtisadi disbalansda, o cümlədən yanacağın qiymətinin artmasında Rusiyanı günahlandırmaq cəhdləri ilə eyni səviyyədədir”.
Diplomatın sözlərinə görə, qəddar məhdudlaşdırıcı təcrübələr dünyada vəziyyəti daha da gərginləşdirəcək: “Bu, tədarük zəncirlərində yeni fasilələrə gətirib çıxaracaq və ərzaq təhlükəsizliyinə təsir göstərəcək. İqtisadi dalğalanmalar ABŞ-ın özünə də təsir edə bilər, burada ərzaq çatışmazlığı problemi var”.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.