Rusiyanın Ukraynadakı Kaxovka SES-in bəndini partlatdığı bildirilir

Fotolar: Maxar

Zelenskinin təcili iclas çağırdığı açıqlanıb

İyunun 6-da Ukrayna və Rusiya bir-birini Dnepr çayı üzərindəki böyük bəndi partlatmaqda ittiham edib.

Subasma təhlükəsinə görə onminlərlə sakinin evakuasiya edilməsi planlaşdırılır.

Ukrayna bəndin Rusiyanın partlatdığını bildirib.

Rusiya isə Ukraynanın şərqində Donetskdə növbəti hücumunun qarşısını aldığını və böyük itkilər verdiyini açıqlayıb.

“Reuters” yazır ki, Rusiya gecə Kiyevə yeni hava zərbələri dalğasına başlayıb.

Ukrayna rəsmiləri bildirirlər ki, hava hücumundan müdafiə sistemləri şəhərə yaxınlaşan 20-dən çox raketi zərərsizləşdiriblər.

Ukrayna Silahlı Qüvvələrinin cənub komandanlığı da açıqlama verərək Rusiya qüvvələrinin işğal olunmuş Xerson vilayətində sovet dövründənqalma Kaxovka (“Nova Kahhovka”) bəndini partlatdığını bildirib.

Sosial mediada yayılan təsdiqlənməmiş videolarda bəndin ətrafında güclü partlayışlar və suyun sürətli axması əks olunub.

Hündürlüyü 30 metr və uzunluğu 3,2 km (2 mil) olan bənd Dnepr çayı üzərində 1956-cı ildə tikilib.

O, ABŞ-ın Yuta ştatındakı Böyük Duz Gölünün tutumuna bərabər su saxlayır və həmçinin 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilmiş Krımı və Rusiyanın nəzarəti altında olan Zaporojiya Nüvə Stansiyasını su ilə təmin edir.

Məhvetmənin miqyası, suyun sürəti və həcmi, daşqınların ehtimal olunan əraziləri dəqiqləşdirilir”, – Ukrayna ordusu “Facebook”da bildirib.

Rusiya xəbər agentlikləri Rusiyanın nəzarətində olan “Nova Kahhovka” şəhərinin merinin açıqlamasını yayıb.

O bildirib ki, bu, terror aktıdır və bənd atəşə tutularaq dağıdılıb.

Rusiyanın TASS xəbər agentliyi Zaporojiya obyekti üçün “kritik təhlükə” olmadığını bildirib.

Foto: “t.me/energoatom_ua”

Rusiyanın Xerson vilayətinin rəhbəri bildirib ki, bənd yaxınlığında evakuasiya başlayıb və suyun beş saat ərzində kritik həddə çatması gözlənilir.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov “Twitter”də Ukrayna Prezidenti Volodimir Zelenskinin bəndin partlaması ilə bağlı təcili iclas keçirəcəyini yazıb.

Ukrayna rəsmiləri hər hansı geniş, əhəmiyyətli yeni kampaniyadan bəhs etməyiblər, baxmayaraq ki, Ukrayna Prezidenti Volodimir Zelenski iyunun 5-də gecə etdiyi çıxışında Donetskdəki Baxmutda irəliləyişlər olduğunu açıqlayıb və bunu alqışlayıb.

Rusiya Prezidenti Vladimir Putin ötən il fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başlayıb.

O, Ukrayna ilə müharibənin sürətli gedəcəyini düşünsə də, nəticə gözlədiyi kimi olmayıb.

Hazırda onun qüvvələri bir sıra məğlubiyyətlərə uğrayaraq, yenidən ölkənin şərqində toplanmalı olub.

Ukrayna Prezidenti Volodimir Zelenski ən son açıqlamalarının birində Kiyevin böyük əks-hücuma hazır olduğunu və bunun nə qədər davam edəcəyini bilmədiyini demişdi.

Rusiya isə ötən həftənin sonu Donetsk bölgəsində Ukraynanın böyük hücumunun qarşısını aldığını açıqlamışdı.

Ana səhifəDünyaRusiyanın Ukraynadakı Kaxovka SES-in bəndini partlatdığı bildirilir