Birləşmiş Ərəb Əmirlikləri Rusiyadan 75,7 ton qızıl idxal edib
Birləşmiş Ərəb Əmirlikləri Rusiya qızılının əsas ticarət mərkəzinə çevrilib.
Bu, Rusiyanın Ukraynaya hərbi müxdaxiləsindən sonra Qərb və ABŞ-ın bu ölkəyə qoyduğu sanksiyalardan sonra baş verib.
Görünən odur ki, sanksiyalar Rusiyanın qızıl ticarətində ənənəvi ixrac marşrutlarını kəsib, Birləşmiş Ərəb Əmirliklərinə son çarələrdən biri kimi üz tutulub.
“Reuters” məlumatları Ukrayna müharibəsi başlayandan sonrakı bir ilə aid olan və minə yaxın qızıl tədarükünün təfərrüatlarından bəhs edən gömrük sənədlərinə istinadən yayıb.
Həmin sənədlərdən məlum olur ki, Birləşmiş Ərəb Əmirlikləri Rusiyadan 4,3 milyard dollar dəyərində 75,7 ton qızıl idxal edib.
Körfəz dövlətinin müharibədən öncəki 2021-ci ildə Rusiyadan idxal etdiyi qızıl cəmi 1,3 ton olub.
Artım nə az, nə çox 74.4 tondur.
Sənədlərdən görünən odur ki, 2022-ci il fevralın 24-də və 2023-cü il martın 3-də bağlanan müqavilə ilə Çin və Türkiyə Rusiya qızılının ən böyük növbəti idxalçılarındandır.
Bu ölkələrin hər biri Rusiyadan 20 ton qızıl alıb.
Beləliklə, BƏƏ, Türkiyə və Çin birlikdə sənədləri əldə olunan dövr üçün Rusiya qızıl ixracının 99,8 faizini təşkil edib.
Ukrayna-Rusiya münaqişəsi başlayandan bir neçə gün sonra bir çox transmilli banklar, logistika təminatçıları və qiymətli metal emalı müəssisələri qızıl ticarəti və saxlama mərkəzi olan Londona göndərilən Rusiya qızılı ilə işləməyi dayandırıb.
London Külçə Bazarı Assosiasiyası 2022-ci il martın 7-dən Rusiya istehsalı olan qızıl külçələri ilə işləməyi qadağan edib.
Həmin il avqustun sonuna qədər İngiltərə, Avropa Birliyi, İsveçrə, ABŞ, Kanada və Yaponiya da Rusiya qızıl külçələrinin idxalını qadağan etmişdi.
Sənədlərindən bəlli olur ki, həmin tədbirlərdən, sanksiyalardan sonra Rusiya qızıl istehsalçıları tezliklə BƏƏ, Türkiyə və Çin kimi Moskvaya qarşı sanksiyalar tətbiq etməyən ölkələrdə yeni bazarlar tapıblar.