Rusiyanın “Qarabağ” ümidi

Yazar: Seymur Həzi

Seymur Həzi, Foto:: Meydan TV

Kremli Qafqazdan kim necə çıxaracaq?

Azərbaycan və Ermənistan rəhbərlərinin Brüsseldə görüşü, həmçinin ölkələr arasında davam edən danışıqlar prosesi yeni mərhələyə qədəm qoyub. Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana beş bənddən ibarət şərtlər irəli sürüb. Rəsmi İrəvan isə bu şərtlərin qəbuledilən olduğunu deyib.

Şərtlər aşağıdakılardır:

  1. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması, o cümlədən Qarabağa hər hansı iddiadan imtina edilməsi;
  2. Ermənistan qoşunlarının anklavlardan çıxarılması; (Kərki və Qazaxın 5 kəndi nəzərdə tutulur)
  3. Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasının 1970-ci il Sovet xəritəsi əsasında aparılması;
  4. “Zəngəzur dəhlizi”nə xüsusi statusun verilməsi də daxil olmaqla, nəqliyyat əlaqələrinin blokdan çıxarılması;
  5. Azərbaycanlı qaçqınların Ermənistana qayıtması və ya onlara dəyən maddi ziyanın ödənilməsi imkanlarının müzakirə edilməsi.

Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, erməni xalqını qurbanlıq olmaqdan xilas etmək lazımdır. Bu, onun Rusiya və disporanı hədəfə aldığı nitqindən açıq sezilib. Çünki məhz diaspora “böyük Ermənistan” ideyasını qabartmaqla, Rusiya isə bu zəif məqamdan istifadə etməklə Ermənistanı və Qarabağda yaşayan azsaylı erməniləri alətə çevirməyə çalışır. Paşinyan isə açıq şəkildə bu siyasətə qarşı çıxır, Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşıdırılmasından danışır. Şübhəsiz ki, Azərbaycanın şərtləri son dərəcə konstruktivdir və bundan imtina etmək Ermənistanın cığal olduğunu sübut edərdi. Bununla belə, Paşinyanın özündə güc tapıb, bu mövqedən çıxış etməsi də təqdirəlayiqdir.

“Minsk formatı” getdi, yeni nümayəndə gəldi

Brüssel görüşündən dərhal sonra Rusiyanın xarici işlər naziri ermənistanlı həmkarı ilə birgə Fransa və ABŞ-ı erməni xalqının maraqlarını qurban verməkdə ittiham etdi. Bu, həm də o deməkdir ki, Rusiya bölgədə tərəfsiz olmadığını ortaya qoydu. Amma güman etmək olar ki, Kremlin baş diplomatı erməniləri daha çox sevdiyi üçün deyil, məğlub ermənilərin dünyadan daha çox narazı olduğunu bildiyi üçün onların həssas yerlərinə toxunur. Əksinə, o erməniləri çox sevsəydi, onlar üçün sülh arzulayar və heç zaman uda bilməyəcəkləri bir savaşa şirnikləşdirməzdi.

Lavrov deyir ki, ABŞ və Fransa onlarla işləmək istəmədiyi üçün “Minsk Qrupu həmsədrliyi” institutu artıq yoxdur. Əla, elə isə sonra necə olacaq? Görünür, Kreml əl çəkmək istəmir. Burada maraq həm də Azərbaycan və Ermənistandakı rejimlərə təzyiq rıçaqını əlində saxlamaqdır. Bunun üçün də Rusiya Prezidenti Azərbaycan və Ermənistan arasındakı münasibətləri nizamlamaq üçün yeni nümayəndə təyin edir. Təxminən, Minsk Qrupu həmsədrinin işini görəcək yeni adam. Yəni “… motal əl çəkməyəcək”.

Nə etməli?

Görünən odur ki, Kreml Qafqaza son şansı kimi baxır. Avropadan tam sıxışdırılacağı təqdirdə Qafqazda bir şansının qalmasına ümid edir. Bu zaman isə “Qarabağ” münaqişəsini diri saxlamaq ən yaxşı üsul ola bilər. Təbii ki, Putin düzgün hesablama aparmır. Onun üçün hesablamaq, əlbəttə, çətindir ki, 44 günlük savaş əslində onu Qafqazdan tam çıxarmağın başlanğıcı kimi düşünülmüşdü, amma hansısa “fors-major” buna mane oldu. Bu dəfə isə belə “fors-major”ları yaradanların əvvəlki fürsətləri olmayacaq.

Ana səhifəMənim FikrimcəRusiyanın “Qarabağ” ümidi