Rusiyanın pilotsuz uçuş aparatı  Çernobıl Atom Elektrik Stansiyasına düşüb 

Foto: Andrey Yermakın telegram kanalından

Zelenskinin sözlərinə görə, AES-dəki sığınacaq zədələnib, hadisə nəticəsində baş verən yanğın söndürülüb

Rusiyanın yüksək partlayıcı döyüş başlığına malik pilotsuz uçuş aparatı ötən gecə Çernobıl Atom Elektrik Stansiyasının (AES) dağıdılmış 4-cü enerji blokunda dünyanı radiasiyadan qoruyan sığınacağa düşüb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

Ukrayna dövlət başçısının sözlərinə görə, AES-dəki sığınacaq zədələnib, hadisə nəticəsində baş verən yanğın söndürülüb. Hazırda radiasiya fonu artmayıb və buna daim nəzarət edilir. Zelenski əlavə edib ki, ilkin qiymətləndirmələrə görə sığınacağa ciddi ziyan dəyib.

“Hazırda radiasiya fonu artmayıb və buna daim nəzarət edilir. İlkin hesablamalara görə, sığınacağa ciddi ziyan dəyib. Ukrayna bu sığınacağı Avropanın və dünyanın digər ölkələri, Amerika ilə birlikdə – insanlar üçün real təhlükəsizlik istəyən hər kəslə birgə tikib. Rusiya dünyada yeganə dövlətdir ki, bu cür obyektlərə hücum edə, AES-lərin ərazisini zəbt edə və nəticələrini nəzərə almadan hərbi əməliyyatlar apara bilər. Bu isə bütün dünya üçün terror təhlükəsidir”.

Zelenski AES ərazisində baş verən partlayışın, eləcə də yanğının və pilotsuz aparatın zərbəsinin nəticələrini əks edən video paylaşıb.

Ukrayna Prezidentinin ofisinin rəhbəri Andrey Yermak da stansiyada baş verən partlayış və yanğının fotolarını nümayiş etdirib.

O, bu gün başlayacaq Münhen Təhlükəsizlik Konfransı zamanı ABŞ-a “Rusiyanın Çernobıl Atom Elektrik Stansiyasına zərbə endirməsi, onların (Rusiya) Çernobıl zonasından daim pilotsuz aparatlar buraxması haqqında çoxlu məlumat verəcəyini” vəd edib.

Ukrayna Fövqəladə Hallar Xidməti bildirib ki, AES-də monitorinq davam edir və vəziyyət nəzarətdədir.

Fevralın 13-ü axşam saatlarından etibarən Rusiya Ukraynaya 133 “Şahed” tipli PUA və müxtəlif tipli dron imitatorları ilə hücum edib.

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, 73 pilotsuz aparat məhv edilib.

“Xarkov, Poltava, Sumi, Çerkassı, Çerniqov, Kirovoqrad, Jitomir, Xmelnitski, Zaporojya, Nikolayev və Odessa vilayətlərində 73 “Şahed” tipli hücum PUA və digər tipli pilotsuz təyyarələrin vurulması təsdiqlənib, 58 düşmən dron imitatoru isə yoxa çıxıb. Hücum nəticəsində Kiyev, Sumı, Çerniqov, Odessa və Xarkov vilayətləri zərər çəkib”, – Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

Ana səhifəXəbərlərRusiyanın pilotsuz uçuş aparatı  Çernobıl Atom Elektrik Stansiyasına düşüb