Dekabrın ilk ongünlüyündə köhnə Xocalı hava limanı Stepanakertdə fəaliyyətə başlayacaq
Rusiyanın hərbi nəqliyyat aviasiyası Dağlıq Qarabağdakı humanitar mərkəzlərin təminatı üçün dekabrın ilk ongünlüyündə Stepanakert (Xankəndi) hava limanından istifadə edə biləcək.
Bu barədə "Ria Novosti" agentliyinə yerli administrasiyadan
məlumat
veriblər.
Məlumatda bildirilir ki, dekabrın ilk ongünlüyündə köhnə Xocalı hava limanı Stepanakertdə fəaliyyətə başlayacaq: “Bölgədə açılan humanitar mərkəzlər çərçivəsində "An-12" və "An-26" hərbi nəqliyyat təyyarələri buraya uçacaq. Hər növ nəqliyyat helikopterləri də hava limanından istifadə edəcək".
Hətta əlavə olunub ki, gələcəkdə İl-76 ağır hərbi nəqliyyat təyyarələri Stepanakert (Xankəndi) hava limanına enə biləcək.
Azərbaycan rəsmi orqanları hələ bu barədə reaksiya verməyiblər.
Hüquqşünas Fuad Ağayev Meydan TV-yə bildirib ki, hava limanından istifadə yalnız Azərbaycan hökumətinin razılığı ilə ola bilər:
“O şərtlə ki, hava limanına gələn yüklərə və yaxud sərnişinlərə müvafiq dövlət nəzarəti gömrük, ya da sərhəd şəklində həyata keçirilsin. Bunlar Azərbaycan dövləti tərəfindən həyata keçirilməlidir. Əks-təqdirdə, həmin hava limanının hansı məqsədlərlə istifadə olunması, bu məqsədlərin Azərbaycan dövlətinin mənafeyinə uyğun olub-olmaması çox böyük sual altında qalır”.
1974-cü ildə istifadəyə verilən Azərbaycanın Xocalı hava limanı Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşir.