TIR sülhməramlıların postundan Əsgəran-Xankəndi istiqamətinə keçib
Sentyabrın 12-də səhər çağı Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Ağdamdan Xankəndiyə yola düşüb.
Bildirilir ki, ərzaq və qeyri-ərzaq məhsulları yüklənmiş TIR Rusiya sülhməramlılarının postundan Əsgəran-Xankəndi istiqamətinə keçib:
“Yükün Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməni əsilli şəxslərə çatdırılması nəzərdə tutulur”.
Ermənistan mediası TIR-ın keçdiyini təsdiqləyib.
Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən humanitar yük Xankəndiyə keçmək üçün 2 gün idi ki, Bərdədə gözləyirdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 2 TIR-ı isə 14 gündür həmin yolda gözləyir.
Azərbaycan Xarici İşlər Nazirliyi yükün Ağdam-Xankəndi yolu ilə keçməsini müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndirib.
Bu barədə nazirliyin Mətbuat İdarəsinin rəhbəri Ayxan Hacızadə açıqlama yayıb.
Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəldikdə isə Ayxan Hacızadə bildirib ki, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı bu iki yoldan BQXK vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib:
“Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir. Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”.
Qarabağda yaşayan ermənilər 2022-ci ilin dekabrından Laçın yolunun bağlı olmasına görə ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirdilər.
Azərbaycan isə bunu təkzib edir, dəhlizin humanitar məqsədlər üçün açıq olduğunu qeyd edirdi.
2023-cü ilin aprelindən Azərbaycan yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.
Addım Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edilib.
Ermənistan isə bu ittihamı qəbul etmir.
Ermənistan rəsmiləri hesab edirlər ki, sərhəd-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanata ziddir.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Amma tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.