Rusiyanın göndərdiyi hərbi qüvvə Almatıda meydana daxil olub, atəş səsləri eşidilib

Фото: Айсулу Тойшибековой. vlast.kz

Prezident hökumətin istefasını qəbul edib

Keçmiş Sovet ölkələrinin hərbi alyansı KTMT bildirib ki, Rusiya Mərkəzi Asiya ölkəsində ölümcül iğtişaşları yatırmaq üçün beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Qazaxıstana paraşütçülər göndərib.

Bundan öncə Qazaxıstan polisi açıqlama verərək bildirmişdi ki, ən böyük iğtişaşlar Almatıda olub və bu, 1991-ci ildə müstəqillik əldə edildikdən sonrakı ən böyük etirazlara çevrilib.

Qazaxıstanda etirazlar yanvarın 2-də başlayıb. Əvvəlcə Qərbi Manqistau regionundan başlayan etirazlar artıq bütün ölkəyə yayılıb. Səbəb maye qazın qiymətinin qaldırılmasıdır. Məlumata görə, etirazlar ümumilikdə ölkədəki korrupsiya, işsizlik, aşağı əməkhaqqı və qiymət artımınadır.

“Reuters” yazır ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev etirazları xarici qüvvələrin təsiri ilə əlaqələndirir. Düşünür ki, bunu edənlər xaricdə təlim keçmiş “terrorçu” dəstələrdir. Prezident Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın hərbi ittifaqı olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək vəziyyətə müdaxilə etməyə çağırıb.

Sayt müxbirlərinin hadisə yerindən verdiyi məlumata görə, yanvarın 6-da səhər bir neçə zirehli transportyor və çoxlu sayda hərbçi Almatı şəhərinin baş meydanına daxil olub. Şahidlərin deməsinə görə, əsgərlər kütləyə yaxınlaşan zaman atəş səsləri eşidilib, lakin o vaxtdan meydanda vəziyyət sakitləşib.

Sosial şəbəkələrdə yayılan yoxlanılmamış videoda əsgərlərin bir gecədə Almatının dumanlı küçələrində patrul xidməti, silah-sursatdan atəş açması, eləcə də şəhərdə genişmiqyaslı talanlar əks olunub.

TASS xəbər agentliyi Qazaxıstanın Səhiyyə Nazirliyinə istinadən bildirib ki, etirazlar zamanı 1000-dən çox insan xəsarət alıb, onlardan 400-dən çoxu xəstəxanadadır.

Qazaxıstanda etirazlar maye qazın bahalaşmasına görə başlayıb. Bir müddət sonra keçmiş prezident Nursultan Nazarbayevin otuz illik hakimiyyəti dövründən yığılıb qalan qəzəblə hökumət əleyhinə çağırışlara çevrildi.
81 yaşlı Nazarbayev 2019-cu ildə istefa verib, lakin siyasi qüvvə olaraq qalır və onun ailəsinin Mərkəzi Asiyada ən böyük iqtisadiyyata nəzarət etdiyi güman edilir. Etirazlar başlayandan bəri onu nə görüblər, nə də ondan xəbər alıblar.

Nazarbayevin varisi Tokayev bildirib ki, etirazçı dəstələr binaları, infrastrukturu və silahları ələ keçirib:

“Bu, dövlətin bütövlüyünə xələl gətirməkdir və ən əsası, məndən onlara təcili yardım etməyi xahiş edən vətəndaşlarımıza qarşı hücumdur”.

O, həmçinin xarici səfirliklərin və xarici şirkətlərə məxsus bizneslərin dövlət tərəfindən qorunmasına göstəriş verib.

Prezident bu gün Qazaxıstanın dövlət televiziyası vasitəsilə ölkənin milli bankının işçilərinin təhlükəsizliyi üçün bankların işinin dayandırmaq qərarına gəlindiyini açıqlayıb. İğtişaşlar başlayandan ölkədə internet də yoxdur. Çətinliklə, çox az yerlərdə internetdən istifadə mümkündür.

Günlərdir davam edən etirazlarda 8 polis və milli qvardiya əsgərinin həlak olduğu bildirilir. Rusiyanın dövlətə məxsus “Sputnik” Agentliyi yanvarın 5-də Qazaxıstan Daxili İşlər Nazirliyinə istinadən belə bildirib. Rusiya xəbər agentlikləri Qazaxıstan mətbuatına istinadən daha sonra Almatı hava limanında anti-terror əməliyyatı adlandırdıqları əməliyyatda iki əsgərin də həlak olduğunu bildiriblər.

Yanvarın 4-də hökumət etirazları yatırmaq üçün polisi səfərbər edib.
Polis etirazçılara qarşı gözyaşardıcı qaz, rezin güllə, səs qumbaralarından istifadə edib.
Nəticədə etirazlar daha da genişlənib və polis maşınları yandırılıb.

Paytaxt Almatı şəhər administrasiyasının rəhbəri Bakijan Saqintayev yanvarın 5-i gecəyarısı şəhərdə vəziyyəti nəzarətə aldıqlarını bildirib.

Yerli medianın yazdığına görə, 200-dən çox etirazçı saxlanıb, 95 polis əməkdaşı xəsarət alıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Qasım-Jomart Toqayev Konstitusiyanın 70-ci maddəsinə uyğun olaraq hökumətin istefasını qəbul edib.

Baş nazirin vəzifəsi onun birinci müavini Alixan Smailova həvalə edilib.

Nazirlər Kabinetinin hazırki üzvləri yeni hökumət formalaşanadək vəzifələrini icra edəcəklər.

Prezidentin fərmanına əsasən, yanvarın 19-dək Almatı, Manqistau regionları və Janaozendə fövqəladə vəziyyət elan edilib.

Ana səhifəDünyaRusiyanın göndərdiyi hərbi qüvvə Almatıda meydana daxil olub, atəş səsləri eşidilib