Rusiyanın dron hücumu nəticəsində iki ukraynalı jurnalist həlak olub

Foto: Reuters

Ukraynanın şərqində, Kramatorsk şəhərində Rusiya ordusunun dron hücumu nəticəsində iki ukraynalı jurnalist həyatını itirib. Hadisə oktyabrın 17-də baş verib.

Donetsk vilayətinin qubernatoru Vadım Filaşkin bildirib ki, həlak olanlar dövlətə məxsus “Freedom” televiziya kanalının əməkdaşları — Olena Qubanova və Yevgeni Karmazindir. Onların hücum zamanı yanacaqdoldurma məntəqəsində avtomobildə olduqları qeyd olunur.

Olena Qubanova və Yevgeni Karmazin. Foto: uatv.ua

Filaşkinin sözlərinə görə, avtomobil “Lancet” tipli döyüş dronu ilə vurulub. Bu dronlar əsasən tanklara və zirehli texnikalara qarşı istifadə olunur.

Ukraynanın insan haqları ombudsmanı Dmitro Lubinets hadisəni “Rusiyanın mülki şəxslərə qarşı sistematik müharibə cinayətlərinin növbəti sübutu” adlandırıb.

Ukrayna Baş Prokurorluğu hadisə ilə bağlı istintaq başladığını açıqlayıb. Qurum həmçinin hadisə yerindən fotolar paylaşıb — görüntülərdə tamamilə dağıdılmış qırmızı avtomobil və “PRESS” yazılmış iki jurnalist jileti əks olunur. Prokurorluq bildirib ki, onların həmkarlarından biri də yaralanıb.

Ukrayna rəsmilərinin məlumatına görə, 2022-ci ilin fevralında Rusiya işğala başladıqdan bəri döyüş bölgələrində azı 20 jurnalist öldürülüb.

Bu, son aylar ərzində jurnalistlərin dron hücumuna məruz qaldığı ikinci hadisədir. Oktyabrın əvvəlində fransız fotojurnalist Donetsk vilayətində dron zərbəsi nəticəsində həlak olub, onun ukraynalı həmkarı isə yaralanıb.

Ötən həftə isə Rusiyanın dövlət xəbər agentliyi RİA Novostinin hərbi müxbiri Ukraynanın dron hücumu nəticəsində işğal altındakı Zaporojye vilayətində öldürülüb, digər jurnalist isə yaralanıb.

Ana səhifəDünyaRusiyanın dron hücumu nəticəsində iki ukraynalı jurnalist həlak olub