Noyabrın 14-də Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-in məlumatına görə, səfirlikdə gecə saat 01:00 radələrində Kiyevə edilən raket və dron hücumu nəticəsində İsgəndər tipli raketlərdən birinin Azərbaycanın Ukraynadakı səfirliyinin ərazisinə düşməsi ilə bağlı Rusiyaya kəskin etiraz bildirilib və diplomatik nota təqdim edilib.
Nazirlik qeyd edir ki, son partlayış səfirliyin ərazisində ciddi dağıntılar yaradıb: hasarın bir hissəsi tamamilə uçub, inzibati bina və konsulluq şöbəsi zədələnib, xidməti avtomobillər yararsız hala düşüb.
Görüşdə vurğulanıb ki, bu cür hücumlar ilk deyil. 2022-ci ilin martında Azərbaycanın Xarkivdəki Fəxri Konsulluğu hava zərbəsi nəticəsində dağıntıya məruz qalıb. 2024-cü il yanvarın 2-də “Kinjal” raketinin zərbəsi səfirliyin binasına yaxın ərazidə böyük krater yaradıb və partlamamış sursat aşkar olunub. 2025-ci il avqustun 28-də səfirliyin yaxınlığına endirilən növbəti hava zərbəsi nəticəsində bina və səfirin rezidensiyası zədələnib.
Bundan əlavə, 2025-ci ilin 8 və 18 avqust tarixlərində Odessada SOCAR-ın neft bazasına dron hücumları nəticəsində işçilərin xəsarət aldığı və infrastruktura ciddi ziyan dəydiyi xatırladılıb.
Azərbaycan tərəfi bildirib ki, bu faktlar hücumların təsadüfi olub-olmadığı ilə bağlı suallar doğurur.
Eyni zamanda, rəsmi Bakı xatırladıb ki, diplomatik nümayəndəliklərin koordinatları daha 2022-ci ilin aprelində Rusiya tərəfinə təqdim edilib və Rusiya Müdafiə Nazirliyi həmin koordinatların nəzərə alınacağını bəyan edib.
Görüşün sonunda Azərbaycan Rusiyadan baş vermiş hücumlarla bağlı ətraflı araşdırma aparılmasını və izahat verilməsini tələb edib.
Noyabrın 14-nə keçən gecə Rusiya ordusunun Kiyevə təşkil etdiyi genişmiqyaslı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi zərər dəyib.
AZƏRTAC-ın verdiyi məlumata görə, səfirliyin ərazisinə düşən raket böyük yarıq yaradıb. Partlayış nəticəsində binanın divar hissələri uçub, pəncərələr sınıb, diplomatik korpusa məxsus avtomobillər yararsız hala düşüb.
Hadisə yerinə cəlb olunan Ukraynanın aidiyyəti qurumları dağıntıların miqyasını araşdırır.
Bu, Azərbaycanın Kiyevdəki səfirliyinin ilk dəfə ziyan görməsi deyil. Son aylarda paytaxta edilən hücumlar zamanı bina bir neçə dəfə zərbə alıb. Lakin bu dəfəki dağıntı indiyədək qeydə alınanlardan daha geniş və ağırdır. Səfirliyin əməkdaşları arasında xəsarət alan yoxdur.
Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, ballistik raket və dron hücumları nəticəsində azı 4 mülki şəxs həlak olub, təxminən 30 nəfər yaralanıb; yaralılar arasında uşaqlar da var.
Məlumata görə, hücum zamanı 20-yə yaxın ballistik və qanadlı raket, həmçinin 400-dən çox zərbə dronu istifadə olunub.